Kriminal avtoritetin qardaşı həbs olundu
Vətəndaşlar tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi və satışının qarşısının alınması məqsədilə daxili işlər orqanları tərəfindən növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.
Bu barədə Cebhe.info-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.Belə ki, Nəsimi Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsinə Rüfət adlı bir nəfərin üzərində odlu silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub.
Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən şəxs - Şirvan şəhər sakini Rüfət Əmirov saxlanılaraq idarəyə gətirilib.
Onun üzərinə baxış keçirilən zaman bir ədəd “Makarov” markalı tapança, həmin silaha məxsus daraq və 7 ədəd patron aşkar olunaraq götürülüb.
Saxlanılan şəxs ifadəsində tapançanı bir neçə il bundan əvvəl Rusiya Federasiyasından aldığını və qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirdiyini bildirib.
R.Əmirovun ətrafında həyata keçirilən əlavə əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, o, Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə Binəqədi Rayon Polis İdarəsi tərəfindən də axtarışdadır.
Qeyd edilən faktla bağlı Nəsimi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.
***
Bakıda Nəsimi Rayon Polis İdarəsi (RPI) əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı saxlanılmış Rüfət Əmirov “Rafet Əlibayramlinski” kimi tanınan kriminal avtoritet Rafet Əmirovun qardaşıdır.
Report-un məlumatına görə, “Rafet Əlibayramlinski” və qardaşı Rüfət Əmirov hazırda həbsdə olan “Lotu Quli”nin (Nadir Səlifov) adamları kimi tanınır.
Tarix: 11-07-2017, 15:03