Qonşusunu şişlə öldürən şəxs: "O, evə əxlaqsız qadınlar gətirirdi"

Qonşusunu şişlə öldürən şəxs: "O, evə əxlaqsız qadınlar gətirirdi" Bakıda qonşusunu qətlə yetirməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb. Təqsirləndirilən şəxs qonşusunun əməllərindən bezdiyi üçün onu öldürdüyünü deyib.

Hurriyyet.org xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 57 yaşlı Səxavət Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama görə, Səxavət Məmmədov dəfələrlə mübahisə etdiyi qonşusu Müşfiq Şükürova şişlə bir neçə dəfə zərbə endirərək onu qətlə yetirib.

Hadisə Xətai rayonu Neapol küçəsi 24 ünvanında məcburi köçkünlərin məskunlaşdığı yataqxanada baş verib. Cinayətin baş verməsinə səbəb yataqxananın birinci mərtəbəsində yaşayan Ağdam rayonundan olan məcburi köçkün 46 yaşlı Müşfiq Şükürovun qonşusu, Cəbrayıl rayonundan olan məcburi köçkün S.Məmmədovu narahat etməsi olub. Belə ki, M.Şükürov gecə saatlarında belə, televizor və maqnitafona yüksək səs verərək qonşularını narahat edirmiş. S.Mehdiyev çıxış yolunu qonşusunun işığını kəsməkdə görüb. Bundan sonra onların arasında mübahisə qızışıb. Dava zamanı S.Məmmədov balkondan götürdüyü şişlə qonşusunu öldürüb.

İttihama münasibət bildirən Səxavət Məmmədov özünü təqsirli bildiyini deyib. Sərbəst ifadə verən S.Məmmədov qonşusunun nalayiq söyüşlərindən, gecə saatlarına qədər davam edən dava-dalaşından, evə əxlaqsız qadınlar gətirməsindən bezdiyini deyib.

O, bildirib ki, bunlar azmış kimi qonşusu sakinləri də təhqir edirmiş: “Mənim onu öldürmək niyyətim olmayıb. Amma onun hərəkətlərindən hər kəs bezmişdi. Bütün günü içirdi. Gecə televizorun səsini elə verirdi ki, yata bilmirdik. Mən özüm iki dəfə əməliyyat olunmuş adamam. Ağrılardan ancaq gözümü yuma bilirəm. Müşfiq təkcə məni yox, xalqı, milləti, dövləti söyürdü. Balkona çıxıb ağzına nə gəldi danışırdı. Xalqı, dövləti söydüyü üçün qonşular prokurorluğa müraciət edib. Həmin müraciətin sürətini məhkəməyə təqdim edə bilərik. Bu adam hamımızı bezdirmişdi. Siz də məni bağışlayın, evə əxlaqsız qadınlar gətirirdi. Dəfələrlə demişdim ki, hərəkətlərinə fikir ver. Binada qadın, uşaq var. Mən özüm namaz qılanam, ailə üzvlərim də ibadət edir. Həmişə yoldaşım məni şakitləşdirirdi ki, əsəbiləşməyim. Amma hadisə belə oldu".

Qonşusunun problemli insan olduğunu deyən S.Məmmədov onun hərəkətlərindən polisə də şikayət etdiyini qeyd edib: "Polisə gedib ərizə yazdım. Sonra dəfələrlə xahiş elədilər, bacısı evimizə gəldi ki, onu bağışlayaq. Mən də şikayətimi geri götürdüm. Həm də Müşfiq heç öz ailəsi ilə də yola getmirdi. Anası və qardaşı ilə bir yerdə yaşayırdılar. Sonra onlar evdən çıxdı. Səbəb də Müşfiqin hərəkətləri idi. Bunu qonşular da təsdiqləyə bilər. Amma mənim və ailəmin Müşfiqin anası ilə münasibətimiz yaxşı idi. Ona hörmət edirdik".

Qətl baş verən gün yaşananlardan danışan S.Məmmədov söyləyib ki, gecə saat 2-də qonşusunun səs-küyünə yuxudan oyanıb: "Səsdən yatmaq mümkün deyildi. Yuxudan oyanıb aşağı düşdüm. Qapını döyüb sakit olmasını tələb etdim. Yenə başladı ağzına gələn söyüşü söyməyə, dedi əcəb edirəm. Dedim ki, gedib işığına kəsəcəm. Müşfiq də qayıtdı ki, "kəsməyənin var-yoxunu...". Gedib ikinci mərtəbədən işıqlarını kəsdim. Bıçaq götürüb üstümə gəldi. Yenə də söyüş söyürdü. Mən də balkondan kabab bişirəndə istifadə etdiyimiz şişi götürdüm. Qaranlıq idi. Vurmaq istəmirdim. Üstümə gələndə 2-3 dəfə şişi itələdim. Vurmaq istəmirdim, amma o, məni vuracaqdı".

S.Məmmədov uşaqlarına, yoldaşına və yaşına görə peşman olduğunu, işin bu vəziyyətə gəlib çatdığına təəssüfləndiyini deyib.

Məhkəmədə qətlə yetirilən Müşfiq Şükürovun hüquqi varisi kimi tanınan qardaşı Ramin Şükürov da ifadə verib. O, qətli törədənin qonşusu Səxavət olduğunu eşidəndə inanmadığını deyib: "İndi də inana bilmirəm ki, Səxavət belə bir iş görüb. Bizim münasibətlərimiz yaxşı olub. Qonşu kimi hörmətsizliklərini görməmişəm. Qardaşımdan ayrı yaşamağımın səbəbi ailə məsələsidir. Anam bir müddət əvvəl dünyasını dəyişib. Mən də ayrı yaşayırdım. Hadisədən xəbər tutub, evə gəldim".

Ramin Şükürov qardaşının qonşularla problem yaşaması haqda hakimin suallarına əvvəlcə cavab vermək istəməyib. Amma o, sonradan fikrini dəyişərək qardaşının içki içdiyini, sərxoş olduğu halda kimlərləsə mübahisə etdiyini deyib: "Amma Səxavətgillə münasibəti yaxşı idi. Kabab bişirəndə onlara da aparırdı. Belə olanda inanmadım ki, niyə baş verib. Amma hadisədən bir neçə gün əvvəl də mübahisələri olib. Səxavətin oğlanları qardaşımın üstünə gedib".

O, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu deyib.

Məhkəmədə həbs edilən S.Məmmədovun həyat yoldaşı Təranə Əliyeva şahid qismində ifadə verib. Şahid həyat yoldaşının qətli törətməsindən təəssüfləndiyini deyib, amma səbəbkarın mərhumun olduğunu söyləyib: "Biz onun anasına hörmət edirdik. Daim diqqətdə saxlayırdıq. Xətrini çox istəyirdik. Amma Müşfiq problemli adam idi. Onun nə etdiyini qonşular da bilir".

Məhkəmədə şahid qismində təqsirləndirilən şəxsin iki oğlu da dindirilib. Qeyd edək ki, Səxavət Məmmədov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinir./musavat.com/
Tarix: 11-07-2017, 23:56
Xəbəri paylaş





Xəbər lenti