Dubayda adı uşaq oğurluğunda keçən azərbaycanlı beynəlxalq axtarışa verilir - yeni gəlişmə

Dubayda adı uşaq oğurluğunda keçən azərbaycanlı beynəlxalq axtarışa verilir - yeni gəlişmə Vəkil: “Bir anını öz övladından ayrı salan qanunsuz qərarlara imza atmaqla böyük günaha batırlar”

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay Əmirliyinin prokurorluğunda Azərbaycan vətəndaşının adı keçən uşaq oğurluğu ilə bağlı növbəti istintaq hərəkəti keçirilib. Avqustun 24-də baş tutan istintaqa təqsirli şəxs qismində dəvət olunan Davud Bağırov prokurorluğa getməyib. Buna görə də onun barəsində beynəlxalq axtarış qərarının gerçəkləşməsi üçün addımlar atılıb, ı İnterpola müraciət hazırlanmasına qərar verilib. Uşaq oğurluğu faktına görə başlanmış cinayət işi isə məhkəməyə göndərilib. Hazırda iş üzrə təqsirli şəxs qismində istintaqa cəlb olunan Qırğızıstan vətəndaşı Zarina Jaksenbayeva barəsində isə qərar dəyişməyib. O, məhkəmə baş tutana qədər Dubay əmirliyinin ərazisini tərk edə bilməz.

Yada salaq ki, Dubayda bank sektorunda çalışan Qırğızıstan vətəndaşı Merim Beishekeyeva Azərbaycan vətəndaşı Davud Bağırovu onun azyaşlı övladını oğurlamaqda ittiham edir. Merim Beishekeyeva övladı oğurlanandan sonra Dubayın hüquq-mühafizə orqanlarına müraciət edib. Bundan sonra uşaq oğurluğu faktına görə Dubay Prokurorluğunda cinayət işi başlanıb.
M.Beishekeyeva öyrənib ki, azyaşlı övladı Dubaydan Türkiyəyə, oradan isə Azərbaycana gətirilib. Buna görə də o, 2017-ci ilin fevralında Bakıda olub, övladının oğurlanması ilə bağlı ölkə başçısına, baş prokurora, Milli Məclisin sədrinə, ombudsmana AQUP DK-nın sədri Hicran Hüseynovaya müraciətlər ünvanlayıb. M.Beishekiyevanın nümayəndəsi hüquqşünas Abdulla Əfəndizadədir. O, uşaq oğurluğu ilə bağlı mətbuatda dəfələrlə çıxışlar edib və iş üzrə Azərbaycan məhkəmələrində bir neçə iddia qaldırıb.


D.Bağırov onların mətbuatdakı çıxışlarını böhtan hesab edir. Buna görə də xüsusi ittihamçı qismində məhkəməyə üz tutub. Avqustun 23-də onun xüsusi ittihamı üzrə Xətai rayon Məhkəməsində işə baxılıb. Xüsusi ittiham qaydasında çıxış edən D.Bağırov hüquqşünası və keçmiş həyat yoldaşı M.Beishekiyevanın CM-in 147-ci maddəsi ilə təqsirli bilinib barələrində cinayət işinin başlanmasını tələb edir. Məhkəmə xüsusi ittihamı rədd edib.


D.Bağırov bundan əvvəl də hər iki şəxs barəsində Nizami Rayon Məhkəməsinə müraciət edib və onun ittihamını rədd ediblər.


Məsələ ilə bağlı sullarımızı cavablandıran hüquqşünas A.Əfəndizadə deyib ki, D.Bağırovu Dubay prokurorluğuna bir neçə dəfə çağırıblar: “Avqustun 24-də Dubay Prokurorluğunda Merim Beishekeyevanın iştirakı ilə istintaq hərəkəti olub və bu haqda hər iki şəxsə - Davud Bağırova və Zarina Jeksenbayevaya məlumat verilib. Zarina Jaksenbayva istintaqın çağırışına gedib, Davud Bağırov isə artıq neçənci dəfədir ki, istintaqdan yayınır. Biz məsələnin bu yöndə inkişafını istəmirdik. Merim Beishekeyeva 2 ildir ki, azyaşlı övladının həsrəti ilə yaşayır. O, dəfələrlə Davud Bağırova, onun ailə üzvlərinə müraciət edərək övladının ona qaytarılmasını xahiş edib. Bunun əvəzində onu aldadıb uşağını özünə qaytaracaqları vədi ilə Bakıya çağırıblar. Sonradan isə uşağı ona göstərməyib özünü həbslə hədələyiblər. Azərbaycanda onun oğurlanmış övladına qanunsuz sənədlər alınıb, özünə qarşı heç bir əsası olmayan məhkəmə davası açılıb. Bizim əsaslı və qanuni tələblərimiz üzrə isə məhkəmələrin mövqeyi, çıxardıqları qərarlar bir ananın övladına həsrət qalmasını böyük qanunsuzluqlar hesabına təmin etmiş olur. Həmin qərarları çıxarmış hakimlər Merim Beishekeyevanı öz qızları bilsinlər. Bir anının övladından ayrı salan qanunsuz və ədalət anlayışına zidd qərarlara imza atmaqla böyük günaha batırlar. Merim Beishekeyeva namuslu, qeyrətli bir türk qızıdır. Özünün savadı, biliyi hesabına Dubay Əmirliyinin bank sektorunda işləyir, yaşayır. Atası hərbçi, anası isə Qırğızıstan Universitetində dərs demiş türk xanımıdır. Merim xanıma qarşı şər-böhtan baş tutmayanda uşağını oğurlayıb Azərbaycana gətiriblər. İndi də məhkəmələrdə vaxt uzadırlar. Ondan edilən şikayətlər eyni məzmunludur, Merim Beishekeyevanın şərlənməsinə hesablanıb. Guya Merim Beishekeyeva Dubayda insan alveri ilə məşğul olub. Onun bu məzmunlu şikayətini Qırğızıstanın 2 rayon polis idarəsi araşdırıb və əsassız olduğunu dəqiqləşdiriblər. İndi isə Aysel Mamırova adından 3-cü şikayət digər polis idarəsinə təqdim olunub. Həmin şikayətin Davud Bağırovun vəkilinin əlində olması bizdə əminlik yaradıb ki, Aysel Mamırovanı əsassız şikayətlər yazmağa məhz onu idarə edənlər sövq edib. Mən buna təəssüf edirəm, ümid edirəm ki, Azərbaycan dövləti, məhkəmələri qarşı tərəfin planlarının gerçəkləşməsinin qarşısını alacaq. Bir şəxsin üzündən ölkəmizin adının uşaq oğurluğunda hallanmasına imkan verilməyəcək”.


A.Əfəndizadə deyir ki, onlara qarşı xüsusi ittiham qaydasına verilən şikayətlər də vaxt uzadılmasına, Merim Beishekeyevanın barəsində məhkəmə qərarı çıxarılmaqla valideynlik hüququndan məhrum edilməsinə hesablanmış addımdır: “Biz baş verənlərlə bağlı, bizdə olan məlumatlarla bağlı Baş Prokurorluğa şikayətlər etmişik. Çirkli pulların yuyulması ilə da bağlı məlumatlar vermişik. Bizə verdiyimiz məlumatların yoxlanılıb-yoxlanılmaması haqda cavab verilməyib. Belə bir halda eyni məsələ ilə bağlı bizim xüsusi ittiham qaydasında ittiham edilməyimiz də qanuna uyğun deyildi”.


Qeyd edək ki, M.Beishekeyeva Azərbaycan vətəndaşı Davud Bağırovla 2011-ci ildə ailə həyatı qurub. Birgə nikahdan 2 noyabr 2012-ci il təvəllüdlü qızları Ceyla Bağırova anadan olub. ABŞ-ın Nyu-York şəhərində doğulan C.Bağırovaya bu dövlətin vətəndaşlığı verilib. Sonradan ailədə problem yaranıb. Merim Beishekeyeva 14 iyul 2015-ci ildə Dubay İbtidai Şəriət Məhkəməsinə “nikahın pozulması, azyaşlı Ceyla Davud qızı Bağırovanın anasının himayəsində qalması, alimentin tutulmasına” haqda iddia təqdim edib. Məhkəmənin gedişatı zamanı D.Bağırov polisə yalan, böhtan xarakterli məlumatlar verib. Həyat yoldaşının pozğun həyat tərzi yaşadığını, narkotiklərdən istifadə etdiyini, spirtli içki aludəçisi, fahişəliklə məşğul olduğunu bildirib. D.Bağırovun polisə verdiyi məlumatla əlaqədar M.Beishekeyeva saxlanıb, 8-9 saat ərzində onu dindiriblər. Onun narkotik asılılığı, spirtli içki aludəçisi, zöhrəvi xəstəliklərinin olub-olmamasını aydınlaşdırmaq üçün ekspertizalar təyin edilib. Ekspertizaların nəticəsi M.Beishekeyeva haqda şikayətdə göstərilən iddiaların əsassızlığını ortaya qoyub.

M.Beishekeyeva ali təhsillidir, 3 xarici dili yüksək səviyyədə bilir, əvvəllər bank sistemində məsul vəzifələrdə çalışan gənc xanımdır. M.Beishekeyeva dindirmələrlə əlaqədar saxlanıldığı müddətdə D.Bağırov onun yaşadığı mənzilə girib, oradan sənədləri, azyaşlı qızı Ceyla Bağırovanı aparıb. Uşağı 3 oktyabr 2015-ci ildə Dubaydan Türkiyəyə aparıb, oradan isə Bakıya gətirib. Dubay Prokurorluğu uşağın anasının icazəsi olmadan ölkədən çıxarılmasını uşaq oğurluğu kimi qiymətləndirib və müvafiq maddə ilə cinayət işi başlanıb.


E.MƏMMƏDƏLİYEV
P.S. Yazıda adı hallanan hər kəsi dinləməyə hazırıq.

Tarix: 26-08-2017, 08:49
Xəbəri paylaş





Xəbər lenti