Belçikada müsəlman qadının niqabını zorla açmaq istəyən qaıdı polis həbs etdi


Belçikanın Anvers şəhərinə bağlı olan Dörn rayonunda niqablı olduğu üçün müsəlman qadına həqarət edən və zorla baş örtüyünü çıxarmağa çalışan belçikalı qadın saxlanılıb. Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, cümə günü axşam saatlarında Dörndəki Törnhoutsebaanda baş verən hadisə radikal sağçılar tərəfindən sosial medianın gündəminə gətirilib. 

Radikal sağçı Flamand Mənafeyi Partiyasından Jan Van Vesembeek isə Facebook paylaşımında polisin belçikalı qadına qarşı haqsızlıq etdiyini bildirib. Onun fikrincə, polis “sadəcə gözləri açıq olan” bir müsəlman qadının hekayəsini dinləyib və belçikalı qadını 10 yaşlı qızının gözü qarşısında həbs edib. Uşaq isə elə hadisə yerində qalıb.

Amma polis radikal sağçıların iddiaalarını təkzib edib. Polis sözçüsü Villem Migom, “De Standaard” qəzetinə verdiyi açıqlamada həddən artıq içkili olan belçikalı qadının müsəlman qadına hücum etdiyini deyib. Onun dediyinə görə, içkili qadın digər həmcinsinin baş örtüyünü zorla çıxarmağa çalışıb. Baş örtüyü cırılan qadının üzü də xəfif şəkildə yaralanıb.
Jan Van Vesembeek sosial mediada hadisədən sonrakı şəkilləri paylaşıb.

Hücuma məruz qalan qadın polisə verdiyi ifadəsində həqarətə uğradığını da deyib. Belçikalı qadın haqqında “hücum və yaralama”, eləcə də “nifrət və ayrı-seçkiliyə təşviq” suçlamaları ilə iki ayrı hesabat hazırlanıb. Polis sözçüsü saxlanan qadının uşağının da hadisə yerində qoyulmadığını, anasının sevgilisi ilə birlikdə evə göndərildiyini dedi.

Musavat.com xatırladır ki, Belçikada üzü tamamən qapadan niqab və çadra kimi geyimlərin ictimai yerdə geyinilməsi qadağandır. Radikal sağçılar müsəlman qadın niqablı olduğu üçün belçikalı qadının ona xəbərdarlıq etdiyini bildirir. Amma polis sözçüsü Miqom bildirib ki, polis heyəti hadisə yerinə gələndə qadının üzündə niqab olmayıb.

Sevinc, Musavat.com

Tarix: 8-07-2019, 10:37
Xəbəri paylaş





Xəbər lenti