Binəqədi rayonunda dövlət qanunları işləmir — 28 May qəsəbəsində şərqin ilk respublikasının adına belə ləkə vururlar

 



Xocəsən bələdiyyəsinin VER Gİ (get işindəol) sistemi heç feodalizm quruluşunda da olmayıb

“Bu biabırçı kadrlar, biabırçı davranış bizim üçün böyük ləkədir. Mən bu adamlara etibar etmişəm. Mən bu adamları vəzifəyə təyin etmişəm və vəzifəyə təyin edilərkən bir çox tapşırıqlar, tövsiyələr vermişəm. Onların arasında ən vacibi o idi ki, get təmiz işlə, rüşvət alma, vətəndaşlara kobudluq göstərmə, təkəbbürlü olma, vətəndaşlara dayaq ol, arxa ol, kəndləri gəz, bütün vətəndaşlarla ünsiyyətdə ol. Amma nəyi görürük? Onu görürük ki, bütün bu tapşırıqlara rəğmən, bəzi yaramaz icra başçıları həm özlərini, həm bizim iqtidarımızı biabır ediblər. Onların alçaq hərəkətləri ümumi qınaq obyektinə çevrilib. Onların dövlət mülkiyyətini talaması, sahibkarları incitməsi, sahibkarlardan pul alması, hər bir təyinata görə pul alması, məktəb direktorlarından, xəstəxanalardan aylıq haqq alması allahsızlıqdır və onlar bu cinayətlərə görə cavab verəcəklər.”

Cənab Prezidentin səsləndirdiyi bu fikirlərdən sonra hesab etmək olardı ki, məmurlar öz fəaliyyətində dönüş yaradacaq, xalqa doğru addım atacaq, özünü “xalqın birinci xidmətçisi” adlandıran dövlət başçısının sözlərindən nəticə çıxaracaqlar. Amma elə Binəqədi rayonundan Rubrika.Az saytına daxil olan məlumatlara nəzər saldıqda görürük ki, hələ də dərəbəylik metodu ilə işləyən məmurlar iş başındadırlar. Binəqədi rayonunun sakinləri elə binədən məmur zülmü altında inləyiblər. Bu gün isə dünyanın Covid 19 pandemiyasının cəngində əzildiyi, insanların çətin duruma düşdüyü bu məqamlarda Binəqədi rayonunda “burda mənəm,Bağdadda kor xəlifə” prinsipi ilə işləyən məmurlar at oynadırlar. Rayonun qəsəbələri sosial-iqtisadi baxımdan acınacaqlı durumdadır. 28 may qəsəbəsi Binəqədinin ən böyük yaşayış massivlərindən olsa da burada indiyə qədər dövlət qurumları tərəfindən hər hansı iş görülməyib. Antisanitariya, yolsuzluq, işsizlik bu qəsəbənin vizit kartıdır. Sanki ölkədə son illərdə aparılan işlərin bu qəsəbəyə aidiyyatı yoxdur. Sakinlər öz hesablarına kanalizasiya xətləri çəkiblər,yollara çınqıl töküblər. Hətta buna görə qəsəbə icra nümayəndəliyi,bələdiyyəsi sakinlərdən “şirinlik” alıblar. Bax 28 May qəsəbəsində şərqin ilk respublikasının adına belə ləkə vururlar.

 


28 May qəsəbəsində dövlət strukturları ancaq əhaliyə “xərac kəsmək” işinə baxırlar. Burada ev tikmək istəyənlər 3-5 min manat arası xərac ödəməlidirlər. Hətta həyətində ayaqyolu tikmək istəyənlər belə bunun “şirinliyini” verməlidirlər. Xocəsən bələdiyyəsinə daxil olan 28 May qəsəbəsində bələdiyyənin “tikinti qoçuları” xocalıq edirlər. Bələdiyyənin,icra nümayəndəsinin haqqını verə bilməyənlərin tikililəri uçurulur, hədə-qorxu

gəlinir. Xocəsən bələdiyyəsinin Elsevər adlı tikinti işlərinə baxan əməkdaşı ev,hasar uçurmaqla elin “sevgisini” qazanıb.

Rubrika.az saytına daxil olan məlumatlara görə Xocəsən bələdiyyəsinin əməkdaşları rüşvətin, haqq kəsmənin yeni metodunu tapıblar. Orta əsrlərin vergi sistemini xatırladan bu metodla bələdiyyə guya təmiz işlədiyi, sakinlərdən pul almadığı görüntüsü yaradır. Hər hansı bir tikinti işi görmək ,hətta arayış almaq istəyənlərə “vergi xəracı” kəsilir. Hətta elə bir “vergi xəracı” kəsilir ki, əvvəllər alınan aşkar rüşvət bundan şükürlü olur. Saytımızın əməkdaşının hasarının 4 metrlik uçmuş hissəsinin tikintisi üçün Xocəsən bələdiyyəsi 400 manat vergi haqqı yazıb. İndi əməkdaşımız qalıb hasarın bu tayında, “Qoçu Nəcəfqulunun dəstəsi” də hasarın o tayında. 4 metrə 400 vergi alan bir sistem heç feodalizm quruluşunda da olmayıb. Xocəsən bələdiyyəsi və 28 May qəsəbə icra nümayəndəliyi isə bax bu metodla işləyirlər. 4 metr uçmuş hasara icazə verilməsə də “vergisini verənlər” tikinti işlərini asudəliklə görə bilirlər. Əməkdaşımız rayon icra hakimiyyəti əməkdaşları ilə əlaqə saxlasa da Çin səddinə çevrilən hasar problemi həll olunmur ki,həll olunmur.

 


Cənab Prezidentin ortaya qoyduğu siyasi iradə xalqın böyük coşqusu ilə qarşılanır. Artıq xalqa yuxarıdan aşağı baxan məmurlar DTX-nın “qara maskalı” əməkdaşlarının qarşısında boyun bükməyə məhkum olunublar. Binəqədi rayonunda baş verənlər,xalqa edilən haqsızlıqlar sərhəd tanımır. Narazılıq pik həddədir. Rayon rəhbərliyi qəsəbələrdə at oynadan məmurlar ordusuna qarşı sərt tədbirlər görməlidir. Dövlət başçısının tövsiyyələrini qulaq ardına vuran,əhaliyə zülm edən,talayan belələrinə aman verilməməlidir. Binəqədinin binəsinə haram qatanlara qarşı ən sərt tədbirlər görülməlidir.

Mövzunu diqqətdə saxlayacağıq.

Nicat Mahmudov
Rubrika.Az
Tarix: 2-06-2020, 17:01
Xəbəri paylaş





Xəbər lenti