Polisə zibil atılan binaya çevik polis daxil olub - sakinlər saxlanılır - VİDEO


 
Sosial şəbəkələrdə çevik polis alayının Bakıda vətəndaşların mənzillərinə yeridilərək onları yataqdan, çılpaq halda aparması ilə bağlı video yayılıb.
Yeniavaz.com
-un xəbərinə görə, videoda iddia olunur ki, dünən sərt karantin rejimi zamanı saxlanan Yasamal rayonu Dadaş Bünyadzadə küçəsində yaşayan bina sakininin aparılmasına görə polisin başına zibil atan sakinlərin yaşadığı mənzillərə bu gün çevik polis alayı yeridilib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidovla əlaqə saxladıq. Yeniavaz.com-un əməkdaşı 08:28-də DİN-in mətbuat xidmətinə zəng etməsinə Ehsan Zahidov belə cavab verdi: “Ayıb deyil bu vaxtı zəng eləmisən?”.
Yayılan videoya rəsmi münasibət öyrənmək üçün Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyevlə də əlaqə saxladıq. E.Hacıyev Yeniavaz.com-a bildirdi ki, onda bu barədə məlumat yoxdur: “Mən də həmin videonu gördüm, orada tədbir keçirilməsi ilə bağlı məlumatım yoxdur. DİN-in mətbuat xidməti ilə əlaqə saxlayın”.
Xatırladaq ki, bu gün səhər saatlarında Bakının Yasamal rayonu Dadaş Bünyadzadə küçəsində yerləşən yaşayış binasına 200-ə yaxın çevik polis alayının yeridilməsi ilə bağlı videolar yayılıb.
Qeyd edək ki, 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində hərəkət sərt karantin rejimi tətbiq edildiyinə görə məhdudlaşdırılmışdı. Sərt karantin rejimi müddətində DİN əməkdaşlarının  karantin qaydalarını pozan vətəndaşlarla olan “qaçdı-tutdu” videoları sosial şəbəkədə yayılıb. Həmin videoların birində polis əməkdaşları bir nəfəri yaşayış binasının qarşısında avtomobilə otuzdurmaq istəyir, buna etiraz edən bina sakinləri avtomobilin üstünə zibil atırlar.
Tarix: 8-06-2020, 09:02
Xəbəri paylaş





Xəbər lenti