“Ayıbına kor olmayan” İran Azərbaycanı yenə hədələdi - ermənisifət səfirdən yekəxanalıq


Zohuri başından böyük qələt edərək “İran ona problem yaratmağa çalışan kiçik dövlətlərin üzünə balaca bir şillə tutuzdura bilər” hədyanı səsləndirib, Zəngəzur dəhlizinin açılmasına imkan verilməyəcəyini deyib; Azərbaycan molla rejiminin uda biləcəyi “tikə” deyil və “iki qardaş” yumruğu bəs edər... - Analitiklərin şərhi

Terrorçu mahiyyəti artıq heç kimdə şübhə doğurmayan, öz əhalisinə qarşı belə amansız olan İran anti-islam rejimi Azərbaycana qarşı düşmən münasibətini bütün gücüylə davam etdirir. Bu dəfə İranın İrəvandakı səfiri Abbas Badaşxan Zohuri ağzına gələni danışıb, Azərbaycana diş qıcayıb.
“Yeni Müsavat”ın erməni mediasına istinadən verdiyi xəbərə görə, iki “qardaş”ın - İranla Ermənistanın Azərbaycanın sərhəd bölgəsində (Laçın-Qubadlı istiqaməti) birgə hərbi təxribata hazırlaşması ilə bağlı yayılan və konkret faktlara, o cümlədən SEPAH-la bağlı dəlillərə əsaslanan xəbər səfirdə əməlli-başlı qaşınma yaradıb. Və konkret faktları təkzib eləmək əvəzinə, Azərbaycanı hədələyib.
“İran rəhbərliyi müdrikdir və bəzi kiçik dövlətlərin (Azərbaycanı nəzərdə tutur! - red.) hər hansı təxribatına boyun əymir. Ermənistan və İran bütün sahələrdə sıx əməkdaşlıq edir və əməkdaşlıq haqqında məlumatların açıqlanmadığı sahələr varsa, belə də olmalıdır”, - Zohuri bildirib.
Səfir bunu İrəvanda ikitərəfli münasibətlərə dair elmi konfransda bildirib.
“İran ona problem yaratmağa çalışan kiçik dövlətlərin üzünə balaca bir şillə tutuzdura bilər. Amma İran hakimiyyəti emosiyaların təsiri altında hərəkət etməməyə üstünlük verir və öz hərəkətlərində kifayət qədər müdrik və təmkinlidir”, - deyə Zohuri özündənrazı şəkildə söyləyib.
Onun iddiasına görə, İran guya heç vaxt bölgədə gərginlik yaratmaq istəməyib və indi də istəmir. O, mətbuatı “əlavə gərginlik yarada biləcək səs-küylü başlıqlar və məqalələr” axtarmamağa çağırıb. Ardınca isə deyib: “İranın bölgədəki siyasəti heç bir zərər verməmək və sabitliyi təşviq etməkdir. Rəqiblərə oyunu başlatmaq icazəsi verilməməlidir. Oyunu özün başlamalı və özün aparmalısan (? - red.) İran və Ermənistanın əleyhdarları xaos yaratmaq və iki ölkə rəhbərliyinin diqqətini yayındırmaq istəyirlər. Bu cəhdlərə qarşı ən effektiv mübarizə Ermənistan və İranın koordinasiyalı hərəkətləri, o cümlədən daimi məlumat mübadiləsidir... Tehran sərhəd hadisələrinin inkişafını diqqətlə izləyir, İran və Ermənistan bütün sahələrdə çox sıx əməkdaşlıq edir”.
Səfir habelə “İran və Ermənistanın Zəngəzur dəhlizinin açılmasına imkan verməyəcəyini” deyib və bununla da faktiki 10 noyabr üçtərəfli sənədini şübhə altına alıb.
Göründüyü kimi, iranlı diplomat sərhəddə hərbi təxribat xəbərini əslində təkzib eləməyib. Necə ki, keçən ilin dekabrında Qarabağa 47 iranlı diversantların keçməsini də rəsmi Tehran bu günədək təkzib etməyib, notamıza cavab verməyib.
Diplomat üstəlik, həyasızcasına iddia edir ki, İran guya heç vaxt bölgədə gərginlik yaratmaq istəməyib və indi də istəmir. Hər şey qırağa, bəs Tehrandakı səfirliyimizə 27 yanvar terror hücumu necə olsun? Bu, bölgədə gərginlik yaratmaq cəhdi deyildisə də, nə idi? Qatil-terrorçunu dərhal televiziyalara çıxarıb sonra da yalandan dəlixanaya salmaqla fars rejimi kimin gözünə kül üfürür?
O ki qaldı “şillə” məsələsinə, buna fars-molla rejiminin hünəri çatmaz. Çünki bədəlini çox ağır və ağrılı ödəyər. Qarşılığında “dəmir yumruq” və ya “iki qardaş yumruğu” yeyər. Azərbaycan səfirin düşündüyü qədər də kiçik, İranın uda biləcəyi “tikə”, yaxud “şillə” ata biləcəyi ölkə deyil. Çoxdan deyil. Bunu səfir və onun Tehrandakı yiyələri nə qədər tez anlasa, bir o qədər özləri üçün yaxşı olar!

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu ümumiyyətlə, İrəvanda bir neçə gün əvvəl Ermənistan-Rusiya münasibətlərinə dair keçirilmiş dəyirmi masanın ardınca bu dəfə Ermənistan-İran münasibətlərinə dair müzakirələrin təşkilinə diqqət yönəldib: “Birinci dəyirmi masada erməni ekspertlər Rusiyanın siyasətindən narazılıqlarını ifadə edir, Moskvanın Ermənistanı lazım qədər müdafiə etmədiyini bildirirdilər. İranla bağlı dəyirmi masadan isə erməni ekspertləri razı qalıblar. Çünki dəyirmi masada İranın Ermənistandakı səfiri Abbas Badahşan Zahuri ermənilərin eşitmək istədiklərini deyib.
Birincisi, səfir deyib ki, İran və Ermənistan Zəngəzur dəhlizinin əleyhinədirlər. İranlı diplomat bu sözləriylə dəhlizin açılmamasının Ermənistanın da maraqlarına zidd olduğunu iddia edib. Halbuki Ermənistan baş naziri Nikol Paşinyan eyni gündə açıqlama verib ki, Azərbaycana uzanan nəqliyyat yollarından istifadənin əleyhinə deyil, sadəcə, bu dəhlizin statusu ətrafında fikir ayrılığı mövcuddur.
İkincisi, səfir deyib ki, sərhədlər dəyişdirilməməlidir. Yəni iranlı diplomat Azərbaycanın Ermənistanla təmas xəttində mövqelərinin möhkəmlənməsindən Tehranın narazılığına işarə edib. Bəllidir ki, azərbaycanlı hərbçilər təmas xəttindəki yüksəklilərdən Ermənistanı İranla birləşdirən yollara nəzarət etmək imkanına malikdir. Azərbaycanın təmas xəttindən geri çəkilməsi Ermənistanla yanaşı İranın da imkanı xaricindədir.
Üçüncüsü, səfir deyib ki, yaxın müddətdə Ermənistanın Təbrizdə konsulluğu açılmalıdır. Tehran uzun illər Təbrizdə Azərbaycan konsulluğunun açılmasına icazə vermədi, xeyli ləngimədən sonra fəaliyyətə başladı, indi isə Azərbaycan şəhərində Ermənistan konsulluğunun açılmasını sürətləndirmək istəyir. Rəsmi İrəvanın Azərbaycan şəhərində Ermənistan konsulluğunun onlar üçün faydalı olacağını hesablamasına ehtiyac var".

Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov hesab edir ki, Paşinyan-Makron-Rəisi arasında Nikolun vasitəçiliyi ilə dolayısı yolla gizli anlaşma var: “Ermənistan baş nazirinin ayrı-ayrılıqda Fransa və İran liderləri ilə gəldiyi razılığa əsasən bölgəyə Aİ xüsusi nümayəndələri yerləşdirilir və Tehran nəinki buna etiraz etmir, hətta alqışlayır. Niyə? Çünki İran Zəngəzur dəhlizinin açılmasını və Qərbi Zəngəzurda sərhəd dəyişikliklərinin olmaması üçün hər vasitəyə hazırdır. Hətta ötən ilin sentyabrın 13 - 14 günlərində məhz İran ordusunun iştirakı ilə Ermənistan ordusunun postumuza Azərbaycan sərhədi istiqamətinə hücum etdiklərini istisna etmirəm. İran İslam Respublikası Fransa polisinin və digər Aİ ölkələrinin Ermənistana gəlişi ilə qırmızı cizgi saydığı Qərbi Zəngəzurda özünü Azərbaycan ordusu ilə toqquşmadan sığortalayır və ümid edir ki, avropalıların gəlişi Azərbaycanın istəklərinin reallaşmaması ilə nəticələnəcək.
Elə buna görə Tehran 30 ildə ilk dəfə olaraq NATO və Aİ dövlətlərinin xüsusi nümayəndələrinin Cənubi Qafqaza gəlişinə nəinki etiraz etmir, hətta razılığını Paşinyana verir. Bu addım Rusiya və İran arasında Ermənistanla bağlı son iki ildə ilk belə fikir ayrılığı deyil. Hərçənd Rəisi hakimiyyəti müasir İran tarixində ən uğursuz xarici siyasət yürüdən administrasiya kimi tanındı. Tehran bilməlidir ki, Paşinyanın məqsədi gələcəkdə təkcə Rusiyadan deyil, həm də İrandan xilas olmaqdır".
Ekspertin fikrincə, ilk baxışdan görünməsə də, Aİ xüsusi missiyasının İranın Paşinyana xeyir-duası ilə Qərbi Zəngəzura gəlməsinin nəticəsi Azərbaycanın deyil, Azərbaycana qarşı məkrli siyasət quranlar üçün iflas ilə nəticələnəcək: “Və artıq nəticələnməkdədir. Artıq Laçın dəhlizində giriş-çıxış Azərbaycanın nəzarətindədir və bundan sonra belə də olacaq. Güman edirəm ki,  bir neçə həftə ərzində daha bir tələbimizin reallaşmasının ictimaiyyətə açıqlanmasını izləyə bilərik. Yaxın vaxtlarda, Vardanyanla bağlı yeni xəbərin gələcəyini istisna etmirəm”.

Politoloq Yeganə Hacıyevanın sözlərinə görə, İranın Ermənistandakı səfiri İran-Ermənistan münasibətlərinə həsr edilən tədbirdə Azərbaycanı hədələyib: “Zohuri deyib ki, İran ona ”problem yaratmağa" çalışan kiçik ölkələri cəzalandıra bilər. İranın Ermənistandakı səfiri eyni zamanda qeyd edib ki, Tehran Avropa İttifaqınin müşahidəçi missiyasının adı altında Fransa jandarmlarının Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsinin əleyhinə deyil. İranın Ermənistandakı səfiri Zəngəzur dəhlizinin açılmasını İranın öz maraqlarına birbaşa hədə kimi gördüyünü, Ermənistanın isə maraqlarına cavab vermədiyini bildirib. Cənubi Qafqazda vəziyyətin dəyişməsindən İran o qədər başını itirib ki, onun nümayəndələri artıq ifadələr seçmirlər, fikirlərini riyakarlıqla pərdələmirlər, hər sözü açıq danışırlar. Sonra da onların bizim ölkədəki agentura şəbəkələri deyir ki, İran elə demədi, belə dedi, səfirliyə qarşı terror hücumunu İran təşkil etmədi, üçüncü ölkə təşkil etdi və s. Bu qədər açıq-aydın hər şeyi özləri deyir".
Emil SALAMOĞLU
Tarix: 11-02-2023, 10:05
Xəbəri paylaş





Xəbər lenti