"DYP altı aydır təmirdə olan maşınıma cərimə yazıb" - ŞİKAYƏT - Yenilənib




Suraxanı rayon sakini Fidan Məmmədovanın təmir sexində olan avtomobili qanunsuz olaraq cərimlənib.

Bu barədə Bakupost.az -a Fidan Məmmədova özü bildirib.



Şikayətçinin sözlərinə görə, avtomobilinin mühərrik və sürət qutusunda problem yaranıb. Bu səbəbdən avtomobil 6 aydır ki Suraxanı rayonunda servisdədir:


"Qeyri-işlək vəizyyətdə olmasına baxmayaraq, mənə məxsus 90 NP 019 nişanlı avtomobilə texniki baxışdan keçmədiyinə görə 50 manat cərimə yazılıb. Bu cərimə hər 20 gündən bir təkrarlanır. Faktiki olaraq, avtomobil işləmir, ondan istifadə etmirəm. Təmirdə olduğu üçün texniki baxışa aparmağım da mümkün deyil. Bu halda niyə cərimə olunmalıyam?"




Şikayətçi onu da bildirib ki, məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin “Qaynar xətt - 902” xidmətinə dəfələrlə zəng etsə də, əlaqə yarada bilməyib:


"Bu xidmət pulludur. Hər dəfə zəng edirəm, balansımdan pul çıxılır, amma zəngimə cavab verən yoxdur. Bu səbəbdən “102” xidmətinə müraciət etmişəm, hələlik bir cavab yoxdur".


Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi ilə əlaqə saxladıq.

İdarədən bildirildi ki, qeyd olunan məsələ araşdırılacaq: "Araşdırmanın nəticəsinə uyğun olaraq, tədbir görüləcək".


***
17:45

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən Bakupost.az-a açıqlama verilib.


Bildirilib ki, şikayətçinin iddiaları əsassızdır:
“Qeyd edək ki, sürücülərə dəfələrlə edilən müraciətlərə baxmayaraq hələ də bəzi nəqliyyat vasitələrinin sahibləri müxtəlif bəhanələrlə avtomobillərini qanunla nəzərdə tutulduğu qaydada texniki baxışa təqdim etməkdən imtina edirlər. Bu isə həmin sürücülərin inzibati qaydada məsuliyyətə cəlb olunması ilə nəticələnir.

Qeyd edilən məsələ ilə bağlı isə nəzərinizə çatdıraq ki, 90-NP-019 dövlət qeydiyyat nişanlı avtomobilin guya 6 aydır ki, təmirdə olduğu üçün idarə edilməməsi ilə bağlı səsələndirilən iddialar tamamilə əssasızdır. Çünki,həmin avtomobilin paytaxtın Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi ərazisində bu ilin aprel ayı ərzində hərəkətdə olması dəfələrdə xüsusi texniki vasitələrlə qeydiyyata alınıb. Buna baxmayaraq sürücünün müraciəti nəzərə alınaraq onun barəsində avtomobilin texniki baxışa təqdim olunmamasına ilə bağlı tərtib edilən elektron protokol artıq ləğv edilib. Sürücünün diqqətinə çatdırırılıb ki,avtomobilin texniki baxışa təqdim edilmədən yenidən hərəkətdə olması xüsusi texniki vasitələr tərəfindən qeydiyyata alınsa barəsində yenidən elektron protokol tərtib olunacaq.

Bir vacib məqamı qeyd edək ki, avtomobilin texniki baxışdan keçirilmədiyi və yaxud digər yol hərəkəti qaydaları pozuntuları xidməti ərazidə dislokasiya olunmuş yol patrul avtomobilində quraşdırılan “İ-Patrul”lar vasitəsilə də avtomatik olaraq qeydə alınır.

Həmçinin, avtomobillərin texniki baxışdan keçirilməsi təkcə yol hərəkəti iştirakçılarının təhlükəsizliyi üçün yox, həmçinin ictimai-asayişin qorunması və cinayətlərin qarşısının alınması üçün də qanunla nəzərdə tutulan vacib tələblərdən biridir.
Sürücülərin diqqətinə çatdırılır ki, avtomobillərini texniki baxışdan keçirməyənlər, həmçinin qeyd olunan qayda pozuntularına yol verən şəxslər İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunurlar. Əgər həmin sürücü 20 gün ərzində avtomobilini texniki baxışa təqdim etməzsə, yenidən cərimə olunur.

Sürücülər avtomobillərinin texniki baxışa təqdim edilməsi barədə onları maraqlandıran məsələlərlə bağlı operativ məlumat almaq üçün 012-590-71-13 nömrəsi və “902” qaynar xətti ilə əlaqə saxlaya bilərlər.”.




Tarix: 11-05-2023, 22:33
Xəbəri paylaş





Xəbər lenti