Avropa İttifaqının Bakıdakı səfirinin imzası saxtalaşdırılıb: 1 milyonluq mənimsəmə


Avropa İttifaqının Bakıdakı səfirinin imzası saxtalaşdırılıb: 1 milyonluq mənimsəmə

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyində 1 milyon manatlıq mənimsəmə olduğu iddia edilir. Bununla bağlı cinayət işi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.

Bizimyol.info xəbər verir ki, yeyintidə ittiham olunan isə uzun müddət Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyində mühasib işləmiş Zərifə Abbasovadır. O, Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko və təşkilatın daha bir diplomatının imzalarını, möhürünü ələ keçirib, hesablardakı vəsaitləri mənimsəməkdə təqsirləndirilir.
Zərifə Abbasova Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham olunur. Bu maddələrdə 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
O, hazırda həbsdə deyil, barəsində istintaq və məhkəmə dövrü üçün başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.
Mayın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyilə keçirilən məhkəmə iclasında prokuror ittiham aktını elan edib. Orada göstərilib ki, Zərifə Abbasova 1 mart 2008-ci ildən 18 yanvar 2023-cü ilə qədər Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyində mühasib işləyib.
İttihama əsasən, yeyinti halları 2017-2022-ci illər ərzində baş verib.
“Zərifə Abbasova saxta ödəniş tapşırıqları vasitəsilə müxtəlif vaxtlarda pulları özünün əməkhaqqı kartına köçürərək, təşkilata məxsus 983 min 254 manatı mənimsəyib”, - ittihamda belə yazılıb.
İttihama münasibət bildirən Zərifə Abbasova deyib ki, özünü qismən təqsirli bilir. Onun sözlərinə görə, 983 min manat yox, təşkilatın 50 min manat pulunu mənimsəyib. Zərifə Abbasova ətraflı ifadə vermək istəməyib. O bildirib ki, hazırda səhhəti buna imkan vermir.
Onun vəkili Əlövsət Abbasov deyib ki, hüquqlarını müdafiə etdiyi şəxsin sağlamlıq problemi olduğunu görə xəstəxanada müalicə alıb, mayın 8-də evə buraxılıb: “Hazırda evdə müalicəsini davam etdirir. Zərifə Abbasova indi ifadə verməyə hazır deyil. Onun müalicəsini davam etdirə bilməsi, həmçinin ifadə verməyə hazırlaşması üçün iki həftə vaxt verməyinizi xahiş edirik”.
Məhkəmə Zərifə Abbasovaya iyunun 1-nə qədər vaxt verib.
Tarix: 11-05-2023, 22:52
Xəbəri paylaş





Xəbər lenti