Cəlilabad sakini silah və narkotiklə Ucarda saxlanıldı -FOTO


Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat 
tədbirləri nəticəsində xarici ölkə vətəndaşına kuryerlik edən Cəlilabad rayon 
sakini, əvvəllər dəfələrlə məhkumluq həyatı yaşamış, hal-hazırda isə sonuncu dəfə 
törətdiyi cinayət əməlinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum 
edilmiş Elşən Əzimov rayonun Qarabörk kəndi ərazisində saxlanılıb.

Onun əlində olan torbaya keçirilən baxış zamanı 1 ədəd atəşə yararlı AK-74 
markalı avtomat və 1 ədəd daraq, üzərindən isə narkotik maddə olan heroin 
aşkarlanaraq götürülüb.
Aparılan araşdırmalar zamanı məlum olub ki, E.Əzimov sosial şəbəkələr 
vasitəsilə tanış olduğu "Əkbər" adlı İran vətəndaşı ilə razılığa gələrək, Ucar rayonu 
ərazisində qabaqcadan gizlədilən silahı 1200 manat pul müqabilində Bakı şəhərinə 
çatdırmalı imiş. Əvvəlcədən deyilən ərazidən silahı götürüb təyin olunan yerə 
aparmaq istəyən zaman isə o polis əməkdaşları tərəfindən yaxalanıb.
RPŞ-nin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin 
qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı keçirilən əməliyyat tədbirləri 
zamanı isə dörd nəfər – H.Rüstəmov, S.Kərimli, Ş.Xuduyev və R.Məmmədov 
saxlanılıblar. Həmin şəxslərdən müxtəlif çəkilərdə narkotik vasitə heroin və 
marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktlarla bağlı Ucar Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
SİAM.AZ
Tarix: 28-06-2023, 08:28
Xəbəri paylaş





Xəbər lenti