Müstəqil jurnalist yenidən həbsə alındı – yaxınları şərləndiyini iddia edir

 
Müstəqil jurnalist, Sarkazm.az saytının redaktoru Zaur Qənbərov Gəncə Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Zaur Qənbərovun yaxınları bildirirlər ki, onu İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısının müavinin sifarişi əsasında şərləyiblər
 
Müstəqil jurnalistin yaxınlarının bildirdiyinə görə hadisə belə olub: “Zaur onun barəsində araşdırma aparıb özünün sosial şəbəkədəki hesablarında yaymışdı. Bundan sonra icra hakimiyyətindən ona mesaj yazıb araşdırmasını sosial şəbəkədəki hesabından silməsini tələb etmişdilər. Əks halda... 
 
Avqustun 1-də Zaur idarə etdiyi “Hyundai” markalı avtomobil ilə hərəkətdə olarkən “Chevrolet” markalı avtomobil yol hərəkəti qaydalarını kobud surətdə pozaraq qarşısına keçib və qəfil tormoz verib. Zaur qəzadan yayına bilib və yoluna davam edib.  “Chevrolet” markalı avtomobilin sürücü bu dəfə onun avtomobilini arxadan vurub. Digər maşında 2 nəfər yaşlı adam olub. Onlar maşından düşərək Zauru nalayiq ifadələrlə təhqir ediblər. 
 
Əlimizdə bunu sübut edən səs yazıları da var. Zaur deyir ki, həmin maşında olanlar ilk olaraq maşını onun maşınının qarşısına verib tormozlamazdan əvvəl onlardan şübhələnib. Ona görə də maşını aşağı sürətlə, yolun kənarı ilə idarə edib. Başa düşüb ki, adamlar onu güdür, pis niyyətləri var. Bu baxımdan da telefonda diktafonu açıb, baş verə biləcək hadisə zamanı səsləri yazsın. Həmin adamlar Zaurun maşınını vurandan sonra onu təhqir ediblər. Səs yazısında onların Zauru təhqir etməsi var”.
 
Müstəqil jurnalist Zaur Qənbərovun yaxınları deyir ki, o, səs yazısını Gəncə Polis İdarəsinin səlahiyyətli şəxsinə təqdim edib. Həmin şəxs səs yazısını dinləyəndən sonra səsi telefondan silib: “Zaurun barəsində 3 aylıq həbs qəti imkan tədbiri seçiblər. Hazırda Gəncə İstintaq Təcridxanasında sifarişli həbsinə etiraz əlaməti olaraq aclıq aksiyası keçirir. Şərlənməsini sifariş edən vəzifəli şəxslərin adları, kimlikləri barədə  ölkə rəhbərliyinə müraciət hazırlayır. Həmin müraciəti mətbuata da ötürəcək”.
 
Müstəqil jurnalist Zaur Qənbərovun yaxınları deyir ki, ona qarşı Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi başlanıb və məhkəmənin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib: “Maşını vurulan da, tutulan da Zaurdur. Zauru sırf peşə fəaliyyətinə görə sifarişlə həbs ediblər. Həbsindən əvvəl İsmayıllının icra başçısının  müavini Mahmud Süleymanov barəsində yazılar yazıb. Onu buna görə təhdid ediblər. Həbsindən sonra Mahmud Süleymanovun katibəsi işçilərə tort dilimləri paylayıb. Bu gün də Zaurun mobil telefonunu, maşınını vermirlər”.
 
Müstəqil jurnalistin yaxınları ölkə rəhbərliyinə, hüquq müdafiəçilərinə müraciət etməklə onun şərlənməsinin qarşısının alınmasını, günahkarların cəzalandırılmasını xahiş ediblər. 
 
Qeyd edək ki, Zaur Qənbərov 2020-ci il mayın 4-də Anews.az xəbər portalının bölgə müxbiri olaraq Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Gədəbəy rayon şöbəsinin binasında yaranan insidentlə bağlı həbs edilmişdi. O zaman   jurnalistə hücuma səbəb COVİD-19 pandemiyası dövründə yardımın ədalətli paylanmaması haqqında video olub. Sonradan barəsində hazırda olduğu kimi  Cinayət Məcəlləsinin 221.3 maddəsi (xuliqanlıq-silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə ilə cinayət işi başlanmış, Gədəbəy Rayon Məhkəməsi tərəfindən 3 il 6 ay azadlıqdan məhrum edilmişdi. 5 ay sonra isə apelyasiya instansiyasından azad edilmişdi.



Tarix: 21-08-2023, 22:58
Xəbəri paylaş





Xəbər lenti