Bağçada uşağa şiddət - Müdir və müəllim işdən çıxarıldı - Yenilənib



Sosial şəbəkələrdə tərbiyəçi-müəllimin azyaşlıya şiddət göstərməsi ilə bağlı görüntülər yayılıb. Videoda müəllimin uşağı döyərək ona “Kəs səsini. Aşağı düşsən, səni boğub öldürərəm”, deməsi əks edilib. Görüntülərdə eyni zamanda azyaşlının şiddətə qarşılıq olaraq ağlamasını da eşitmək mümkündür.
Hadisənin Sabunçu rayonunda 310 nömrəli uşaq bağçasında lentə alındığı qeyd edilib.
Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən sorğumuza cavab olaraq bildirilib ki, sözügedən uşaq bağçasında tərbiyəçi-müəllimin uşağa qarşı uyğunsuz davranışı ilə bağlı araşdırma aparılıb.
Qeyd olunub ki, təlim-tərbiyə prosesinə uyğun olmayan bu kimi halların yolverilməzliyi nəzərə alınaraq tərbiyəçi-müəllim vəzifəsindən azad edilib. 
“Həmçinin əmək məcəlləsinin müvafiq maddəsinə əsasən 310 nömrəli uşaq bağçası müdirinin səlahiyyətlərinə xitam verilib".
“Məktəbəqədər təhsil müəssisələrində müvafiq məsələlərin tənzimlənməsi zamanı uşaqların psixoloji zərər görməməsi əsas amil kimi diqqət mərkəzində saxlanılır, bu istiqamətdə zəruri maarifləndirmə işləri görülür”, - deyə məlumatda qeyd edilib. 

Tarix: 13-07-2024, 08:34
Xəbəri paylaş





Xəbər lenti