“SOCAR-da işləyən vəzifəli şəxslərə rüşvət verəcəm” deyərək 600 minlik dələduzluq edən şəxslə bağlı QƏRAR


Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Anar Əhmədovun barəsindəki hökmdən yenidən verilən apellyasiya şikayətinə baxılıb.
 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.
 
İttihama görə, Anar Əhmədov aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə xeyli və külli miqdarda ziyan vurmaqla ələ keçirərək təkrarən dələduzluq edib, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə qeyrilərini təkrarən təhrik edib. Belə ki, o, 2020-ci ildə tanışlarına söhbətləri zamanı özünün guya yüksək gəlirli biznes fəaliyyəti ilə məşğul olmaqla Dövlət Neft Şirkətində (SOCAR) yüksək vəzifədə işləyən şəxslərlə münasibətlərinin olduğunu, həmin əlaqələrindən istifadə edərək, SOCAR-ın tabeliyində olan Bakı Neft Maşınqayırma zavodunda, eləcə də digər zavodlarda olan neft avadanlıqlarının ehtiyat hissələrinin satılması ilə bağlı sifarişləri qəbul etdiyini, həmin sifarişlər əsasında qeyd olunan avadanlıqların ehtiyat hissələrini SOCAR-la əməkdaşlıq edən “Bahar Enerji” şirkətinə, o cümlədən digər zavodlara satdığını bildirərək, biznesinə investisiya qoyulacağı təqdirdə ümumi əldə ediləcək 14 faiz gəlirin təxminən 8-10 faizinin özlərinə çatacağını, yerdə qalan hissənin isə SOCAR-da işləyən tanış vəzifəli şəxslərə rüşvət kimi veriləcəyini yalandan deyib. Anar Əhmədov bu yolla zərərçəkmişlərdən ümumilikdə 593 963 min manat pulu dələduzluq yolu ilə ələ keçirib. Daha sonra verdiyi vədə əməl etməyib və zərərçəkmişlərin şikayəti əsasında saxlanılıb.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Sonra Baş Prokurorunun müavini apellyasiya protesti verib. Protest təmin olunub, iş üzrə Anar Əhmədovun Cinayət Məcəlləsinin 178.3.2-ci və 32.4, 312.2-ci maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının hökmü təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 178.3.2-ci və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib. Ona verilmiş ittihamdan Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddələri xaric edilib və Cinayət Məcəlləsinin 32.4, 312.2-ci və 66.3-cü maddələri ilə cəza təyin edilməsinə dair müddəalar hökmdən xaric olunub. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək, Anar Əhmədova 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Hökm qalan hissələrdə apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılıb.
 
Daha sonra təqsirləndirilən şəxslər və zərərçəkmişlərdən bir neçəsi apellyasiya şikayəti verib.
Tarix: 23-07-2024, 11:19
Xəbəri paylaş





Xəbər lenti