Azərbaycanda vəzifəli şəxs xəstə oğlanı məcburi çobanlıq etdirib


Sumqayıt Ağır Cinayətlər Məhkəməsində məcburi əməkdə təqsirləndirilən Nəsib Nəsibov və Sənubər Əsədovanın (soyadı şərti) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
 
Pravda.az-ın etdiyi məlumata görə, hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 
Məhkəmənin hökmü ilə hər iki şəxsə şərti cəza verilib.
 
İttihama görə, Nəsib Nəsibov Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının Cəfərbəyli kənd inzibati-ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışır. O, Sənubər Əsədovanın ərinin bacısı oğlu R.Cəfərovu məcburi əməyə cəlb edib. Valideynlərini uşaq yaşlarından itirmiş, yüngül dərəcəli əqli gerilik xəstəliyi olan zərərçəkmiş R.Cəfərov qardaş və bacıları ilə birlikdə dayısının himayəsində böyüyüb. Ferması olan Nəsib isə 2016-cı ildən 2021-ci ilə qədər R.Cəfərovu Sənubərə ayda 100 manat, sonralar isə 150 manat pul ödəməsi şərti ilə əməyini istismar edib. Belə ki, qadın onu 2016-cı ilin sonlarında Nsəibin yaşadığı Ağcabədi rayonu Cəfərbəyli kəndində yerləşən həyətyanı sahəsində iri və xırdabuynuzlu heyvanlarına baxmaqla çobanlıq etmək adı ilə təhvil verib. R.Cəfərov vəzifəli şəxsin fermasında əmək müqaviləsi bağlamadan, onun özünə şəxsən əmək haqqı ödəmədən çalışıb. R.Cəfərovun şikayətindən sonra isə hər iki şəxs cinayət məsuliyyətinə cəlb edilib.
Tarix: 2-08-2024, 13:08
Xəbəri paylaş





Xəbər lenti