“2017-ci ildə hərbçilərin sosial təminatı daha da pisləşəcək” – TƏHLİL

“2017-ci ildə hərbçilərin sosial təminatı daha da pisləşəcək” – TƏHLİL
Gələn il müdafiə xərclərinin 50 faizi silahlanmaya sərf olunacaq

Böhran vəziyyəti Azərbaycan ordusuna mənfi təsir edib

“Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda böhran vəziyyəti davam edir və müdafiə xərclərinin dəyərinin (dollarla götürdükdə) yarıbayarı azaldılması 2016-cı ildə hərbi qulluqçuların sosial təminatına mənfi təsir edib və bu proses 2017-ci ildə daha da güclənəcək”. Bunu Xəzər Hərbi Tədqiqatlar İnstitutunun rəhbəri Cəsur Sümərinli bildirib. Onun sözlərinə görə, 2016-cı ildə Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin sosial təminatının gücləndirilməsi istiqamətində hər hansı ciddi addımlar atılmayıb:


“2016-cı il ümumilikdə götürdükdə aprel döyüşləri və bunun nəticəsində xeyli sayda hərbçimizin həlak olması ilə tarixə düşdü. Təəssüflər olsun ki, hər hansı nailiyyət böyük itkilərə adekvat deyil. Azad edilmiş bir sıra ərazilər münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində hər hansı strateji üstünlüklər yaratmadı, əslində, düşmənin hərbi mövqelərinin gücləndirilməsinə, Rusiyadan Ermənistana hərbi-siyasi dəstəyin daha da artmasına gətirdi. Əməliyyatdan keçən 8 ay ərzində erməni tərəfi cəbhə boyu səngərlərin yeniləşdirilməsini, mühəndis-istehkam qurğularının müasirləşdirilməsi işini həyata keçirib. Eyni zamanda növbəti hərbi toqquşmalar zamanı Yerevanın, hətta Moskvanın münaqişə zonasına daha çevik müdaxilə imkanlarının dəyərləndirilməsi işi həyata keçirilib və bu istiqamətdə Ermənistan Müdafiə Nazirliyində xüsusi sənəd hazırlanıb. Ötən 8 ay ərzində Rusiya Müdafiə Nazirliyinin yüksək rütbəli əməkdaşları ən azı 24 dəfə Ermənistana səfər ediblər və onlar Ermənistanın Müdafiə Nazirliyindəki həmkarları ilə görüşlər keçirib, cəbhə xəttindəki vəziyyəti müzakirə ediblər. Ümumi əldə olunan nəticə ondan ibarətdir ki, Rusiya Ermənistana hərbi dəstəyini artıracaq və 2017-ci ildə bu istiqamətdə xüsusi əməkdaşlıq sənədinin razılaşdırılması gözlənilir. Sənədin mətni artıq tərəflərin müzakirəsindədir”.

C.Sümərinlinin sözlərinə görə, aprel əməliyyatları planının (və yaxud əks həmlə planının) kim tərəfindən hazırlanması və həyata keçirilməsi hələ də cavabı olmayan sual kimi qalır. “Hərbi mənbələr bu planın Azərbaycan və Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisləri tərəfindən Moskvada hazırlandığını bildirirlər. Ötən dövrdə həyata keçirdiyimiz araşdırmalar nəticəsində ortaya çıxan mənzərə ondan ibarətdir ki, bu əməliyyatlardan bir müddət öncə hücum edən, əks həmlə edəcək tərəfin rolları əvvəlcədən bəlli idi və toqquşmanın hara qədər davam edəcəyi, necə dayandırılması da əvvəlcədən müəyyənləşdirilmişdi. Hazırda bu istiqamətdə dolğun informasiyaların əldə olunması bir qədər çətindir. Amma çox da uzaq olmayan gələcəkdə bu istiqamətdə məlumatlar yəqin ki, cəmiyyət üçün açıq olacaq. O zaman mənasız əməliyyatların həyata keçirilməsinə, böyük insan itkilərinin ortaya çıxmasına məsul olan şəxslərin cəzalandırılması yəqin ki, qaçılmaz olacaq”, – deyə C.Sümərinli bildirdi. Onun sözlərinə görə, açıq görünən mənzərə ondan ibarətdir ki, Azərbaycanın hazırkı hakimiyyətində münaqişənin həlli perspektivinə konkret müstəqil baxışlar mövcud deyil.

C.Sümərinli bildirdi ki, 2016-cı ildə Azərbaycan Silahlı Qüvvələrində bəzi hərbi hissələrin yeniləşdirilməsi, yeni hərbi hissələrin yaradılması işi həyata keçirilsə də, ümumiulikdə, bütün bu proses hərbçilərin sosial təminatının yüksəldilməsindən yan keçir. “Ötən il onlarla hərbi qulluçunun mənzillə təmin olunması istiqamətində rəsmi xəbərlər yayıldı. Amma görünən mənzərə ondan ibarətdir ki, xidmətdə və ehtiyatda olan on minlərlə hərbi qulluqçunun mənzil təminatı problemi var və hökumətin bu istiqamətdə hər hansı aydın strategiyası yoxdur”, – deyə o bildirdi.

Xəzər İnstitutunun rəhbərinin fikrincə, hərbi qulluqçulara ödənilməli olan pul vəsaitlərinin verilməsində də ciddi problemlər var: “İstifadə olunmamış məzuniyyətlərə görə pul vəsaitinin verilməsində ciddi problemlər var. Eyni zamanda vaxtilə cəbhə xəttində üçqat əmək haqqı almalı olan hərbi qulluqçulara qanunsuz olaraq ikiqat əmək haqqının verilməsi ilə bağlı yaranmış ciddi problemlərin həlli istiqamətində də hər hansı iş görülmür”.

Ekspert hesab edir ki, hərbi qulluqçuları narahat edən əsas məsələ məvaciblərin azlığıdır. “Bu gün Azərbaycan hərbçilərinin, xüsusilə də aşağı vəzifələrdə xidmət edən zabit, gizir və müddətdən artıq hərbi xidmət qulluqçularının məvacibləri çox aşağıdır. Bu məvaciblə nəinki ailə saxlamaq, heç hərbçinin özünün normal şəraitdə yaşayışını təmin etmək mümkün deyil” Əsas problemlərdən biri də, hərbi qulluqçuların kirayəsi və qida təminatı üçün ödənilən məbləğin azlığıdır. Bu məsələ dəfələrlə Müdafiə Nazirliyinin rəhbərliyinə, hökumətin diqqətinə çatdırılsa da ortada hər hansı bir irəliləyiş yoxdur”.

C.Sümərinli 2017-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin sosial təminatı istiqamətində hər hansı irəliləyişlərin olmayacağı qənəatindədir. “Bunun əksini göstərəcək hər hansı işarə yoxdu. Ortada olan proseslərdən belə görünür ki, gələn il müdafiə xərclərinin faktiki olaraq 50 faizi (təxminən 1.3 milyard manat) silahlanmaya və bununla bağlı proqramlara sərf olunacaq. Bu isə, Azərbaycan ordusu üçün hər hansı inkişaf perspektivi verməyən bir plandır. Çünki silahlanma proqramının ictimaiyyətə aydın olmaması, bu istiqamətdə xərclənən vəsaitlərin böyük ehtimalla korrupsiya hədəfi olması, ən əsası, silahlanma proqramının mövcud hakimiyyətin ömrünün uzadılmasına xidmət etməsi ölkənin milli təhlükəsizlik maraqları baxımından ciddi təhdidlər yaradır”, – deyə C.Sümərinli bildirdi.

Onun sözlərinı görə, Silahlı Qüvvələrdə döyüş və əsasən də qeyri-döyüş itkilərinin səbəblərinin bir çox hallarda ictimaiyyətdən gizlədilməsi, bu istiqamətdə Müdafiə Nazirliyi və Hərbi Prokurorluğun əlbir fəaliyyəti orduda cəzasızlıq mühitinin hökm sürməsi kimi fikirləri daha da gücləndirir. “Ötən illərdə olduğu kimi, 2016-cı ildə də Azərbaycan Silahlı Qüvvələrində dünyasını dəyişmiş hərbi qulluqçuların rəsmi statistikası, səbəblər və araşdırmaların nəticələri cəmiyyətdən gizlədildi. Bu ordudakı mənəvi-psixoloji durumun hələ də qaydada olmadığını göstərir”, – deyə C.Sümərinli bildirdi.

Ekspertin sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələrində Səfər Əbiyev dövründə mövcud olmuş qrupların mübarizəsi hələ də davam edir. “Bu isə ordunun sağlam kadrlarla təminatı, zabitlərin karyera yüksəlişi kimi məsələlərdə ciddi problemlər, əngəllər yaradır”.

Xəzər Hərbi Tədqiqatlar İnstitutu





Tarix: 3-01-2017, 09:26
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}