Devalvasiya təhlükəsi: Manat qurtuldu?

Devalvasiya təhlükəsi: Manat qurtuldu? Mərkəzi Bank manatın bahalaşmasının tərəfdarı deyil. Sentyabrın 19-da açıqlamasında Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib ki, Azərbaycan hökuməti manatın məzənnəsi üçün xüsusi risk görmür.

Elman Rüstəmov bildirib ki, bu gün manatın məzənnəsi üzən məzənnə rejimindədir: "Müsbət trend adətən, tədiyyə balansının cari əməliyyatlar hesabının profisiti hesabına formalaşır. Yəni biz cari hesabın profisitinin təqribən 1,5 - 2 milyard dollar təşkil edəcəyini gözləyirik. Mühüm məsələ ondadır ki, manatın möhkəmlənməsi iqtisadi strategiyaya nə dərəcədə uyğun olacaq. Lakin biz hələ ki belə risklər görmürük".


O qeyd edib ki, iqtisadiyyatda cari trendlər hələ hökuməti qane edir: "Bu gün məndən mümkün devalvasiya barədə soruşdular. Mən çox təəccübləndim və sarsıldım ki, devalvasiya ilə bağlı hələ də belə fikirlər qalır".

Dövlət Statistika Komitəsindən gələn məlumatlar da pozitivdir və devalvasiya təhlükəsi uzaqlaşdığını deməyə əsas verir. Məlumata əsasən Azərbaycanın 2017-ci ilin II rübündə tədiyyə balansı 966 milyon ABŞ dolları həcmində profisitlə tamamlanıb. İlk rübdə bu profisit 464 milyon dollara bərabər olub. Nəticədə, II rübdə tədiyyə balansında yaranan profisit rüblük müqayisədə 2,1 dəfə artıb. Yarımillik profisit isə 1 milyard 430 milyon dollara yüksəlib.

Qeyd edək ki, 2014-cü ilin son rübündən etibarən Azərbaycanın tədiyyə balansı kəsirlə tamamlanmağa başlayıb və bu durum 2016-cı ilin ilk rübünə qədər davam edib. Ötən ilin II rübündə stabilləşmə bərpa olunub və tədiyyə balansı 18 milyon dollar həcminə profisitlə yekunlaşıb. Həmin ilin III rübündə profisit 62 milyon dollar, IV rübdə 651 milyon dollar təşkil edib. Adətən, baş bankirin milli valyutanın məzənnəsinin sabitləşməsi, eləcə də devalvasiyanın olmayacağı barədə açıqlamaları, cəmiyyətdə əks effekt verir. İctimaiyyət manatın məzənnəsinin qorunub saxlanacağına şübhə ilə yanaşır. Maraqlıdır, həqiqətənmi devalvasiya riskini atladıq?

İqtisadçı-alim Fuad İbrahimov “Cümhuriyət” qəzetinə açıqlamsında, müəyyən mənada baş bankirlə razılaşdığını deyib:
Devalvasiya təhlükəsi: Manat qurtuldu?
“Xüsusi təsiredici alətlərlə, iqtisadiyyatın kiçilməsinə aparan yollardan istifadə etmək hesabına, devalvasiya riskini aradan qaldırıblar. Bunu çox uğurla edirlər. Amma nəticədə gələcəkdə iqtisadiyyatın inkişafından söhbət gedə bilməz. Əgər iqtisadiyyatda hər hansı bir irəliləyiş əldə etmək və iqtisadi dinamikanı qaldırmaq istəyiriksə, bu yolla alınmayacaq. Bu nöqteyi-nəzərdən devalvasiya riskini aradan qaldırıblar. Eyni zamanda müəyyən qədər idxalda azalma var. Bununla da tədiyyə balansındakı yarana biləcək mənfi tendensiyanın qarşısını alıblar. Onu da nəzərə almaq lazımdır ki, hazırda dünya bazarında neftin qiymətinin bir qədər artması da, paralel olaraq öz təsirini göstərir. Mövsümi qeyri-aktivlik də var idi. Tədricən mövsümi aktivlik də öz rolunu oynayacaq. İlin sonuna qədər manata qarşı təzyiq artacaq. Ancaq mövcud yolla manatın məzənnəsini saxlaya biləcəklər. Manatın kütləsini azaltmaqla, süni yollarla tədiyyə balansının müsbət və yaxud sıfıra yaxın saldoda saxlanması yolu ilə nə qədər davam edəcək bilmirəm, amma bu, yol deyil”.

Ekspert onu da qeyd edib ki, baxmayaraq baş bankir qətiyyətlə devalvasiyanın gözlənlmədiyini deyir, ancaq əgər üzən məzənnə rejiminə keçmişiksə, yenidən devalvasiyadan danışmaq düzgün deyil:

“Məlumdur ki, biz üzən məzənnəyə keçməmişik. Son günlər valyutadəyişmə məntəqələrində manatın təzyiq altında xırda-xırda ucuzlaşdığını müşahidə etmək olar. Demək olar ki, əhalidən valyuta 1.6950, 1.6970-dən yığılır. Bu o deməkdir ki, buna ehtiyac var və çox güman ki, ilin axırına qədər tədricən manatın ucuzlaşması prosesini görəcəyik”.

Fuad İbrahimov onu da vurğulayıb ki, il ərzində Federal Ehtiyatlar Sistemi (FES) uçot artımına getsə, manata təzyiq daha da artacaq:

“Burada söhbət tək manatdan yox, dolların digər dünya valyutalarına qarşı öz mövqeyini möhkəmlətməsindən gedir. O cümlədən, Azərbaycan manatına qarşı təzyiq artacaq. Doğrudur, proqnozlar verilir ki, FES uçot dərəcəsini artıracaq, amma artırmaya da bilər. Çünki bu, göstərici deyil. Əlac prosesləri konkret zaman çərçivəsində izləməyə qalır. Heç şübhəsiz ki, artım manata əlavə təzyiq hesab olunur”.

Yeganə Oqtayqızı
Tarix: 21-09-2017, 13:48
Xəbəri paylaş





Xəbər lenti