Xarici şirkətlər bir-birinin ardınca ölkədən gedir? - SƏBƏB

Xarici şirkətlər bir-birinin ardınca ölkədən gedir? - SƏBƏB Vergilər Nazirliyinin yaydığı məlumata görə, 7 xarici şirkət ölkəni tərk edib. Belə ki, "Toyo Engineering Corporation”, "Obermeyer Project Manegement GmbH”, "HeildelbergCement AG”, "Tech Offshore Marine Azerbaijan” MMC, "Tech Electrics and Automation Azerbaijan” MMC, "Compass Offices Services Azerbaijan Limited” MMC və "Compass Development Holdings VII Limited” şirkətinin Azərbaycandakı filialının ləğv olunduğu elan edib.

Artıq xarici şirkətlərin Azərbaycan bazarından çıxması tendensiya halını alıb. Bu günə qədər bir çox xarici şirkət bazarı tərk edib və Azərbaycandakı fəaliyyətlərinə son qoyublar.

Maraqlıdır, niyə xarici şirkətlər sürətlə ölkəni tərk edirlər?

Əslində bunun bir çox səbəbi var. Səbəblərdən biri və başlıcası ölkənin maliyyə sistemində yaranan ciddi problemlərdir. Bankların əksəriyyəti müflis vəziyyətindədir və maliyyə dayanıqlığı yoxdur. Bu bankların hələ də bazarda qalması və “fəaliyyət” göstərməsi iqtisadi canlanmanı aşağı salır, ölkənin iqtisadi cazibəsini məhv edir. Hələ ötən il iqtisadçılar qeyd edirdi ki, maliyyə durumu yaxşı olmayan, hesabatlarında mənfəət əldə edə bilməyən bankların bazardan çıxması və ya birləşdirilməsi zəruridir. Ancaq görünən odur ki, aidiyyatı qurumlar hələ də bu məsələdə israrlıdır və müflis səfiyyəsinə düşmüş bankları bazarda saxlamağa çalışırlar. Nəticə isə göz qabağındadır-iqisadi oyunçular bazarı tərk edir. Bu tendensiyanın sürətlənməsi isə Azərbaycan iqtisadiyyatı üçün heç də müsbət hall olmayacaq. Onsuz da ölkə iqtisadiyyatı günü-gündən kiçilir, şirkətlərin fəaliyyətlərində məhdudiyyətlər yaranır.



İqtisadçı-ekspert Fuad İbrahimov “Cümhuriyət” qəzetinə şərhində deyib ki, xarici şirkətlərin Azərbaycanı tərk etməsinin əsas səbəbi kimi biznes mühitinin və investisiya cazibəsinin itirilməsi olduğunu deyib: “Hər bir özəl şirkət əgər mənfəət əldə olunması ilə bağlı gələcək perspektiv görmürsə, təbii ki, durğunluq dövründən sonra bazarı tərk etməlidir. Bu həm xarici, həm də yerli şirkətlərə aiddir. Bu bazar iqtisadiyyatının qanunudur. Əgər biznes mühiti və investisiya cazibədarlığı bərpa olunarsa, o, zaman yenidən nəinki xarici şirkətlər, həm də sərmayədarların cəlb olunması üçün zəmin yaranar. Biznes mühitinin bərpa olunması üçün də mütləq mənada islahatlara və bununla yanaşı liberallaşmaya getmək lazımdır. Gürcüstanda bu proses getdi və nəticə də uğurlu oldu. Hətta bir çox iqtisadçılar Ukrayna iqtisadiyyatı haqqında bədbin fikirlər səslədirsə də, 6 ay ərzində Ukrayna qrivini öz mövqelərini möhkəmləndirməyə başlayıb. Baxmayaraq ki, ölkədə siyasi distabillik var, iqtisadiyyat sərbəst buraxıldığı üçün iqtisadi canlanma baş verib”.

F.İbrahimovun sözlərinə görə, iqtisadi oyunçuların Azərbaycanı tərk etməsi iqtisadiyyat üçün yaxşı heç nə vəd etmir: “Xarici şirkətlərin ölkəni tərk etməsi Azərbaycan iqtisadiyyatına da mənfi təsir göstərəcək. Bu birmənalıdır. Çünki məhz iqtisadiyyatı formalaşdıran şirkətlərdir. İqtisadi oyunçular bazarı tərk etdikcə, iqtisadiyyat kiçilir. Bu da çox mənfi tendensiyadır. Əgər hansısa beynəlxalq səviyyəli şirkət ölkəni tərk edirsə, bu həmin regionda artıq ölkəyə qarşı mənfi fikir formalaşdırır. Artıq bundan sonra müsbət fikir formalaşdırmaq xeyli çətinləşir. Bu isə heç də yaxşı amil deyil”.

Vilayət Muxtar
Tarix: 21-09-2017, 21:33
Xəbəri paylaş





Xəbər lenti