Monopolistlər kənd təsərrüfatına ayrılan sərmayəni necə talan edir

Monopolistlər kənd təsərrüfatına ayrılan sərmayəni necə talan edir Əli Məsimli: “Fermerlərin sahibkarlıq fəaliyyəti dəstəklənməli, azad seçim hüquqları tanınmalıdır...”

Azərbaycanın aqrar sektorunda istehsalın artırılmasına yönəlik dövlət dəstəyi getdikcə gücləndirilir. Xüsusilə son 2 ildə ölkə üçün ənənəvi olan bitkiçilik sahələrinə diqqət güclənib, onların istehsalının artırılması əsas prioritetlər elan edilib.

Bu prioritetə uyğun olaraq, pambıq, şəkər çuğunduru, tütün, çay, çəltik, fındıq, sitrus və sair bitkilərin əkin sahələrinin genişləndirilməsinə başlanıb.


Qeyd edək ki, dövlətin aqrar sektora dəstəyi güzəştli kreditlərin, subsidiyaların ayrılması, toxum, texnika, gübrələr, yanacaqla təminat və sair istiqamətləri əhatə edir. Bu dəstəyin kəndli-fermerlərin gəlirində payını ifadə etmək üçün 1 rəqəmə diqqət yetirək: bu il Zərdabda barama yetişdirən ailələrin əldə etdiyi 240 min manatdan yuxarı gəlirin 133,3 min manatını, Zaqatalada isə 189,0 min manatın 107,0 min manatını dövlət vəsaiti hesabına verilən subsidiya təşkil edib.

Göründüyü kimi, dövlətin prioritet elan edib dəstək verdiyi bitkilərin istehsalının artırılması vacib bir prosesdir. Lakin təəssüflər olsun ki, bir sıra məmurlar, xüsusilə yerli strukturlar rayonların suvarma və əkinəyararlı torpaq potensialını, iqlim şəraitini nəzərə almadan inzibati yollarla müxtəlif bitkilərin əkin sahələrini artırmağa çalışırlar. Bunun nəticəsində isə bir sıra rayonlarda suvarma imkanları məhdud ərazilərdə şəkər çuğunduru, tütün, pambıq kimi suya çox tələbatlı bitkilərin əkildiyi yüzlərlə hektar sahələrdən məhsuldarlıq minimum səviyyədə olub, bəzi rayonlarda isə builki quraqlıq nəticəsində əkinlər tamamilə tələf olub. Eyni zamanda heyvandarlıq üçün zəruri olan otlaq, biçənək əraziləri əkin altına salınıb.

Halbuki prezident İlham Əliyev dəfələrlə əkinlərin hər bir rayonun təbii iqlim şəraitinə uyğun aparılmasını, suvarma imkanları amilinə diqqət yetirilməsini tövsiyə edib. Sentyabrın 3-də Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsindəki çıxışında isə dövlət başçısı maraqlı bir məlumat açıqlayıb. Məlumatdan aydın olub ki, ötən il Masallı rayon İcra Hakimiyyətinin başçısı prezidentə rayonda taxılçılığın səmərəli olmadığını, əvəzində iqlimə uyğun digər bitkilərin əkilməsinin gərəkdiyini bildirib. Nəticədə taxıl əkilən torpaqların 35 faizində bu il faraş tərəvəz, çiyələk və digər bitkilər əkilib, dəfələrlə yüksək gəlirlilik əldə edilib.

Qeyd olunan müşavirədə prezidentin bu faktı müsbət bir nümunə kimi xüsusi qabartması o deməkdir ki, əvvəla, iqtisadi cəhətdən əsaslandırılmış təşəbbüslər ölkə rəhbərliyi tərəfindən müsbət dəyərləndirilir. İkincisi isə yerli icra başçıları rayonlarda əkinləri dövlətin ayırdığı subsidiyalara arxayın olaraq iqlim şəraitini, suvarma imkanlarını nəzərə almadan aparmaqla elə dövlətin aqrar sektorun inkişafı planlarına zərər vurmuş olurlar.

Milli Məclisin üzvü, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli hesab edir ki, aqrar islahatlar çox mürəkkəb məsələdir: “İkincisi, bu sahənin inkişafına elmi yanaşma yetərli səviyyədə deyil. Üçüncü, monopoliya kənd təsərrüfatına sərmayənin artdığını görüb, adekvat səviyyədə zəhmət çəkmədən həmin sərmayənin xeyli hissəsini tez ələ götürmək istəyir. Postneft dövrünün tələblərinə uyğun olaraq aqrar sahədən gözləntilərlə bağlı hələ çox iş görülməlidir. Ona görə də son illər kənd təsərrüfatı sahəsində görülən işləri layıqıncə qiymətləndirməklə yanaşı, həmin sahədə olan nöqsan, çatışmazlıq və problemlərin də aradan qaldırılmasını sürətləndirmək lazımdır. Aqrar islahatlar, o cümlədən ”Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı", “Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” və digər proqramların və tədbirlərin həyat keçirilməsi nəticəsində kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı əhəmiyyətli dərəcədə artıb. Bununla belə, aqrar sahədə torpaqlardan istifadənin səviyyəsi, əmək məhsuldarlığı,ixrac göstəriciləri potensial imkanlardan xeyli geri qalır".

Monopolistlər kənd təsərrüfatına ayrılan sərmayəni necə talan edir

Ekspertin fikrincə, kənd təsarrüfatı sahəsindəki irəliləyişləri müsbət qiymətləndirməklə yanaşı, mövcud potensial fonunda kənd təsərrüfatının hazırkı inkişaf səviyyəsni qənaətbəxş hesab etmək olmaz. Bu sahədə artım olsa da,bu hələ kəndin lazımi səviyyədə sosial-iqtisadi inkişafına gətirib çıxarmayıb. Ə.Məsimli bunun səbəblərini də qeyd edir: “Ölkənin kənd təsərrüfatı üçün yararlı olan torpaqlarından yetərincə səmərəli və eləcə də onun bir hissəsindən öz təyinatına görə istifadə edilmir. Fermer təsərrüfatlarının əksəriyyyətinin torpağı yüksək nəticələr əldə olunması, geniş təkrar istehsal qurmaq və daha çox əmtəəlik məhsul istehsal etmək üçün yetərli qədər deyil. Bundan əlavə, aqrar sektorda çalışanların xeyli hissəsinin gəlirləri istehsalı genişləndirməyə imkan verəcək həddə deyil, əmək məhsuldarlığı çox aşağıdır. Son illərdə kənd təsərrüfatına sərmayə qoyuluşu əhəmiyyətli dərəcədə artsa da, hələlik bu, tələbatı ödəyəcək səviyyədə deyil. Eyni zamanda qoyulan sərmayələrdən istifadənin səmərəliliyinin artırılmasına ciddi ehtiyac var. Digər bir səbəb kənd təsərrüfatı texnikasından tam səmərəli istifadə olunmamasıdır, nəticədə hər il zəhmətlə yetişdirilən məhsulların bir hissəsi itirilir”.

İqtisadçı-alim bildirir ki, mövcud vəziyyəti müsbət məcraya yönləndirmək üçün aqrar sektora yalnız istehsal baxımından yox, həm də demoqrafik, əmək resursları, ekoloji, ətraf mühit və sair bu kimi iqtisadi problemlərin həllini yerinə yetirən çoxistiqamətli mürəkkəb sistem kimi baxılmalı, mövcud tədbirlər planlarında prioritetlər yenidən nəzərdən keçirilməli, aqrar sahədə mülkiyyət münasibətlərindəki problemlər aradan qaldırılmalı, meliorasiya və su təsərrüfatı inkişaf etdirilməli, son vaxtlar Bakıda və digər şəhərlərdə iş yerlərini itirib rayona dönərək kəndlərdə qalıb işləmək istəyənlərə hərtərəfli dövlət dəstəyi göstərilməlidir: “Bunlardan əlavə, fermerlərin sahibkarlıq fəaliyyəti dəstəklənməli və süni maneələr aradan qaldırılmalı, özəl mülkiyyətin toxunulmazlığı, fermerlərin nəyi əkib-becərmək sahəsində azad seçim hüququ təmin edilməlidir”.

Sonda onu da qeyd edək ki, prezident Lənkəranda keçirdiyi müşavirədə torpaqlardan səmərəli istifadənin zəruriliyini təkrar-təkrar vurğulayıb. Onun “hər bir rayonun öz spesifik kənd təsərrüfatı inkişafı proqramı olmalıdır” fikri isə məmurlar üçün bir tapşırıq rolunu oynayır.

Ümid edirik ki, həm yerli, həm də məsul mərkəzi icra orqanlarının rəhbərləri bu tapşırığa əməl edərək, yerli amilləri nəzərə almaqla hər bir rayon üzrə aqrar inkişaf proqramı hazırlayacaq və kortəbii əkin praktikasına son qoyacaqlar.


Dünya SAKİT
Tarix: 30-09-2017, 08:53
Xəbəri paylaş





Xəbər lenti