Prezident pambıq müşavirəsində Hacıqabulun icra başçısını ifşa elədi
Prezident pambıq müşavirəsində məhsuldarlığın ən az olduğu regionların adlarını çəkdi. Onlardan biri də Hacıqabul idi. Ölkə başçısı narazılığını dilə gətirdi

FİA.Az-ın verdiyi məlumata görə,
buna səbəb Hacıqabulun icra başçısı Əhməd Muxtarovdur. 12 ildir ki, bu rayona rəhbərlik edən Ə.Muxtarov indiyə qədər Hacıqabulda heç bir iş görməyib.

Nə rayonun mərkəzində abadlıq-quruculuq işləri aparılıb, nə kənd təsərrüfatı inkişaf etdirilib, nə də sahibkarlara dəstək verib.

İcra başçısı bu illər ərzində kosmetik də olsa hansısa yenidənqurma işləri həyata keçirə bilərdi. Lakin Ə.Muxtarov əlini ağdan qaraya vurmayıb. Onun vəzifəsi büdcə pulları mənimsəməkdir.

Rayondakı işləri isə sağ əli olan köməkçisi Afiq Kərimov və mətbuat katibi Əsabil Məmmədov idarə edirlər. Onlar olmasalar, Ə.Muxtarov rayonu altını üstünə çevirər, Quba hadisələri təkrarlanar.

Ona görə də pambıq yığımında məhsuldarlığın ən aşağı olduğu bölgələrdən birinin də Hacıqabul olması təsadüfi deyil. Prezidentin də narazılığı məhz icra başçısı xəbərdarlıq idi.

Hətta bir müddət əvvəl təhsil işçiləri pambıq yığımına cəlb edilmişdi. İcra başçısının göstərişi ilə müəllimləri sahələrdə istismar edirdilər.

Mətbuatda bu xəbərlər də var idi ki, yağıntılı hava şəraitinin olması və bu cür hava şəraitinin uzun müddət davam edəcəyi Hacıqabul rayonunda pambıq yığımına mənfi təsir göstəribmiş.

Buna görə də Hacıqabul RİH-nin pambıq planında ciddi kəsir yaranıb. İcra hakimiyyəti müəllimlərdən yığdığı pulların hesabına isə "pambıq planı"nı doldurmaq istəyib.

Hacıqabulun icra başçısı vəzifəsini itirə bilər. Onun yaş senzi ilə əlaqədar rəhbər postdan uzaqlaşdırılması gözlənilir.

Əhməd Muxtarovun vəzifəsini itirməsinin əsas səbəbi isə 12 il müddətində rayonu inkişaf etdirə bilməməsidir.

Hacıqabulun sosial inkişafı üçün prezidentin ayırdığı vəsaitlərin böyük hissəsi isə mənimsənilib. Mənimsənilmə faktları artıq yuxarı instansiyaların diqqətinə çatdırılıb.

FİA.Az xəbər verir ki, Hacıqabul rayonunda yolların tikintisi, əsaslı təmiri kimi işlərə ayrılmış 400 min manata yaxın vəsait həmin İlham Əzizlinin rəhbərlik etdiyi "Müstəqil Çoxsahəli Muğan-1” Firmasının hesabına keçirilib.

Media yazıb ki, İlham Əzizli və onun "Müstəqil Çoxsahəli Muğan-1 Firması” ilə yanaşı Əhməd Muxtarovun korrupsiya şəbəkəsinə Samir Qasımovun rəhbərlik etdiyi "İnşaatçı-S” Məhdud Məsuliyyətli Cəmiyyəti də aiddir.

İcra başçısı Əhməd Muxtarov dövlət büdcəsinin nə az, nə çox 300 min manata yaxın vəsait Samir Qasımovun rəhbərlik etdiyi "İnşaatçı-S” MMC-nin hesabına keçirib.

Guya ki, bu MMC-də bu pulların müqabilində iki yaşayış binasının dam örtüyünü təmir etməli, küçələrdə abadlıq işləri aparmalı idi. Amma faktiki olaraq heç bir iş görülməyib və bu pullar mənimsənilib.

Bir müddət öncə rayonun M.F.Axundov, H.Həmidov, Ə.Vahid, H.Aslanov və İ.Qayıbov küçələrinə sahibkarların daxili imkanları hesabına qum-çınqıl qarışığı verilib.

Necə deyərlər, adıçəkilən küçələrdəki çökəkliklər qum-çınqılla doldurulub. Amma icra başçısı “yuxarılar”a guya adıçəkilən küçələrdə ciddi asfaltlama işlərinin görülməsi haqda saxta məlumatlar verir.

Reallıqda isə asfalt bütün küçələrə çəkilməyib, çəkilən küçələrdə isə asfalt qatının keyfiyyətindən söhbət gedə bilməz.

Əhməd Muxtarovun həm də rayonun bir çox münbit ərazisinda heyvandarlıq təsərüfatları və əkinçilik sahələri yaratdığı da bildirilir.

Rayonun Padar-Muğan-Qarasu ərazisində 5 min hektara yaxın yararlı dövlət torpaqları məhz başçının və ona yaxın şəxslərin nəzarətində olduğu, onlar tərəfindən istifadə olunduğu bildirilir.

Son illər rayon mərkəzində və Hacıqabul-Horadiz yolunun üstündə çoxlu sayda ticarət, istirahət obyektləri tikilərək istifadəyə verilib. RİH-nin mövqeyini dərc etməyə hazırıq.