"İlkin mənzil bazarında qiymətlər dəyişəndə, 3-6 ay gecikmə ilə təkrar mənzil bazarında da qiymətlər dəyişir"
Paytaxtda və paytaxtətrafı qəsəbələrdə yeni tikililərin sayının artmasına baxmayaraq, mənzil bazarında qiymətlər dəyişməz olaraq qalır. Sadəcə bəzi hallarda cüzi artım müşahidə edilir.
Ekspertlərin fikrincə, mənzil bazarında ucuzlaşmadan söhbət gedə bilməz. Amma ayın sonundan etibarən cüzi artımın olması qaçılmazdır. Qiymət artımı istər torpaqların, istərsə də yeni tikilən binalardakı mənzillərin qiymətlərində özünü büruzə verəcək. Təkrar mənzil bazarında isə qiymətlərin artması hələ ki, gözlənilmir.
"MBA Consulting Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak eksperti Nüsrət İbrahimov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda təkrar mənzil bazarındakı qiymət dəyişikliyi ilkin mənzil bazarından asılıdır. Yəni, ilkin mənzil bazarında qiymətlər dəyişəndə, 3-6 ay gecikmə ilə təkrar mənzil bazarında da qiymətlər dəyişir.
O qeyd edib ki, hazırda ötən illə müqayisədə ilkin mənzil bazarında qiymət artımı müşahidə edilir: "Ay ərzində 1-1,3 faiz artım olub. Amma təkrar mənzil bazarında qiymətlər dayanıb, stabildir. Zonalar üzrə bəzi qiymət dəyişiklikləri və yaxud da təklif portfelindəki struktur dəyişikliyi nəzərə alınmasa, təkrar mənzil bazarında hələ ki, heç bir dəyişiklik yoxdur. Amma ilkin mənzil bazarında qiymət artımı var".
Torpaqların qiymətinə gəldikdə isə, İbrahimov bildirib ki, ötən ilin son aylarında qiymətlərdə azalma müşahidə olunur: "Fevral ayından etibarən isə, 2 faizə qədər artım var. Hesab edirəm ki, bu da yazın gəlişi ilə əlaqəlidir. Ancaq qiymət artımı daha çox şəhərin daxilində hiss olunur. Məncə, bu da tikinti artımı ilə bağlıdır".
"Hesab edirəm ki, mart ayından iyunun sonlarına kimi mənzil bazarında və torpaqların qiymətində artım müşahidə oluna bilər. Bu da mövsümi artım olacaq", — ekspert vurğulayıb.
Əmlak eksperti Ramil Osmanlı da Sputnik Azərbaycan-a bildirib ki, keçən aydan bu günə qədər mənzil bazarında heç bir dəyişiklik yoxdur: "Yəni nə bahalaşma, nə də ucuzlaşma müşahidə edilir. Bahalaşma üçün müəyyən əsaslar, bazara pul axınları, ipoteka prosesində sürətlənmə və yaxud hansısa qərarların qəbulu olmalıdır. Hazırda bunların heç biri yoxdur".