Ünvanlı sosial yardım almaq aztəminatlı ailələr üçün əlçatmaz olub


Rəşad Həsənov: “Hökumətin 2015-ci ildən sonra ortaya qoyduğu mövqe ünvanlı sosial yardıma yönəldilən xərcləri azaltmaq istiqamətindədir”

Son dövrlər əhalinin aztəminatlı hissəsinin ünvanlı sosial yardım alması ciddi problemə çevrilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu sahədə elektron sistem tətbiq olunsa da, bir çoxlarının həmin sistemdən istifadə bacarıqları yoxdur və dəfələrlə cəhd etsələr də imtina cavabı ilə üzləşirlər. Bəzilərinin isə ata-babadan qalma torpaq sahələri və adında olan 1500-2000 manat dəyərindəki hər hansı köhnə avtomobilə görə, bu yardımdan məhrum olurlar. Bunun müqabilindəki, yetərincə imkanı və təminatı olduğu halda ünvanlı sosial yardım alan insanlar da az deyil.  İqtisadçı ekspertlər  də bu sahədə problemlərin olduğunu istisna etmirlər.

“Yeni Müsavat”a açıqlamasında problemə münasibət bildirən iqtisadçı-ekspert Rəşad Həsənov bəzi hallarda ehtiyacı olan ailələrin ünvanlı sosial yardımdan məhrum olduğunu dilə gətirdi: “Bu məsələdə birmənalı danışmaq olmaz. Bizim müşahidələrimiz də onu göstərir ki, bəzi hallarda insanlar yaradılmış ünvanlı sosial yardım imkanından haqsız olaraq istifadəyə cəhd göstərirlər. Bu insanların müraciətlərinə yox cavabının verilməsi son nəticədə şikayətlərin artmasına gətirib çıxarır. Eyni zamanda onu da müşahidə edirik ki, ünvanlı sosial yardım almaq hüququ olan və buna ehtiyacı olan aztəminatlı ailələrə də bu hüquq bəzən tanınmır. Ümumi problem ondan ibarətdir ki, bu qurum ünvanlı sosial yardımın təyin olunması ilə bağlı şəffaf fəaliyyət göstərmir. 2015-ci ildən etibarən bu prosesdə elektron sistemin tətbiq edilməsinə baxmayaraq, çox təəssüf ki, yenə də təyinetmədə şəffaflıq təmin olunmayıb. Qanunvericiliyə və elektron sistemin funksionallığına uyğun olaraq bu gün qiymətləndirmənin aparılması və cavablandırma sistem tərəfindən həyata keçirilir. Amma biz onu müşahidə edirik ki, əksər hallarda sövdələşmələrə gedənlərə, bu strukturlarda çalışan müəyyən adamlarla ”razılaşanlar"a nədənsə sistem müsbət cavab verir. Bəzi hallarda isə o insanlara verilir ki, onların ünvanlı sosial yardım almağa ümumiyyətlə hüququ yoxdur".

RÉÅad HÉsÉnov ile ilgili görsel sonucu

İqtisadçının fikrincə, bu sahədə problemlərdən biri də ondan ibarətdir ki, yaradılmış texniki imkanlardan istifadə ilə bağlı əhali çox az məlumatlıdır: “Elektron sistemdə ərizənin doldurulması və müraciətin edilməsi qaydalarında bir sıra hallarda müraciət edən insanlar səhvlərə yol verirlər ki, nəticədə sistem avtomatik olaraq yox cavabı verir. Bu kimi məsələlər var. Birincisi, şəffaflığın olmaması, ikincisi korrupsiyaya meylliliyin əhəmiyyətli səviyyədə yuxarı olması, üçüncüsü, əhalinin elektron sistemlə bağlı informasiyalılığının zəif olması, yeni sistemdən istifadə bacarıqlarının zəif olması  kimi məqamlar aztəminatlı ailələrin ünvanlı sosial yardım alma imkanını məhdudlaşdırır. Ancaq yenə də qeyri-rəsmi sövdələşmələr üçün münbit şərait yaradır”.

Ekspert onu da vurğuladı ki, statistik rəqəmlər ötən ildən etibarən bu sahədə müsbət dinamika olduğundan xəbər verir: “Ancaq biz rəqəmlərdən yola çıxsaq, mənzərə o qədər də problemli görünmür. 2015-ci ildə rəsmi statistikaya görə, 95 min ailə və ya  415 min fərd ünvanlı sosial yardım ala bilibsə, 2017-ci ildə bu göstərici yüksəlib. Ötən il 132 minə yaxın ailə və ya  558 min nəfər vətəndaş ünvanlı sosial yardım alıb. Burada artımları müşahidə edirik. Digər məqam isə odur ki, 2014-cü illə müqayisədə sonrakı dövrdə ünvanlı sosial yardımdan istifadə edən vətəndaşların sayında azalma baş verib. 2014-cü ildə ölkədə dinamik iqtisadi vəziyyət var idi, əhalinin gəlirləri yüksək idi. 2015-ci ilin əvvəlindən etibarən iqtisadi böhran ciddi şəkildə müşahidə olunmağa başladı. Ancaq böhrandan öncəki dövrdə ünvanlı sosial yardım alan ailələri sayı 133 mindən yuxarı olub. Bu fərd olaraq 626 min nəfər vətəndaş bu imkandan yararlanmışdı. 2015-2016-cı illərdə bu rəqəmlərdə ciddi azalma müşahidə olunub, lakin 2017-ci ildə yenidən müəyyən qədər artım baş verib”.

R.Həsənov onu da diqqətə çatdırdı ki, hökumət özünüməşğulluq proqramını tətbiq etməklə ünvanlı sosial yardımın əhatə dairəsini azaltmağa zəiflətməyə çalışır: “Bu beynəlxalq təcrübəyə uyğundur. Çünki ünvanlı sosial yardım praktikası bəzi hallarda vətəndaşlarda əmək qabiliyyətinin zəifləməsinə və psixoloji tənbəlliyə gətirib çıxarır. Ona görə də, əksər hallarda ünvanlı sosial yardım proqramlarının effektivliyi ölçülərkən bundan istifadə edən ailələrin nə qədər müddətə yardım aldığı önəm kəsb edir. Bir ailə uzun illər yardım alırsa, bu o deməkdir ki, proqramın özündə nöqsanlar var və insanları çalışmağa, təşəbbüs göstərib öz gəlirləri ilə həyatını təmin etməyə sövq etmir. O baxımdan özünüməşğulluq proqramı başadüşüləndir. Hazırda ünvanlı sosial yardımla  paralel olaraq özünüməşğulluq proqramı da həyata keçirilir. Bununla bağlı, 2016-cı ildə 6 milyon manat vəsait ayrılmışdı. 1500-dən artıq ailəyə bu vəsait aktiv şəkildə paylandı, onların öz kiçik bizneslərini yaratması və gəlirlərini formalaşdırması məqsədilə bu həyata keçirildi. Proqramın effektivliyi müzakirə mövzusu ola bilər. Çünki burada monitorinqlərin keçirilməsinə ehtiyac var ki, vəsait ayrılan ailələrdən neçə faizi dayanıqlı biznes qura bilib və növbəti illərdə gəlirlərini təmin edə biləcək, yoxsa yenidən maztəminatlı ailə kimi ünvanlı sosial yardım proqramının iştirakçısına çevriləcək. Hökumətin 2015-ci ildən sonra ortaya qoyduğu mövqe ünvanlı sosial yardıma yönəldilən xərcləri azaltmaq istiqamətindədir. Doğrudur rəqəmləri müqayisə etsək, ötən illə bağlı müəyyən artımlar da var. Ancaq ümumilikdə dövlət siyasəti ünvanlı sosial yardıma yönəldilən xərclərin gələcəkdə mərhələli şəkildə azaldılması, bu istiqamətdə dövlət büdcəsinin yükünün minimuma endirilməsi məsələsidir. Bir tərəfdən də müraciətlərə imtina cavabının verilməsində dövlətin müəyyənləşdirdiyi məhdud büdcə səbəb olur. Ancaq bu ən sonuncu arqument hesab oluna bilər. Daha öncə səsləndirdiyimiz fikirlər hazırda daha köklü problemlərə səbəb olub”.


Tarix: 5-05-2018, 08:57
Xəbəri paylaş





Xəbər lenti