Kəndlilərin örüş sahəsini əllərindən almaq istəyirlər VİDEO


Masallı rayonu Sirəbil kəndində kəndlilərin ümumi istifadə etdiyi torpaq sahəsini kimlərsə qeyri-qanuni yollarla öz adına sənədləşdirmək istəyir. Kənd sakinlərinin ünvanımıza göndərdiyi məlumatda bildirilir ki, 5 ay əvvəl də bələdiyyədən və icra hakimiyyətindən olan şəxslər həmin torpaq sahəsini əkinçilik üçün istifadə etmək istəyiblər. Amma kənd əhalisi buna imkan verməyib. İndi ortalıq sakitləşəndən sonra yenidən torpaq sahəsini ələ keçirmək istəyirlər:
“İcra hakimi keçən il qonşu kənddə düyü əkdi, düyü çox su tələb etdiyindən, kəndin yarısı susuzluqdan əziyyət çəkməyə başladı. Biz də bununla bağlı icra hakimiyyətinə şikayət etdik, amma şikayətlərimiz nəticəsiz qaldı. Keçən ilin dekabr ayında da Mirhüseyn adlı bir bələdiyyə üzvü kəndin örüş sahəsinə traktor yeritdi. Bunu görən kənd əhalisi də yığışdıq traktorun yanına ki, imkan verməyək. Həmin bələdiyyə üzvü də başladı hədə-qorxu gəlməyə ki, sizi tutuzduraram, belə edərəm, elə edərəm. Gördü ki, xeyri yoxdur, zəng elədi icra hakimiyyətində Əlimərdan adlı bir şəxsə. O da gələn kimi qışqırdı camaatın üstünə ki, mənim adım Əlimərdandır, bura əkiləcək!
Bir az qışqır-bağırdan sonra camaatın dağılışmadığını görən Əlimərdan getdi polisə, 4 nəfərin adını verdi. Polis də axşam gəlib həmin adamların evdən apardı bölməyə. Camaat da yığılışıb getdi polisin arxasıyla.
Polislər camaatdan çəkinib onlardan ikisini buraxdılar, söz verdilər ki, ikisini də sabah buraxacaqlar. Sabah da o iki şəxs hərəyə 50 AZN cərimə olunub buraxıldı.
Dekabr ayında bir də kənd camaatı baxdı ki, kəndin örüş sahəsində traktor var. Bizim örüş sahəsi kəndə birləşib. Dekabrın 29-u traktorlar yenə gəldilər sahəyə. Camaat da eynilə dayandı traktorun qabağında. Masallının polis rəisi və icra hakiminin müavini Nəsir Muxtarlı gəldi camaatın yanına, əvvəl prezidentin sərəncamını göstərdi, sonra da dedi ki, prezidentin sərəncamı var ki, istifadəsiz torpaqlarda əkinçiliklə məşğul olmaq lazımdır. Kəndin ağsaqqalları izah etdi ki, bura istifadəsiz deyil və kənd camaatı maldarlıqla məşğul olduğu üçün bütün mallarını örüş yerində otarır. Onlar da camaatın geri çəkilmədiyini görüb günahı atdılar bələdiyyə sədrinin üstünə ki, buranın əvəzinə torpaq verməmisənsə, camaata buranı niyə satırsan. Nəsir Muxtarlı qırağa çəkilib icra hakimiylə danışdı və kəndlilərə bildirdi ki, torpaqları özlərində qalacaq. Camaat da bundan sonra sevinib dağılışdı.
İndi hadisənin üstündən 5 ay keçib və eşidirik ki, yenə örüş yerini kimsə sənədləşdirmək istəyir. Deyirlər ki, təyinatını “əkinə yararlıdır” kimi dəyişib satacaqlar və ya əkəcəklər.”
Kənd sakinləri bildirir ki, örüş yerinin kəndlilərin əlindən alınması maldarlığın məhvi deməkdir, ona görə də camaat nəyin bahasına olursa olsun, oranın əllərindən alınmasına imkan verməyəcəklər. Biz də onların etiraz səsini bütün əlaqədar ünvanlara çatdırır və ictimaiyyəti də bu insanlara dəstək olmağa çağırırıq.


Tarix: 9-05-2018, 14:56
Xəbəri paylaş





Xəbər lenti