Siyasətçilərdən devalvasiya anonsu - SORĞU


Günümüzdə ən çox müzakirə olunan məsələ manatın dollar qarşısında dayanıqlığıdır. Hər zaman bu məsələ ilə bağlı iqtisadçılar şərh verir, valyuta bazarında gedən prosesləri dəyərləndirir. Bu dəfə isə manatın məzənnəsi ilə bağlı siyasətçilərə sual ünvanladıq.

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev Cebhe.info-ya açıqlamasında manatın dollar qarşısında ucuzlaşacağını dedi:

“İqtisadi baza olmadıqca ölkənin milli valyutasının sabitliyindən danışmaq yersizdir. Azərbaycanda manatın məzənnəsi süni şəkildə tənzimlənir. Hazırkı məzənnə manatın real kursu deyil və iqtisadiyyatın şərtlərinə uyğun formalaşmayıb. Azərbaycan hökuməti neftdən əldə etdiyi gəlirləri bazara çıxarmaqla manatın məzənnəsini süni şəkildə saxlayır. Amma dollar dünya iqtisadiyyatına nəzarət edən ABŞ-ın valyutasıdır. Bu baxımdan dollarla manatın müqayisəsini aparmaq yanlışdır. Düşünürəm ki, Azərbaycan manatının ucuzlaşmaq ehtimalı çox yüksəkdir. Əgər daxili bazara valyuta transferti dayansa, bir anın içində dollar məzənnəsi manata nisbətən qat-qat bahalaşa bilər. Ona görə də bu iki valyuta arasındakı məzənnəni hökumət süni şəkildə tənzimləyir”.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu da manatın uzun müddət sabit qalmayacağı fikrindədir:

“Ümumiyyətlə, milli valyutanın məzənnəsi ölkənin istehsal etdiyi məhsulun həcmi ilə ölçülür. Yəni, əgər valyutanın arxasında daxili istehsal yoxdursa, o, heç vaxt dəyərə malik olmaz. Hələlik Azərbaycanda manatın arxasında neft və qaz var. Bu manatın məzənnəsini saxlamağa imkan verir. Amma bu uzun müddət davam edə bilməz. Çünki qeyri-neft sektoru inkişaf etməsə, Azərbaycan xarici bazara məhsul çıxara bilməsə, manat öz dəyərini itirəcək”. “

AĞ” Partiyanın sədri Tural Abbaslı isə manatın hələ uzun müddət sabit qalacağını hesab edir:

“Bu əslində iqtisadçıların cavab verə biləcəyi sualdır. Ancaq nəzərə alsaq ki, Azərbaycanda iqtisadi məsələləri də siyasətçilər həll edir. Ən azından hazırkı hökumətin iqtisadi qərarları da siyasi motivlidir. Ehtimal edirəm ki, manatın dollara nisbətən məzənnəsi hələ uzun müddət dəyişməyəcək.

Çünki manatın məzənnəsi neft qiymətlərindən asılıdır. Neft qiymətləri isə son bir neçə ilin ən yüksək həddinə çatıb. Neft qiymətləri 29 dollar olduğu zaman hökumət dolların məzənnəsinin 2 manatdan yuxarı qalxmasına imkan vermədisə, hazırkı durumda manatın ucuzlaşması gözlənilmir. Hökumət başa düşür ki, bu gün ən böyük təhlükə iqtisadi geriləmədir. Bu baxımdan hökumət manatın məzənnəsinə çox ciddi yanaşır. Əminəm ki, yaxın gələcəkdə manatın ucuzlaşması təhlükəsi olmayacaq”.

Vilayət Muxtar


Tarix: 9-05-2018, 16:15
Xəbəri paylaş





Xəbər lenti