Azərbaycanın yeni neft pulları: Hara xərclənəcək? - MÜSAHİBƏ


Dünya birjalarında neftin qiyməti artmaqda davam edir. Mayın 10-u günün birinci yarısına olan məlumata görə, “Azeri Light” markalı neftin bir bareli 2,99 dollar bahalaşaraq 77,84 dollar təşkil edib. Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,56 dollar artaraq 77,77 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,57 dollar bahalaşaraq 71,71 dollar olub.

Ekspertlər hesab edir ki, neft qiymətlərinin artması Azərbaycan kimi büdcəsi neftdən asılı olan ölkələr üçün təhlükəli tendensiyadır. Neftin bahalaşması iqtisadiyyatın “qara qızıl”dan asılılıq riskini artırır. Bahalı neft istər büdcədə, istərsə də qeyri-neft sektorunda asılılığı bərpa edə bilər. Nəzərə alsaq ki, neftin qiyməti oynaqdır və etibarlı deyil, qiymətin qəfil düşməsi fonunda Azərbaycan zərərlə üzləşə bilər. Ənənəvi olaraq yay aylarında neftin qiymətinin sürətlə aşağı düşmə ehtimalları da var. Qiymət stabil olmadığına görə büdcəni, iqtisadiyyatı, maliyyə-bank sektorunu neftin üzərində qurmaq təcrübəsindən uzaq durmaqda fayda var. 

İqtisadçı-ekspert Rəşad Həsənov “Cümhuriyət” qəzetinin suallarını cavablandırıb.

- Bir vaxtlar ekspertlər bildirirdi ki, devalvasiyadan sonra maliyyə-bank sistemində yaranmış böhrandan çıxmaq üçün neftin minimum 70 dollar olması lazımdır. Hazırda neftin qiyməti 70 dolları ötüb. Bu, böhranın həllinə nə qədər kömək edə bilər?
- Məsələyə bir az fərqli baxmaq lazımdır. Böhran uzun müddət davam etdi və bank sektorunun bütün dayaqları demək olar ki, çökdü. Faktiki olaraq bankların bu gün dövriyyədə olan kredit portfelinin hər 100 manatından 17-si rəsmi olaraq problemlidir. Amma qeyri-rəsmi hər 100 manatın təxminən 30-35 manatı problemlidir. Belə bir şəraitdə neftin qiymətinin hansı səviyyəyə çatmasından çox, bu problemin aradan qaldırılması istiqamətində konkret dövlət siyasətinin həyata keçirilməsi daha əhəmiyyətlidir. Təbii ki, neftin qiymətinin bahalaşması büdcə xərcləmələrinə, eyni zamanda maliyyə bazarlarına təsir göstərir. Məsələn, maliyyə bazarlarında manatın məzənnəsinin sabitliyi banklar üçün müəyyən qədər imkanlarla yanaşı, həm də dezavantajlar yaradır. Çünki əgər 2016-cı ildə bankların gəlirlərinin əhəmiyyətli hissəsi valyuta bazarlarında ciddi marja müqabilində konvertansiyadan (bir valyuta növünün və ya qiymətli kağızın gündəlik məzənnəyə uyğun olaraq digərinə dəyişdirilməsi) əldə olunmuşdusa, amma 2017-ci ilin ikinci rübünün əvvəlindən başlayaraq bazarda sabitləşmə bankları bu gəlirlərdən məhrum etdi. Bu baxımdan məsələlərə fərqli kontekstdən yanaşılmasına ehtiyac var.
Büdcə xərcləmələrinin artması da, son nəticədə dövriyyədə olan pul vəsaitlərinə və orta statistik azərbaycanlının gəlirinə və borcu qaytarma imkanlarına təsir göstərir. Eyni zamanda investisiya layihələri banklar üçün müəyyən qədər kredit bazarı formalaşdırır. Amma hələlik sektorda fundamental ciddi problemlərin olduğu halda bu üstünlüklərdən sektorun yararlanması imkanları o qədər də real görünmür. Nəticə statistik rəqəmlərdə də özünü göstərir. İlin əvvəli ilə müqayisədə üç ay ərzində bank sektorunda 140-150 milyon manata yaxın kredit portfeli kiçilibdir. Yəni, bu portfelin böyüməsinə hələlik neftin qiymətinin artması ciddi təsir göstərmir.

- Rəşad müəllim, Azərbaycan artan neft qiymətlərindən daha çox hansı məqsədlərlə istifadə edəcək? Valyuta ehtiyatlarının artırılması, manatın məzənnəsinin saxlanılması, yoxsa, büdcə, eləcə də Neft Fondunun kəsirlərinin aradan qaldırılması üçünmü?
- Sadaladığınız bütün məqsədlər istiqamətində istifadə edilir. Bu gün Azərbaycanda strateji valyuta ehtiyatları müəyyən qədər artır. Amma eyni zamanda fiskal ekspansiya siyasətində də özünü göstərir. Çünki 2018-ci ilin büdcə xərcləmələrində də təxminən 21 faiz artım baş verib. Artım təxmini 3 milyarddır ki, bu da elə Neft Fondundan transfert həcmində olan artıma bərabər göstəricidir. Eyni zamanda tədiyyə balansında profsitin olması, həmçinin büdcəyə ayrılmaların artırılması imkan yaradır ki, maliyyə bazarlarında faizli valyuta təklifinin həcmi nisbətən çox olsun. Bunun nəticəsində də qısamüddətli kataklizmlər aradan qalxsın. Martın sonu, aprelin əvvəllərində seçki prosesi ilə əlaqədar olaraq qonşu ölkələrdə - Rusiya, Türkiyə və İranda milli valyutaların dəyərsizləşməsi ciddi psixoloji gərginlik formalaşdırdı. Bu, manat üzərində təzyiq yaratdı. Amma nəticədə faktiki olaraq bu məzənnəni hökumət saxlaya bildi. Çünki ötən illə müqayisədə bu il Neft Fondunun bazara təklif etdiyi valyutanın həcmi ciddi şəkildə artdı. Faktiki olaraq bu gün neftin artan qiymətləri bütün məqsədlər üçün istifadə olunur. Eyni zamanda strateji valyuta ehtiyatları da ilin əvvəli ilə müqayisədə birinci rübdə təxminən 1.8 milyard artıb.

“İndiki halda neftin qiyməti büdcəyə təkrar baxışı şərtləndirə bilər”

- Əgər neftin qiyməti ilin axırına qədər 75 dollar civarında qalarsa, bu, 2019-cu ilin dövlət büdcəsi layihəsinin formalaşmasına necə təsir göstərəcək?
- Təsir göstərəcək. Biz bunu 2017-ci ilin əvvəlindən hiss etməyə başlamışıq. 2015 və 2016-cı ildə hökumətin fiskal konsolidasiya siyasətində müəyyən davranışları var idi. Amma daha sonra yenidən genişlənmə siyasəti həyata keçirməyə başladı. Bu, büdcənin təsdiq olunmasında da özünü göstərdi. İndiki halda neftin qiyməti büdcəyə təkrar baxışı şərtləndirə bilər. Bu zaman da büdcə xərclərinin artırılması ehtimalları var. Əgər ilin sonuna neftin bir barelinin orta göstəricisi 75 dollar olarsa, o zaman 2019-cu ilin büdcəsində yenidən ciddi infrastruktur xərcləri artımı müşahidə edəcəyik. Büdcə təxminən 5-10 faiz ətrafında ümumi xərc artımına gedəcəkdir.

- Bir zamanlar dolların bahalaşmasını əsas gətirərək istehlak bazarında idxal məhsulları əhaliyə yüksək qiymətlərlə təklif olunurdu. Ölkədə valyuta qıtlığının yaranmasına səbəb kimi neft qiymətlərinin kəskin ucuzlaşması göstərilirdi. İndi neft bahalaşır deyə Azərbaycanın valyuta gəlirlərində cüzi də olsa artım müşahidə olunur. Bu, istehlak bazarında qiymətlərə necə təsir göstərəcək?
- Valyuta gəlirlərinin artmasının birbaşa olaraq istehlak qiymətinə təsiri yoxdur. Çünki faktiki olaraq bu gün Mərkəzi Bank üzən məzənnə rejiminə keçməyib. Buna görə də valyuta gəlirlərinin artması birbaşa olaraq dolların real məzənnəsinə təsir göstərmir. Dolların məzənnəsi təxminən 1 ildir sabit saxlanılır. Bu baxımdan gəlirlərin artması bu gün bazara idxal olunan və yaxud da bazarda təklif olunan məhsulların qiymətində birbaşa olaraq özünü əks etdirmir. Amma ümumi götürdükdə devalvasiyaların qiymətləndirilməsi bazar tərəfindən demək olar ki, başa çatıb. Nəticədə 2018-ci ilin birinci rübündə inflyasiya səviyyəsi nisbətən sabitləşib - deyə bilərik. Birinci rübdə ərzaq məhsullarında təxminən 3.7 faiz inflyasiya olub. Bu da ötən illə müqayisədə ciddi səviyyədə azdır. Təbii ki,  istehlak qabiliyyətinin azalması da burada əlavə təzyiqlər formalaşdırır. Bunun da nəticəsi rəqəmlərdə özünü göstərir.

- Əgər Azərbaycan neftin qiyməti 120 dollar olanda faydalana bilməyibsə, indi faydalanacağı inandırıcı görünürmü?
- Düşünmürəm ki, Azərbaycanda hansısa faydadan söhbət gedir. Məsələ ondan ibarətdir ki, neft nə qədər baha olursa, hökumət o qədər çox xərcləyir. Əhalinin müəyyən sosial qruplarının da bu xərcləmələrdə yararlanma imkanı olur. Orta statistik gəlir həcmi yüksəlir. Amma “strateji bir mövqe ortaya qoyulacaq və bu vəsaitlər uzunmüddətli dayanıqlı inkişafa hədəflənəcək” - demək hesab edirəm ki, indiki halda heç də real deyil.

- Rəşad müəllim, deyə bilərikmi ənənəvi olaraq Azərbaycan yenə neftdən asılılığa qayıdır?
- Azərbaycan onsuz da neftdən asılıdır. Bu dövr ərzində ölkəmiz neftdən asılılıqdan xilas ola bilmədi. Bu asılılıq neftin bahalaşması ilə yenidən daha da dərinləşə bilər. Elə 2018-ci ilin dövlət büdcəsinin strukturuna baxsaq - əgər 2017-ci ildə büdcədə neft gəlirləri 47 faiz idisə, 2018-ci ildə 55.1 faiz artırılıb. Bu da əsas makro göstəricilərdən biridir. Eyni zamanda ilin sonunda neftin bahalaşması fonunda görəcəyik ki, ölkədə neft ixracının ümumi ixracda xüsusi çəkisi yenə də 90 faizin üzərinə qalxacaq.

Yeganə Oqtayqızı

Tarix: 12-05-2018, 14:36
Xəbəri paylaş





Xəbər lenti