МBNP ləğv edilsin, yoxsa bank sistemini çökdürənlərin kitabı bağlansın?







Cümhuriyyətimizin və Silahlı Qüvvələrimizin yaradılmasının 100 illik yubileyini təntənə ilə qeyd etdiyimiz bu günlərdə cəmiyyətdə olduqca nikbin ovqat hökm sürür. Artıq torpaqlarımızın işğaldan azad olunacağı günün uzaqda olmadığına inam atəşkəsdən keçən 24 il ərzində heç  zaman indiki kimi yüksək olmayıb.

Nə yazıq ki, son illər Azərbaycan vətəndaşının həyatını cəhənnəmə çevirən ən böyük problem təkcə işğal faktının mövcudluğu deyil. Etiraf edilməlidir ki, ölkənin bank sistemini sonu görünməyən xaosa sürükləyən mafioz qruplaşmaların bədnam əməlləri ucbatından məmləkət insanının təkcə ata-baba yurdu deyil, maddi və mənəvi anlamda nəyi varsa işğala məruz qalıb və ya kəmfürsətlər tərəfindən əl qoyulub.  Devalvasiya adlı bəlanın iki dalğasından sonra yaranmış acınacaqlı durumdan xilas olmaq üçün ölkə başçısı tərəfindən yaradılmış Maliyyə Bazarlarına Nəzarət Palatasının məsələyə müdaxiləsi isə obrazlı desək qaş düzəltdiyi yerdə vurub göz çıxarmaqdan betər oldu. Elə buna görədir ki, son illərdə ölkə mediasının və sosial şəbəkələrin baş mövzusu Qarabağ münaqişəsi ilə bərabər bank sisteminin düşdüyü, daha doğrusu, vətəndaşı saldığı acınacaqlı durumdur. Demək olar ki, az qala hər gün bu və ya digər bank haqqında tükürpədici cinayət dosyesi mətbuatda tirajlanır, cəmiyyətin bütün təbəqələrindən olan tanınmış şəxslər həyəcan təbili çalır, problem dəfələrlə Milli Məclisdə dilə gətirilir, müzakirələr Qarabağ münaqişəsindəki danışıaqları kölgədə qoyub, di gəl ki, hər ötən gün məsələ düzəlmək əvəzinə daha da qəlizləşir. 
Elə son günlər “GünayBank” ətrafında yaşananlar,  mütəşəkkil cinayətkar dəstə halında şəbəkələşmiş və istintaq orqanlarını da çaş-baş salan çoxgedişli korrupsiya əməliyyatları (moderator.az/news/231138.html) belə bir bədbin qənaət formalaşdırıb ki, toplananların yerini dəyişməklə cəm dəyişmədiyi kimi, artıq küncə sıxışdırılaraq kabinetində krossvord doldurmaqla işdən kənarlaşdırılacağı və ya başqa işə keçirilməklə bağlı prezident sərəncamının veriləcəyi günü gözləyən MBNP sədri Rüfət Aslanlını qurumun icraçı direktoru İbrahim Alışov əvəz etsə, Əmanətlərin Sığortalanması Fondunun kecmis icraçı direktoru Azad Cavadovu  Vüqar Abdullayev əvəz etsə də ölkənin bank sistemini cənginə almış xərçəngin məmləkət insanının başında çatlayacağı kimsədə şübhə doğurmur. 
Azərbaycanda bir əcaib ənənə də baş vermiş və ya üzə çıxarılmış hansısa qanunsuz əməldə artıq sözün bütün mənalarında sıradan çıxarılmış keçmiş səlahiyyət sahiblərinin kölgəsinin eninə-boyuna qılınclanmasıdır. Əlbəttə, kimsə şübhə etmir ki, Eldar Mahmudov və onun həbsdəki qudası Cahangir Hacıyev xirtdəyəcən çirkaba batmış cinayətkar şəbəkənin əsas fiqurlarıdır. Amma ölkənin bank sistemini təkcə bu qudalar bu günə salmayıblar axı. Tutaq ki, onlar törətdikləri əməllərə görə nəinki uzunmüddətli həbsə, hətta Azadlıq Meydanında asılmağa haqq edirlər. Gəlin razılaşaq ki, bu gün bank sisteminin şəffaflaşdırılmasını, bu sahədə suların durulmasını istəməyən əslində hər kəsə bəlli səlahiyyət sahibləri var ki, onlar barəsində də ciddi ölçü götürülməsinin zamanı çatıb. Hətta son günlər mediada yayılmış məlumatlarda deyilirdi ki, ümumiyyətlə maliyyə bazarlarına nəzarət etmək üçün yaradılsa da özü nəzarətsiz bir quruma çevrilən MBNP yerli-dibli ləğv olunacağı məsələsi aktuallaşıb və tezliklə bu istiqamətdə qərar veriləcək. Amma dünyada mövcud işlək praktikadan imtina etmək yox, onun normal işini tənzimləmək doğru seçim olardı. Bu baxımdan təxirəsalınmaz addımlar atılması üçün dövlət başçısına vəziyyətlə bağlı doğru-dürst informasiya verməyə borclu olan strukturlar və onların rəhbərlərinin də üzərinə mənəvi məsuliyyət düşür. Əks halda “GünayBank” rəzaləti ölkənin bank sistemini bürümüş sonuncu olmayacaq və vəziyyət daha da idarəolunmaz şəkil alacaq. 
Növbəti yazımızda prezidentin səlahiyyət verdiyi konkret vəzifəli şəxslərin etməli olduqları, ancaq naməlum səbəblərdən etmədikləri, yaxud edə bilmədikləri təxirəsalınmaz tədbirləri oxucuların diqqətinə çatdırmağa çalışacağıq, bank sahəsindəki tanınmış ekspertlərin, iqtisadçı alimlərin və millət vəkillərinin böhrandan çıxış yolları istiqamətindəki təkliflərini ictimai müzakirəyə təqdim edəcəyik...
Tarix: 1-07-2018, 08:50
Xəbəri paylaş





Xəbər lenti