Cahangir Hacıyev pulları Estoniya bankında da “yuyub”


Estoniyanın “Danske Bank”ında pulların yuyulması ilə əlaqədar səs-küylü qalmaqalda hallanan Azərbaycan pulları Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevlə bağlı olub. Bu barədə virtualaz.org-a hüquq-mühafizə orqanlarından bildirilib.

Mənbəyə əsasən, Cahangir Hacıyev “Danske Bank”dan pulların yuyulmasında və onların BƏƏ-yə ötürülməsində istifadə edib. Keçmiş bank rəhbərinə qarşı yeni ittihamlar irəli sürülüb.

Xatırladaq ki, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin keçmiş sədri 15 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə onu AR Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil qrupla iri məbləğin mənimsənilməsi), 308.2 (ağır nəticələrə gətirib çıxarmış vəzifədən sui-istifadə), 309.2 (ağır nəticələrə gətirib çıxarmış vəzifə səlahiyyətlərini aşma), 313 (xidməti saxtakarlıq) maddələri ilə təqsirli bilib.

*   *   *11:33

Estoniyadakı “Danske Bank”ın adı Azərbaycandan gəlmiş qeyri-qanuni pulların yuyulması ilə bağlı səs-küylü qalmaqalda hallanır. Virtualaz.org Danimarkada dərc olunan “Berlingske” qəzetinə istinadən xəbər verir ki, bank vasitəsilə əvvəllər güman edildiyindən 2 dəfə artıq - 53 milyard krondan (1 kron 0,16 dollara bərabərdir – red.) çox vəsait yuyulub.

Yenidən nəzərdən keçirilmiş göstərici 2007-2015-ci illərdə “Danske”nin Estoniya ofisində hesabları olan daha 20 şirkətin sənədlərinə əsasən dəqiqləşdirilib. Mənbəyə görə, qanunsuz vəsaitlər Rusiyadan, Moldovadan və Azərbaycandan daxil olub. Daxili araşdırmanın rəsmi nəticələri sentyabr ayında dərc ediləcək.

Məlumatın sızması nəticəsində “Danske Bank”ın qiymətli kağızlarının məzənnəsi 3,2% enib.

2017-ci ilin dekabr ayında bank Danimarkanın maliyyə nəzarəti orqanı (FSA) tərəfindən Estoniya filialında pulların yuyulmasına qarşı mübarizə qaydalarının pozulmasına görə 12,5 milyon kron cərimə edilmişdi.

Qeyd edək ki, daha öncə Azərbaycandan gəlmiş pulların yuyulması ilə bağlı qalmaqalda Latviyanın o qədər də tanınmayan “ABLV Bank”ının adı çəkilirdi.

Tarix: 5-07-2018, 14:44
Xəbəri paylaş





Xəbər lenti