İqtisadçı: "Azərbaycandan İrana dollar axını ölkəmiz üçün çox böyük risklər yarada bilər"


İqtisadçı: "Azərbaycandan İrana dollar axını ölkəmiz üçün çox böyük risklər yarada bilər"

İranda ölkəyə dollar və qızıl gətirilməsinə qoyulmuş qadağa tədricən aradan qaldırılır. İran Mərkəzi Bankı artıq yumşaq dollar siyasətinə keçir. Ekspertlər iddia edir ki, İranın bu addımı qonşu ölkələrdən, o cümlədən, Azərbaycandan İslam respublikasına dollar axınına səbəb olacaq. Ehtimal olunur ki, İranın bu formada siyasət tətbiq etmsi də məhz qonşu ölkələrdən dollar ixrac etməklə özündəki xarici valyuta çatışmazlığını aradan qaldırmağa hesablanıb. 

İddiaların əsaslı olduğunu deyən iqtisadçı-ekspert Rəşad Həsənov Cebhe.info-ya açıqlamasında bildirdi ki, İranın başqa çıxış yolu yoxdur, qonşu ölkə mümkün qədər adminstrativ nəzarəti zəiflətməklə ölkəyə valyuta daxil olmasını artırmaq istəyir. Onun sözlərinə görə, hazırki situasiyada İranın yumşaq dollar siyasətinə keçidi Azərbaycana da qonşu ölkə kimi müəyyən təsir göstərəcək:

"Həm etnik yaxınlığın, həm də Azərbaycanla İran arasında müəyyən qədər biznes münasibətlərinin olması, son nəticədə Tehran hökumətinin yeni, yumşaq üsula keçidi Azərbaycandan müəyyən miqdarda dollar axını və digər xarici valyuta axınına səbəb ola bilər. Bu təbii prosesdir. Xüsusi ilə mümkündür ki, Azərbaycanın qara bazarından İrana kifayət qədər valyuta daşınsın. Çünki burada çox böyük tələbdən söhbət gedir. Hazırda qara bazarda faktiki olaraq xarici valyutanın real məzənnəsi göstəriləndən artıqdır. Azərbaycan hökuməti bu istiqamətdə daha sərt mövqe ortaya qoymalıdır". 

"Azərbaycandan İrana dolların daşınması çox risklidir" - deyən R.Həsənov qeyd etdi ki, bu gələcəkdə yeni devalvasiyaya gətirib çıxara bilər: 

"Təbii, Azərbaycanda valyuta balansının pozulması dövləti maraqlara ciddi təhlükə yaratmır. Lakin son nəticədə devalvasiyaya gətirib çıxara bilən konyuktor formalaşdıra bilər. Çünki Azərbaycanda valyuta bazarları kifayət qədər kiçikdir və İran kimi böyük bazara daxil olması ölkəmiz üçün çox böyük risklər yarada bilər".

Elmir Murad

Tarix: 8-08-2018, 14:34
Xəbəri paylaş





Xəbər lenti