Azərbaycan-İran birgə layihələrinin taleyi necə olacaq?


İlham Şaban: “Bu, birbaşa Azərbaycanın maraqlarına toxunur”; Natiq Cəfərli: “Azərbaycan indiki şəraitdə həm İran, həm də Qərblə münasibətlərini qorumağa çalışmalıdır”

Amerikanın avqustun 7-dən etibarən İrana qarşı sanksiyaları bərpa etməsi Azərbaycanla bağlı da bir çox məsələləri aktuallaşdırıb. Cənub qonşumuzla olan layihələrin, projelərin taleyinin necə olacağı suallar doğurur.

Ekspertlər həyəcan təbili çalaraq, İrana qarşı sanksiyaların fonunda bu layihələri, projeləri davam etdirməyin ölkəmiz adına çox təhlükəli və çətin olduğunu bildirirlər.

İqtisadçı, Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban Azərbaycan İqtisadiyyat Nazirliyinin açıqlama verməsini vacib sayır: “Sanksiyaların avqustun 6-dan qüvvəyə minən birinci mərhələsi İran hökuməti tərəfindən ABŞ dollarının, beynəlxalq birjalardan qiymətli metalların alınmasını qadağan edir. O cümlədən İrandan metal satışına ciddi qadağa qoyur - İran sənayesinin inkişafına imkan verməmək üçün. Sanksiyalar həmçinin İran maşınqayırma sənayesi ilə əməkdaşlıq edən şirkətlərə də aid edilir. Bu, birbaşa Azərbaycanın maraqlarına toxunur. Çünki Azərbaycan İranın maşınqayırma şirkəti olan ”İran Khodro" ilə birgə maşınqayırma zavodu açaraq “Xəzər” maşınlarının istehsalına başlayıb. Bu sanksiyalar qüvvəyə minən kimi Almaniyanın “Mercedes” şirkəti İrandakı uzunillik fəaliyyətini dayandırdığını elan etdi. Azərbaycan tərəfdən də İqtisadiyyat Nazirliyinin bundan sonra layihənin taleyi ilə bağlı hansı addımlar atılacağına dair açıqlama verməsi lazımdır. Sanksiyaların bir istiqaməti də İranın yeyinti sənayesi məhsullarının ixracına qadağa tətbiq olunmasını nəzərdə tutur.

Ä°lham Åaban ile ilgili görsel sonucu

İrandan yeyinti sənayesi məhsullarının ən böyük idxalçısı Ermənistandır. İkinci yerdə Türkmənistan gəlir. Bu baxımdan, sanksiyalardan bu ölkələr də zərər görəcəklər. Azərbaycanın cənub bölgələri də İrandan ərzaq məhsulları alırdı. Alınan məlumatlar göstərir ki, dünəndən (avqustun 8-dən - red.) başlayaraq İran ölkədən kənara ərzaq ixracına məhdudiyyət tətbiq etməyə başlayıb. Görünür, hökumət daxildə qıtlıq yaranması ehtimalını nəzərə alır. Əgər biz əvvəlki sanksiyalar dövrünə nəzər yetirsək (2011-2015-ci illər arasında olan dövr), mən İranın Azərbaycanla iqtisadi əlaqələrdə olan rəqəmi səsləndirmək istəyirəm. Əgər 2007-ci ildə İranla Azərbaycan arasında ticarət dövriyyəsi təqribən 570 milyon dollaradək yüksəlmişdisə (bu pik həddir), sanksiyalardan sonra 2014-cü ildə bu, 120 milyon dollaradək azalmışdı. Məhz sanksiyaların təsiri nəticəsində ticarət əlaqələri zəifləmişdi".

Ä°qtisadçı-ekspert Natiq CÉfÉrli ile ilgili görsel sonucu

İqtisadçı-ekspert Natiq Cəfərli son bir neçə ildə Azərbaycanla İran arasında əlaqələrin daha da genişləndiyini söylədi:“Altılıq ölkələri ilə İran arasında 2015-ci ildə saziş imzalanandan sonra əlaqələr genişləndi, bir sıra iri layihələrin həyata keçirilməsinə başlanıldı. Bunlardan ən vacibi ”Şimal-Cənub" Dəmir Yolu Dəhlizidir ki, Azərbaycan həmin dəhlizin İran ərazisində çəkilməsində həm də bir sponsor rolunu oynayır. Həmin yolun çəkilməsi üçün İrana 500 milyon dollara yaxın kredit verilib. Əlavə 500 milyon dollar da verilməsi gözlənilir. Təqribən bir milyard dollarlıq böyük bir layihədir. Digər tərəfdən, SOCAR-la İran Neft Şirkəti arasında memorandum imzalanıb. Burada SOCAR-ın İran ərazisində neft-qaz yataqlarında payçı kimi iştirak etməsi, texnoloji dəstək göstərməsi kimi məsələlər gündəmdədir. Bununla bağlı İranla ilkin protokol da imzalanıb. Bir də ən böyük layihələrdən biri gələcəkdə İranın TANAP layihəsinə qoşulmasıdır. Bildiyimiz kimi, bu layihə artıq demək olar hazırdır. TAP-ın Avropa hissəsinin isə tikintisi davam edir, 2020-ci ildə bitəcək. Borunun keçid qabiliyyəti isə təqribən 32 milyard kubmetr qazdır. Azərbaycan isə Avropaya təqribən 10 milyard kubmetr qaz verə biləcək. Amma nəzərdə tutulmuşdu ki, İrandan  da təqribən 10-12 milyard kubmetr qaz alınacaq. Bu da tranzit xərclərinin gəlir şəklində Azərbaycanın payına düşən hissəsinin qalmasına xidmət edəcəkdi. Çünki TANAP layihəsinin 57%-i sırf Azərbaycana məxsusdur. Oradan keçən qazın tranzit ödənişlərinin böyük bir hissəsi də Azərbaycana qalacaqdı. İndi bu layihələr, açığı, sual altına düşür. Əsas da TANAP-a İran qazının qoşulması yaxın gələcəkdə mümkün görünmür. Çünki ABŞ noyabr ayının birindən İrandan neft və qazın alınmasını tamamilə qadağan edəcəyi ilə bağlı bəyanat verib, İranda enerji sahəsi ilə bağlı əməkdaşlıq edən ölkələrə və şirkətlərə qarşı sanksiyaların tətbiq olunacağını elan edib. Bu, artıq çox ciddi bir məsələdir. “Cənub-Şimal” dəmir yolu layihəsində də ciddi problemlər var. Çünki Rusiya və İranın  əsas oyunçular olacağı bir layihədir. Burada Azərbaycan tranzit zona kimi iştirak edəcək. Hazırda Amerikanın da Rusiya və İrana qarşı ciddi sanksiyaları var. Yaxın gələcəkdə Kremlə qarşı sanksiyaların daha da gücləndirilməsi gündəmdədir".

N.Cəfərli SOCAR-ın İrandakı layihələrinin ciddi sual altına düşdüyünü də qeyd etdi: “SOCAR İranda neft-qaz sahəsində çalışacaqdı. Amma o sahədə çalışan şirkətlərin ABŞ sanksiyalarına tuş gələcəyi artıq elan olunub. Çox güman ki, SOCAR da bu layihələrdən imtina edəcək. Bununla İranla əlaqələrin çox ciddi şəkildə zəifləməsinin şahidi olacağıq. Neftçalada İranla birgə avtomobil zavodu açılmışdı. Fransız şirkətləri də burada iştirak edirdi. İrandan gətirilən avtomobilin ehtiyat hissələri Neftçalada yığılırdı. Görünən odur ki, fransız şirkətləri də İranla əməkdaşlıq etməkdən imtina edəcəklər. Bu layihə də gələcəkdə sual altına düşə, Neftçaladakı avtomobil zavodu isə fəaliyyətini dayandıra bilər. Azərbaycan indiki şəraitdə həm İran, həm də Qərblə münasibətlərini qorumağa çalışmalı, hər hansı bir cəbhədə yer aldığını göstərməməlidir. İrana qarşı cəbhədə yer almağımız ciddi fəsadlar törədər. İranın Azərbaycanda qurucu bir gücü yoxdur. Amma bir çox şəbəkələrə təsir etmək imkanları var. Bu, gələcəkdə Azərbaycan üçün geosiyasi və geostrateji mənada təhlükələr yarada bilər. Ona görə də bölgədə münaqişələrin olmaması üçün tez-tez sülh çağırışları edərək, sülh yaratmağa çalışan ölkə mövqeyində olmalıyıq. Düşünürəm ki, bu da uzun müddət davam etməyəcək, mövqe bildirmə zamanı gələcək. Burada da Avropa Birliyi ilə paralel hərəkət etməyə gərək var. Çünki birlik ABŞ-dan fərqli olaraq bu məsələlərdə daha az sərt davranır”.(“Yeni Müsavat”)


Tarix: 10-08-2018, 08:58
Xəbəri paylaş





Xəbər lenti