ABŞ üçün sanksiyalardan üstün Azərbaycan layihəsi - “Şahdəniz”…


İlham Şaban: “Bu məsələ Avropanın milli təhlükəsizliyinə gedib çıxır”

Məlumat verdiyimiz kimi, avqustun 7-də ABŞ prezidenti Donald Tramp İrana qarşı sanksiyaların yenidən qüvvəyə minməsinə dair fərman imzalayıb. Fərmana əsasən sanksiyaların birinci mərhələsində İranın qızıl və digər qiymətli metallarla ticarət aparmasına məhdudiyyətlər qoyulur,  İran hökuməti tərəfindən beynəlxalq bazarlarda dollar və qiymətli metal alınması yasaqlanır.

Sanksiyalar həmçinin İran sənayesinin inkişafına təsir edəcək ixrac və idxal əməliyyatlarının qarşısının alınmasına yönəlib, bu ölkənin qida sənayesinin ixracını məhdudlaşdırmağa xidmət edir və İranın dövlət borclarının alınmasına, o cümlədən İranın avtomobil maşınqayırma sənayesinin məhsullarının xarici bazarlarda satışına qadağa qoyur. Sanksiyaların ikinci mərhələsi isə noyabrda qüvvəyə minir və həmin mərhələdə İrandan neft idxalına qadağa qoyulacaq, habelə İranla ortaq layihələrdə işləyən enerji şirkətləri sanksiyaların təsiri altına düşəcək.

Enerji layihələri üzrə mütəxəssis, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın dediyinə görə, ABŞ-ın budəfəki sanksiyaları əvvəlkilərdən sərtliyinə görə kəskin fərqlənir: “Bu sərtlik ondan ibarətdir ki, birinci sanksiyalar  (2012-2015-ci illərdə) yalnız İran şirkətlərinə aid edilirdi. İndi isə həm İran şirkətləri, həm də onlarla əməkdaşlıq edəcək xarici şirkətlər sanksiyaların əhatə dairəsinə düşəcək. Bu məqam İran üçün çox ciddi nəticələrə səbəb olacaq. Sanksiyaların birinci mərhələsi avqustun 6-da qüvvəyə mindi və dərhal da özünü göstərdi: İran rialı kəskin məzənnə itirdi. Sanksiyaların ikinci mərhələsi noyabrın 3-dən 4-nə keçən gecədən qüvvəyə minəcək və əsasən İranın neft-qaz sektoruna qarşı yönəlib”.

Ä°lham Åaban ile ilgili görsel sonucu

Qeyd edək ki, ABŞ sanksiyalarının ikinci mərhələsi İran şirkətinin payçısı olduğu “Şahdəniz” layihəsini vura bilərdi. Lakin maraqlıdır ki, müstəsna hal kimi “Şahdəniz” layihəsi və Azərbaycandan Avropaya qaz nəqlini nəzərdə tutan “Cənub Qaz Dəhlizi” ABŞ-ın İrana qarşı sanksiyalarının təsirindən azad edilir.

“S&P Global” bildirir ki, Cənub Qaz Dəhlizinin və “Şahdəniz” yatağının ABŞ-ın sanksiyalarından kənarda qalacağı prezident Donald Trampın avqustun 7-də imzaladığı fərmanda əksini tapıb (virtualaz.org). Hərçənd fərmanda konkret olaraq bu layihələrin adı çəkilmir.

Məlumatda deyilir ki, bp ABŞ hökumətinə Azərbaycanın “Şahdəniz” yatağının işlənməsi layihəsinin sanksiyalardan kənarda saxlanılması üçün müraciət edib. İranın NİOC şirkəti bu konsorsiumda 10 faizlik paya malikdir və bu da potensial olaraq ABŞ-ın İranın neft sektoruna tətbiq etdiyi sanksiyaların təsiri altına düşə bilərdi.

Lakin Trampın fərmanında Cənub Qaz Dəhlizinə işarə ilə bildirilir ki, “təbii qaz layihəsi istisnadır”. Və ardınca fərmanda 2012-ci ildə qəbul edilmiş Akta istinad edilir. Həmin Aktda “Azərbaycanda qaz hasilatının,  Türkiyəyə və Avropaya təbii qazın nəqlinin sanksiyalardan azad edilməsi” nəzərdə tutulur. Bu qanuna əsasən, Cənub Qaz Dəhlizi Avropanın Rusiyadan energetika asılılığını azaltmağa xidmət etdiyi üçün istisna təşkil edir.

Sayt bildirir ki, “Şahdəniz” sanksiyalardan kənarda qalsa da BP-nin Şimal dənizində İran Milli Neft Şirkəti ilə birlikdə hasilat apardığı “Rhum” qaz yatağı ilə bağlı xahişinə Trampın fərmanında heç bir aydınlıq gətirilmir. Ağ Ev də “Rhum” yatağı barədə məsələni şərh etməkdən imtina edib.

İ.Şaban deyir ki, istisnanın yalnız “Şahdəniz” layihəsi ilə bağlı edilməsi onunla bağlıdır ki, İran bu layihədə yalnız payçıdır: “Bu layihə ilə bağlı məsələ hələ birinci sanksiyalar dövründə qaldırılmışdı. Onda İranın Britaniyadakı layihəsi dayandırıldı, amma ”Şahdəniz" dayanmadı. Sadəcə, İran şirkətinə sanksiyalar dövründə layihədəki payına uyğun mənfəəti almaq qadağan olundu. Həmin mənfəət layihənin o zamankı maliyyə operatoru olan Norveçin “Statoil” şirkətinin hesabına yığıldı, sanksiyalar qaldırılandan sonra İran şirkətinə ödənildi. İndi yenidən İranın iştirakçısı olduğu bu layihə gündəmə gəldi. Xatırladım ki, İrana qarşı sanksiyaların bərpa olunması açıqlanandan sonra ABŞ Dövlət Departamenti iki dəfə “Şahdəniz -2" layihəsi və ”Cənub Qaz Dəhlizi"nin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında strateji yeri olduğuna dair açıqlama ilə çıxış edib. Eyni mövqeni Avropa Komissiyası da sərgiləyib. Yəni bu layihələrin əhəmiyyəti enerji təhlükəsizliyi fonunda Avropanın milli təhlükəsizliyinə qədər  gedib çıxır. Buna görə də nə Avropa Komissiyası (birinci mərhələdə Avropa da İrana qarşı sanksiyalar tətbiq etmişdi), nə də ABŞ hökuməti uzun illərdir yol gələn bu layihələrə kölgə salmayacaqlar. Güman edirəm ki, yenə İran şirkətinin mənfəət payı hansısa hesaba toplanacaq, ABŞ-İran münasibətləri yumşalıb, sanksiyalar aradan qaldırılandan sonra ödəniləcək".(“Yeni Müsavat”)


Tarix: 10-08-2018, 09:20
Xəbəri paylaş





Xəbər lenti