Neft bazarında İrandan əks-hücum: NƏYİ DƏYİŞƏCƏK?


Neft bazarında İrandan əks-hücum: NƏYİ DƏYİŞƏCƏK?

Amerika Birləşmiş Ştatlarının (ABŞ) İrana tətbiq etdiyi sanksiyalar ölkənin maliyyə sektorunu iflic edib.

İstər istehsalda, istərsə də bank-maliyyə sahəsində ciddi böhran hökm sürür. İran rialı sürətlə ucuzlaşır. Hökumət sanksiyalardan yaxa qurtarmaq üçün müxtəlif yollardan istifadə etməyə çalışsa da, ABŞ öz mövqeyindən geri çəkilmək fikrində deyil. Artıq transmilli Avropa şirkətləri ard-arda İran bazarından çıxdıqlarını bəyan edirlər. Maraqlı məqam odur ki, Almaniya hökuməti İran və Rusiyaya qarşı tətbiq olunan sanksiyaların əleyhinə çıxsa da, bu və ya digər formada ABŞ-ın sanksiyalarına qoşulub. Belə ki, bir neçə gün öncə Almaniyanın ən böyük avtomobil şirkəti olan “Mercedes” İrandan çıxdığını açıqlayıb. 

Nəzərə alsaq ki, sanksiyaların böyük hissəsi məhz İranın ən böyük iki istehsal sahəsini - neft və aftomobil bazarını əhatə edir, ölkənin mövcud iqtisdi durumunu təsəvvür etmək elə də çətin deyil. Digər tərəfdən, İranda yaşanan iqtisadi böhran artıq siyasi sferaya istiqamətlənir. Əhali sosial durumun ağırlığını əsas gətirərək İran hökumətinin ciddi islahatlara getməsini tələb edir. Qeyd edək ki, hazırda bütün problemlərin səbəbkarı kimi İran prezidenti Həsən Ruhani göstərilir. Mühafizəkarlar baş verənlərin Ruhani hökumətinin yanlış siyasətindən qaynaqlandığını dəfələrlə bəyan edib.

Bugünlərdə isə İranın Neft Nazirliyi ABŞ sanksiyalarına cavab olaraq maraqlı bəyanatla çıxış edib. Belə ki, nazirlikdən İRNA agentliyinə verilən məlumata görə İran dünya bazarına çıxardığı neftin qiymətini aşağı salacaq. Ekspertlər bu bəyanatı ABŞ sanksiyalarına qarşı müqavimət göstərən İrandan Ağ Evi çaşdıracaq həmlə kimi qiymətləndirir. Maraqlıdır ki, nazirlikdən açıqlama verən şəxsin kimliyi açıqlanmayıb. Bununla belə, həmin şəxs rəsmi agentliyə neft qiymətlərinin aşağı salınacağını deyib. Nazirlik bu qərarın verilməsi zamanı dünya neft bazarındakı tələbləri və digər neft ixracatçısı olan ölkələrin endirimli qiymətlərinin nəzərə alındığını deyib.

Maraqlıdır, İranın bu bəyanatı dünya neft bazarına necə təsir göstərəcək? İran ABŞ sanksiyalarına alternativ olaraq bu yoldan istifadə edə bilərmi?

İqtisadçı alim Fuad İbrahimov “Cümhuriyət” qəzetinə şərhində deyib ki, bu cür bəyanatların heç bir iqtisadi əsası yoxdur. F.İbrahimov qeyd edib ki, bu cür gizli sövdələşmələrin qarşısını alacaq mexanizmlər ABŞ-ın nəzarətindədir: “Bu bəyanatı verən insan nazir də olsa, görünür, iqtisadi dünyadan uzaq biridir. Bu cür bəyanatları politoloq kimi verirlər. Əslində, dünya birjalarında beynəlxalq qaydalara görə əmtəələr günün tələbinə uyğun formalaşır. İstənilən vəziyyətdə bazara birja qiymətindən aşağı təklif də çıxa bilər. Bu artıq rəsmi bazar olmur, burada söhbət “gizli bazar”dan söhbət gedir. Hər hansı fiziki və hüquqi şəxs bu cür gizli sövdələşməyə gedə bilər.

Amma məsələ bundadır ki, bundan sonra gedən proses, yəni sanksiyalar tətbiq olunubsa çox asanlıqla maliyyə əməliyyatlarının qarşısını almaq mümkündür. Sanksiyalarda maliyyə aktivlərinin və əməliyyatlarının dondurulması mümkünsüz deyil. Hər kəsə də bəllidir ki, bu mexanizmlər Amerika Birləşmiş Ştatlarının (ABŞ) təsir dairəsindədir. Bununla yanaşı gizli neft satışını barter əməliyyatı və ya qızı təminatı ilə də aparmaq olar. Amma bu cür yollarla da maksimum 1-2 dəfə əməliyyat aparıla bilər. Yəni, bu baxımdan gizli neft satışı uzun həyatı olmayan sövdələşməyə bənzəyir”.

F.İbrahimov vurğulayıb ki, İranın bu addımı neft bazarına heç bir təsir göstərməyəcək. O, hesab edir ki, bu cür bəyanatların icra mexanizmi yoxdur:

“İranın bu addımının dünya neft bazarına heç bir təsiri yoxdur. Bu sadəcə, bir bəyanat kimi qalacaq və heç icra mexanizmi də olmayacaq. Ona görə də bu cür bəyanatlar, adətən, iqtisadçılar deyil, politoloqlar tərəfindən verilir. Deyilən sözün, səslənən bəyanatın icra mexanizmi olmalıdır. Məsələn, hər hansı bir bəyanat verilirsə, onun həyata keçirilməsinin mexanizmi də açıqlanmalıdır. Bu baxımdan İranın Neft Nazirliyinin bu bəyanatı adi bir söz kimi yadda qalacaq. Bunun heç bir motivasiyası, təsir dairəsi, işləmə mexanizmi yoxdur. Ona görə də hesab edir ki, İranın bu addımı neft bazarına heç bir təsir göstərməyəcək”.

Vilayət Muxtar

Tarix: 16-08-2018, 23:17
Xəbəri paylaş





Xəbər lenti