Türkiyəyə qarşı “dollar savaşı”: Başa çatdı?


Türkiyəyə qarşı “dollar savaşı”: Başa çatdı?

ABŞ prezidenti Donald Trampın Türkiyəyə qarşı iqtisadi hücumlar etməsi türk lirəsinin dollar qarşısında sürətlə dəyər itirməsi ilə nəticələndi.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan xalqı əllərindəki dollarları, avroları və qızılları lirəyə çevirməyə və iqtisadi müharibədə dövlətə dəstək verməyə çağırdı.

Bundan sonra Türkiyənin hər yerində xalq bu çağırışa qoşuldu. Türkiyənin milli valyutasının dollar qarşısında kəskin dəyər itirməsi bu ölkədə fərqli formada kütləvi etiraz aksiyalarına səbəb olub. Diqqət çəkən məqamlardan biri isə Türkiyədə böyük biznesmenlərlə yanaşı, sadə camaatın da bu kampaniyaya gücü çatan qədər dəstək verməsidir. 

Hətta kiçik ticarətlə məşğul olan bir çox şəxs "200 dollar dəyişdirib gələnə tərəvəz pulsuz”, "300 dollar dəyişdirib gələnə hər şey pulsuz” plakatları açaraq, kampaniyaya dəstək veriblər. Bununla yanaşı, dolları lirəyə dəyişdirib evinə qayıdan yolçuları şəxsi avtobuslar pulsuz aparırlar.

Bəzi yerli vətəndaşlar Amerika istehsalı olan mal və məhsullardan kütləvi formada imtina edir. Onların bu etirazı  şəhərin mərkəzi küçələrində, sosial şəbəkələrdə müxtəlif müzakirələrə səbəb olur. Kimi bununla bir irəliləyişə nail olmayacağı fikrində olsa da, bir kəsim də bunu milli məsələ olmasını önə sürərək qərarlarında qətiyyətlilik nümayiş etdirirlər.

İqtisadçı-ekspert Rəşad Həsənov “Cümhuriyət” qəzetinə Türkiyənin dollardan imtina edə bilməsini və hazırkı etirazların nəyi dəyişəcəyini şərh edib. O bildirib ki, atılan addımlar qısamüddətli dövrdə nəticə verə biləcək: “Bu, sadəcə psixoloji faktorlara söykənən bir yanaşmadır. Təbii ki, hansısa formada dövləti dəstəkləmək olar və bu istiqamətdə cəmiyyətin ortaya qoyduğu mövqe əsasdır. Amma hesab edirəm ki, Türkiyə hökuməti bu cür çağırışlar etməməlidir. Çünki bu çağırışlar növbəti dövrlərdə vətəndaşları yoxsullaşdırır. Yəni, vətəndaş əlində olan dolları dəyişməklə, növbəti dövrlərdə TL-nin dəyər itirməsi qarşılığında ciddi şəkildə alıcılıq gücünü itirir. Nəticədə həmin vəsaitlər illərlə qazanılmış vəsaitlərdir. Hesab edirəm ki, bu çağırışlar normal iqtisadi idarəetmədə yolverilməzdir, burada bir problem var. Eyni zamanda bu yolla ölkənin tədiyyə balansını uzunmüddətli dövrdə sabitliyini təmin etməz.

Dolayı yolla milli valyutanın məzənnəsinin qorunmasını təşkil etmək o qədər də asan deyil. Qənaətimcə, bu çağırışlara qoşulanlar da o qədər geniş kütləni əhatə etməyəcək. Bu etirazlara qoşulanlar da ola bilsin ki, görüntü xətrinə bu davranışlara yol verirlər. İnanıram ki, onlar səmimi deyillər. Onlar öz vəsaitlərini imkanları olduğu qədər TL-yə çevirməyə cəhd göstərməyəcəklər. Bu isə yanaşmanın özünün nöqsanlı olduğunu ortaya qoyur. Bu, Türkiyəni xilas edən bir addım deyil. Qısamüddətli dövrdə bazarlarda müəyyən müsbət aura formalaşa bilər. Amma bu, gün ərzində təsir göstərəcək faktordur. Əgər fundamental səbəblər dəyişikliyi istiqamətində qərarlar qəbul edilməzsə və iqtisadiyyatın şaxələndirilməsi, tədiyyə balansının strukturunun təkminləşdirilməsi, eləcə də ixrac daxilolmalarının keyfiyyətinin artırılması, iqtisadi institutların müstəqilliyinin müdafiə olunması və.s bu kimi istiqamətində qərarlar qəbul edilməzsə, o zaman bənzər taktiki gedişlərlə Türkiyəni uzunmüddətli dövrdə TL-nin dəyərsizləşməsindən xilas etmək mümkün deyil”.

İqtisadçı-ekspert Natiq Cəfərli məsələyə münasibəti rəqəmlərlə şərh edib. O hesab edir ki, rəqəmlər siyasi populist liderlərdən fərqli olaraq yalan danışmır: “ABŞ-ın ixracatı toplam 1,1 trilyon dollardır, Türkiyəyə ixracı isə 11-12 milyard dollar təşkil edir. Yəni, Türkiyə Amerikadan mal alsa nə olur, almasa nə olacaq?!  Türkiyə vergilər səviyyəsi ən yüksək olan ölkələrdən biridir, birbaşa və dolayı vergilər var. Türkiyə büdcəsi ABŞ-dan idxal olunan mallara görə ildə təqribən, 3 milyard dollar qazanır, yəni qardaş ölkə üçün kiçik məbləğ deyil. Həmçinin ABŞ məhsullarına qadağa qoyulsa, Türkiyə vətəndaşları vizasız gediş-gəlişləri olan, hətta sürücülük vəsiqəsi ilə belə keçə bildikləri Gürcüstana gedib ordan iPhone alıb, xeyri gürcülərə verəcəklər. Yəni ABŞ yenə öz telefonunu Türkiyəyə satacaq, arada Türkiyə büdcəsi itirəcək. Digər tərəfdən ABŞ-ın satdığı bir çox məhsullar gözlə görünən, əllə toxunulan deyil - proqram təminatını nəzərdə tuturam və bu məhsullar əvəz edilə bilməz. Məsələn, Android-in özü belə Amerika məhsuludur”.

Türkiyə qonşu ölkələrlə ticarətdə dollardan imtina edib öz milli valyutalarına keçə bilərmi?

Ekspert qeyd edib ki, Rusiya Türkiyəyə təqribən 13-14 milyard dollarlıq təbii qaz satır: “Qaz müqavilələri spesifikdir, qiymət neftə bağlı formula ilə və dollarla hesablanır. Qazı dövlət şirkəti satır. Tutaq ki, milli valyuta ilə alış-verişə keçdilər. Qazprom 14 milyard dollarlıq lirəni nə edəcək? Lirə Qazpromun nəyinə lazımdır? Məcburən Türkiyə birjasında dollara, avroya, funta çevirməlidir ki, bu vəsaitdən istifadə etsin. Lirənin məzənnəsi çox oynaqdır deyə yenə dollar-avro ilə qiymət müəyyənləşməlidir. Türkiyə Rusiyaya əsasən aqrar, tekstil və inşaat malları satır. Məsələn, Antalyada bir fermer pomidor əkib və o öz məhsulunu Rusiyaya satır. Türkiyə hökuməti onu necə məcbur edə bilər ki, malını rublla satsın?! Deyək ki, məcbur etdi, o fermer rublu nə edəcək? Rublun da məzənnəsi oynaqdır, deməli qiyməti dollar-avro üzərindən təyin edəcək, rubl alsa da həmin vəsaiti dollara-avroya çevirəcək. Qısası, iqtisadiyyat elmdir, məntiqdir, rəqəmdir, insanları deyil də, onların maraqlarının idarə edilməsidir. Siyasi populizim iqtisadiyyata və xalqa ancaq ziyan verir”.

Yeganə Oqtayqızı
Cebhe.info

Tarix: 16-08-2018, 23:38
Xəbəri paylaş





Xəbər lenti