BAHALAŞMA START GÖTÜRDÜMÜ?..


Söhbətin məğzinə keçməmişdən bir rayon əhlinin sözlərini ərz edim hüzurunuzda. Deyirdi ki, əvvəllər soyuducuya işləyirdik, indisə səhər gətirib axşam yeyirik, heç soyuducuya da ehtiyac qalmır...

Qərəz, Tarif Şurasının ictimai nəqliyyatda gediş haqlarını qaldırmaq haqqındakı qərarından təxminən iki həftə keçəndən sonra benzinin iki markasının qiyməti də bahalaşdı, hərçənd, bunun TŞ-na heç bir aidiyyatı yoxdur.

Adamlar isə hələ də durmadan soruşur ki, bahalaşma yalnız ictimai nəqliyyatı və bəzi yanacaq növlərini əhatə edəcək, yoxsa yenə də ləng şəkildə zəncirvari proseslər baş verəcək və özümüz də hiss etmədən görəcəyik ki, qiymətlər tədricən yuxarı “dırmaşmaqda” davam edir?

Nə demək olardı bu konteksdə? Allah bizdən uzaq eləsin, zəlzələlər zamanı ardıcıl şoklar olur, həyəcanlanma ocağı tam boşalana qədər kiçik tərpənişlər və silkələnmələr davam edir.

İqtisadiyyat belədir, elə ki, böhran özünü biruzə verdi, şoklar davam edəcək, ta o vaxta qədər ki, hökumət iqtisadiyyatın “cilov”larını tamamilə əldən buraxsın və o, da o tərəf - bu tərəfə ləngər vurub axır ki, özünün yeni dayanıqlı tarazlıq vəziyyətini almış olsun.

İlk ciddi şoku bir neçə il öncə yaşadıq. O zaman ölkə iqtisadiyyatı hökumətin köməyilə birtərəhər öz müvazinətini saxlaya bildi və biz də “deyəsən, sovuşdu” – deyib azacıq toxtadıq.

Amma qorxu və təlaş tamamilə çəkilmədi, indi də davam edir, ona görə ki, hökumətin ikibaşlı, “qeyri-səlis” açıqlamaları bir tərəfə, dolların rəsmi məzənnəsinə ötəri baxmaq yetər ki, vəziyyətin hələ də dayanıqsız tarazlıq halında olduğunu anlayasan, çünki lənətə gəlmiş məzənnə o saat göstərir ki, manat dollara nisbətdə dəyərini hökumətin dəstəyilə saxlayır.

Həm də yaxınlarda da deyildi ki, manatın tam üzən məzənnəsinə 2020-ci ildə keçiləcək – bəli, səhv etmirəmsə, belə dedilər...

Odur ki, ürəklərimizdə təlaş və qorxu qalıbdır: bu gün olacaq, sabah olacaq... İqtisadiyyatın filosofları nə qədər desələr ki, guya böhranlar təkcə iqtisadiyyata deyil, elə insanların özünə də kreativ impulslar verir və onları fəallaşdırır, yenə də etiraf etməyə məcburuq ki, çətin böhranları sevən adamlar tapılsın, çünki burada böyük hesabla seviləsi şey yoxdur, ona görə ki, bütün sosial qrupların mobilliyi və immuniteti heç də eyni qədər və ya eyni ölçüdə olmur, bunun qocası, qadını, şikəsti-əlili, çoxuşaqlısı və səriştəlisi-səriştəsizi olur.
Odur ki, öncə ictimai nəqliyyatla bağlı Tarif Şurasının qərarı açıqlananda hamı kimi biz də bərk təşvişə düşdük, çünki dərhal ağlımıza bircə sual gəldi: daha böyük bahalaşmanın ərəfəsi deyil ki, bu?..

Buna tam adekvat cavabı hələ də almamışıq, ona görə ki, adətən belə sualların heç cavabı da olmur, əksinə hökumətlər and-aman edir ki, sakit olun, hər şey qaydasındadır, bahalaşma-filan olmayacaq, amma bir müddətdən sonra başlanır və nə başlanır – bir də ayılıb görürük ki, bəs, manatımız gedib düz quyunun dibinə! Deyim ki, hər yerdə belə olur, heç yerdə iki ay irəli elan etmirlər ki, camaat, filan gün bahalaşma olacaqdır, çünki bunun elə ağır, elə panik nəticələri olar ki, tək iqtisadiyyat yox, çox şey kəllə -çarx vurar!..

Amma mənə elə gəlir ki, şanlı məmurlarımızın heç də hamısı sirr saxlamağı bacarmır. Tarif Şurasının qərarlarından əvvəl bir də görürsən ki, bəli, mağazalarda bəzi mallar “yoxa çıxıbdır” və satışda yoxdur. Bəli, elə ki, Şura qərarını açıqlayır, həmin mallar dərhal üzə çıxır – deməli, ortada hansısa rabitə var.

Hərçənd, əslində burada da təəccüblü şey yoxdur, bizdə hər şeyə məmurlarımız özləri nəzarət edirlər, siyasət kimi iqtisadiyyatın da “ağır yük”ü onların çiyinlərindədi, çünki “azad işgüzar təbəqə”, “biznes adamı” funksiyalarını da biçarə məmurlarımızın özləri daşımaqdadırlar.

Neyləsinlər, bu cür vacib işi başqalarına etibar etmək olarmı? Pul başqalarına keçərsə, hakimiyyət də az müddətdən sonra həmin adamlara tərəf sürüşməzmi? Və yaxud da sabah pensiyaya çıxandan sonra onları oğul-uşaq, qohum-qardaş qınamazmı ki, bəs hanı sənin milyonların, hanı İngiltərədə qəsrlərin və yaxud Almaniyada mülklərin?..

Nə isə. Bunlar bir azacıq “fəlsəfi” xarakterli məsələlərdi, bizsə tarix boyu fəlsəfədə axsamışıq, yunanların, romalıların əsərlərinə “şərh”lər yazmışıq. Sonra da avropalılar bizim filosofların əsərlərindəki şərhləri gərəksiz şey kimi silib, sırf yunan və Roma filosoflarına aid olan fikirləri seçib - toplayıblar və beləcə, antik dünyanın fəlsəfi inciləri bərpa edilib.

Bax, “nə isə” dedim, amma fikir məni yenə də başqa səmtə apardı. Qayıdaq Tarif Şurasının qərarına. “Əsaslandırması” bu, oldu ki, guya xidmətin keyfiyyəti durmadan yüksəlir və bu, da əlavə xərclər tələb edir!

Biz də ictimai nəqliyyatdan daim istifadə edən insanlarıq. İnkar etmirik ki, bu sferada da yeniliklər var. Amma mənim istifadə etdiyim avtobuslar azı on il bundan əvvəlkilərdir, düzdür, bizi problemsiz mənzil başına çatdırırlar, özü də vaxtında, amma ki, bunlar bəzi azsaylı xətlərdəki yeni avtobuslardan deyil.

Olsun. Görünür, sərnişin xidmətilə məşğul olan şirkətlərimiz öncə camaatdan pul yığacaq, daha sonrasa bütün marşrutlara yeni avtobuslar buraxacaq. Nə deyirik, bunu da gözlərik, nədən olmasa da, səbr sarıdan həmişə bolluq olub bizdə.

Amma deyəsən, çox gözləməli olmayacağıq. Elə bu günlərdə prezidentin sərəncamı ilə şəhərə 300 yeni avtobusun gətirilməsi üçün təxminən 48 milyon manat vəsait ayrıldı. Düzdür, bildiyimizə görə, bu ədəd Bakının avtobus parkı üçün yetərli deyildir, şəhərdə təxminən 2000 avtobus var.

Amma, necə deyərlər, buna da şükür –hər şey birdən olmaz ki! Ona görə də bir az səbrli olun.

Region iqtisadi təlatümlər yaşasa da, Türkiyə və İran, hətta şimal qonşumuz Rusiya çox ciddi problemlərlə üzbəüz qalsalar da, hələki bizi yaxın dövrdə hansısa təhdidlər gözləmir.

Həm neftimizin qiyməti yüksək səviyyədədir, həm də bizim məmurlarımızdan savayı təhdidimiz yoxdur: bu adamların vaxtı azdır, uzağı 10-15 il vəzifədə olurlar və qısa müddətdə kötücələrinin də problemlərini həll etməlidirlər. Sizlərə asanmı gəlir bu?..
Qərəz, sizlərə də, elə özümə də bu bir-iki sətirlə təskinlik vermək istədim. Amma deyəsən, proses benzindən başladı axı? Əvvəl ikisi olar, sonra isə...

Hüseynbala Səlimov
Tarix: 22-08-2018, 13:31
Xəbəri paylaş





Xəbər lenti