Altı ayda büdcədən ən çox pay hara gedib?


Dövlət əsaslı vəsait qoyuluşu xərcləri artıqlaması ilə icra edilib


2018-ci ilin yanvar-iyun aylarında Azərbaycan dövlət büdcəsi xərcləri üzrə yalnız aprel və may aylarında icra edilmiş məbləğ nəzərdə tutulmuş məbləğdən az olub. Hesablama Palatasının apardığı təhlildən aydın olur ki, yanvar ayında proqnoz və faktiki göstəricilər üst-üstə düşüb, digər aylarda proqnoza riayət edilməyib.

Musavat.com Hesablama Palatasına istinadən xəbər verir ki, birinci yarımildə dövlət büdcəsinin xərcləri 9 milyard 524,3 milyon manat məbləğində icra edilib ki, bu da il üçün nəzərdə tutulmuş büdcə xərclərinin 45,3 faizinnə, altı ay üçün proqnozlaşdırılmış xərclərin isə 101,8 faizinə bərabərdir.

2018-ci ilin ilk altı ayında dövlət büdcəsi xərclərinin funksional təsnifat üzrə icrasında daha böyük xüsusi çəki “Sənaye, tikinti və faydalı qazıntılar” (22,8 faiz), “Müdafiə” (16,7 faiz), “Ümumi dövlət xidmətləri” (16,9 faiz) və “Sosial müdafiə və sosial təminat” (12,7 faiz) bölmələrinə aid olub.

Proqnozlaşdırılmış məbləğlə müqayisədə cari ilin 6 ayında ümumilikdə 222,2 milyon manat məbləğində vəsait icra edilməyib. Bu məbləğdə ən yüksək paya “Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi” (37,6 faiz) bölməsi malik olub. Dövr üçün proqnoza nisbətən icra faizi də müvafiq bölmə üzrə ən aşağı (71,3%) olub.
Hesabat dövründə bir neçə köməkçi bölmə üzrə xərclərin icra səviyyəsi nəzərəçarpacaq dərəcədə aşağı olub. Belə ki, “Su təsərrüfatı” köməkçi bölməsi üzrə icra səviyyəsi 9,7 faiz, “Ehtiyat fondları” 13,0 faiz, “Əsas bölmələrə aid edilməyən sair xidmətlər” köməkçi bölməsi üzrə 18,2 faiz təşkil edib.

2018-ci ilin dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün ayrılmış 4 milyard 824 milyon 200,0 min manat vəsaitin 2 milyard 163 milyon 160,0 min manatı (46,8 faizi) istifadə olunub ki, icra edilən məbləğ dövlət büdcəsi xərclərinin 6 ay üçün nəzərdə tutulmuş icra faizini 3,6 faiz bəndi qədər üstələyir.

2018-ci ilin 6 ayı ərzində 34 sifarişçi təşkilat üzrə 286 milyon 341,0 min manat məbləğində 84 layihənin icrasına başlanılmayıb, 24 sifarişçi təşkilat üzrə 202 milyon 482,5 min manat dəyərində 81 layihə üzrə vəsaitlər tam istifadə olunub.
Dövlət büdcəsinin Ehtiyat Fondu üzrə 6 ay ərzində Nazirlər Kabineti tərəfindən imzalanmış 21 sərəncama əsasən ayrılması nəzərdə tutulan məbləğ 35 milyon 678,6 min manat, 29.06.18-ci il tarixə faktiki açılmış maliyyələşdirmə məbləği 22 milyon 703,1 min manat və imzalanmış sərəncamlara əsasən açılmamış maliyyələşdirmə məbləği isə 12 milyon 975,5 min manat olub. Hesabat dövründə 6 təşkilat üzrə imzalanmış sərəncamlara əsasən təsdiq edilmiş məbləğ üzrə maliyyələşmə ümumiyyətlə açılmayıb, 5 təşkilat üzrə maliyyələşmə açılmasına baxmayaraq, 9 milyon 097,5 min manat məbləğində qalıq vəsait qalıb, 9 təşkilat üzrə isə açılmış maliyyələşmə tam məbləğdə icra edilib.

Hesabat dövründə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondu üzrə 18 imzalanmış sərəncam üzrə 59 milyon 800,0 min manat vəsaitin ayrılması nəzərdə tutulub, 29.06.2018-ci il tarixə 34 milyon 050,0 min. manat və ya sərəncamlar üzrə nəzərdə tutulmuş vəsaitin 56,9 faizi həcmində maliyyələşmə açılmış, 25 milyon 750,0 min manat məbləğində vəsait isə imzalanmış sərəncamlara əsasən açılmamış maliyyələşdirmə məbləği təşkil edib. Hesabat dövründə 8 təşkilat üzrə imzalanmış sərəncamlara əsasən maliyyələşmə ümumiyyətlə açılmayıb, 5 təşkilat üzrə maliyyələşmə açılmasına baxmayaraq 10 milyon 950,0 min manat məbləğində qalıq vəsait qalıb, 11 təşkilat üzrə isə açılmış maliyyələşmə tam məbləğdə icra edilib.

Xərclərin iqtisadi təsnifatına görə 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə mütləq ifadədə ən çox artım 776,8 milyon manat olmaqla “Qeyri-maliyyə aktivlərinin alınması” bölməsi, azalma isə 13,6 milyon manat olmaqla “Təqaüdlər və sosial müavinətlər” bölməsi üzrə müşahidə edilib.

İl ərzində xarici valyuta ilə 2 milyard 378,5 milyon ABŞ dolları məbləğində vəsaitin icra ediləcəyi proqnozlaşdırılıb, hesabat dövründə bu məbləğin 52,1 faizi icra edilib. Cari ildə xarici valyuta ilə ödənilməsi nəzərdə tutulmuş cəmi məbləğin 52,8 faizi və hesabat dövründə icra edilmiş cəmi məbləğin 43,7 faizi xarici dövlət borcuna xidmət xərclərinin payına düşüb.

Hesablama Palatasına təqdim edilmiş hesabatlara əsasən 31.12.2017-ci il tarixi ilə müqayisədə cari ilin 6 ayı ərzində debitor borcların məbləğində artım olub, ötən ilin sonuna mövcud olan borc 32,9 faiz artıb. Debitor borclarda hesabat dövründə müşahidə edilən artım məbləği müvafiq dövrdə icra edilmiş büdcə xərclərinin 7,3 faizinə bərabərdir.

Debitor borcların iqtisadi təsnifat üzrə strukturuna gəldikdə isə, qeyd olunmalıdır cəmi debitor borcun 98,1 faizi “Digər xərclər” və “Qeyri-maliyyə aktivlərinin alınması“ bölmələrinin payına düşür.

Dövlət Neft Fondunda idarəetmədə olan vəsaitlərə görə cari ilin 6 ayının yekunları üzrə 6,2 milyon ABŞ dolları məbləğində faiz gəlirləri hesablansa da, qeyd olunan mənbə üzrə vəsait daxil olmayıb.


Tarix: 30-08-2018, 16:57
Xəbəri paylaş





Xəbər lenti