Dollardan imtina üçün sistem yaradılması: Azı 15 il tələb edir - EKSPERT


Dollardan imtina üçün sistem yaradılması: Azı 15 il tələb edir - EKSPERT

Bir neçə ölkənin ABŞ dollarından imtina prosesinə İran və İraq da qoşulub. Bu iki ölkə də ticari əməliyyatlarda dollardan imtina etməyə qərar verib. İran-İraq Ticarət Palatasının sədri Yəhya İshaqın mətbuata verdiyi açıqlamaya görə, İran və İraq arasındakı ticari əməliyyatlardan dollar çıxarılıb. O qeyd edib ki, artıq ticari əməliyyatların bir çoxu avro, rial və İraq dinarı ilə həyata keçirilir. Bir müddət əvvəl isə Rusiya, Türkiyə və Çin də öz aralarındakı ticarət əməliyyatlarında dollardan imtina ilə bağlı ilkin danışıqlar aparmışdılar. Dünyanın tanınmış ekspertləri bunu mümkünsüz hesab edir. Onların iddiasına görə, adıçəkilən ölkələr öz aralarındakı ticarətdə dollardan imtina etsə də, sonda yenə əməliyyatların ucu gedib ABŞ-a çıxır. Ekspertlər izah edir ki, hazırda bank əməliyyatları zamanı pulların köçürülməsi üçün ABŞ-ın yaratdığı "Svif" sistemindən istifadə mütləqdir.  Sözügedən sistemin ABŞ-da yerləşməsi isə vəziyyəti qəlizləşdirir. Yəni İran, İraq, Çin, Türkiyə və Rusiya aralarındakı ticari əməliyyatları öz valyutalarında aparmaları üçün gələcəkdə gərək belə sistem yaratsınlar. 

Bəs görəsən sözügedən ölkələr özlərinin bu cür sistemini yarada bilərlərmi? 

Bu sualla iqtisadçı- ekspert Fuad İbrahimova müraciət etdik. Məsələyə münasibət bildirən F.İbrahimov Cebhe.info-ya açıqlamasında bildirdi ki, nəzəri cəhətdən sözügedən ödəmə sisteminin yaradılması mümkündür. Onun sözlərinə görə, ABŞ-a məxsus sistemin dublikatın yaratmaq əslində çətin olmamalıdır: 

"Ancaq, burada bir məsələ var. Sözügedən instutsional mərkəzin ABŞ-nın nəzarətində olmasını nəzərə alsaq, bu prosesin, ümumiyyətlə sistemin dublikatın yaradılması üçün ən azından 15-20 ilədək zaman lazımdır. Yəni bir sözlə, bundan ötrü də çox ağrılı bir prosesdən keçmək lazımdır. Dünya iqtisadiyyatına inteqrasiyadan kənarlaşmaq lazımdır. Bir çox məsələlərdə, indiki dövr üçün çox ağrılı qurbanlar vermək lazımdır". 

İndiki zamanda Rusiyanın bu sistemi yaratmağa hazır olduğunu deyən ekspert hesab edir ki, rəsmi Moskvanın genetik şəkildə istəbilən çətinliyə dözümlülüyü var: 

"Ancaq İran, İraq, Çin bu proseslərə gedəcəkmi? Əslində, bu nöqteyi-nəzərdən bu uğursuz bir fikirdir. Bu proses mərhələli formada, yavaş-yavaş, 15-20 il ərzində həyata keçirilsə daha məqsədə uyğun olar. O ki, qaldı dollardan imtinaya. İstənilən ticarət əməliyyatında dollardan imtina etmək olar. Ancaq alternativ ölçü vahidi var, yaxud avro, yaxud digər dönərli valyutalar var ki, onlardan istifadə mütləqdir. Ancaq yenə axırda köçürmələr poçtla həyata keçirildiyindən məsələ gəlib ABŞ-nın sisteminin nəzarəti altına düşür. Ona görə də hesab edirəm ki, sözügedən ölkələr dollardan imtinadan öncə, ABŞ-dakı sistemin eynisindən yaratmalıdırlar".


Tarix: 4-09-2018, 14:07
Xəbəri paylaş





Xəbər lenti