Varlılar maşınlarını baha benzinə görə qazlaşdırır


Ərşad Hüseynov: “Azəbaycanda nəqliyyat qurumlarına tövsiyə olunub ki, nəqliyyat vasitələrini sıxılmış qaz sisteminə keçirsinlər”
Azərbaycanda benzinlə işləyən avtomobillərə sıxılmış qaz sistemlərinin (LPG) quraşdırılması sürətlənib. Bunun əsas səbəbi ənənəvi yanacaq növlərinin qiymətlərinin artmasıdır. Böyük həcmli mühərrikləri olan avtomollərin xərcləri artıq imkanları geniş olan sahiblərinin gözünə də az görünmür. Odur ki, varlılar “acgöz” mühərrikli maşınlarına sıxılmış qaz sistemlərini quraşdırılmasına üstünlük verməyə başlayıblar.

Belə sistem 4 silindirli “VAZ” markalı nəqliyyat vasitəsi üçün 700-800 manat, məsələn, “Dodge Durango” markalı, 6 silindirli mühərriklə təhciz olunmuş avtomobil üçünsə 1550 manatdan başlayır. Azərbaycanda EKO qaz kimi tanınan bu yanacaq növü sistemləri quraşdıran texniki təmir stansiyaları az deyil. Sıxılmış qaz satan yanacaqdoldurma məntəqləri isə əksinə, tələbata uyğun sayda deyil və ya şəhərin əksər yerlərində belə YDM-lər yoxdur.

Ümumiyyətlə isə dünyada, xüsusən Avropa ölkələrində EKO qaz sistemi ilə işləyən avtomobillərə üstünlük verilir. Azərbaycanda belə sistemlərin quraşdırılması getdikcə kütləvi hal almaqdadır.

EKO qaz sistemlərinin quraşdırılması və təhlükəsizlik tədbirləri ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynovun fikirlərini öyrəndik.

Ekspert deyir ki, LPG sistemli avtomobillərin artması ümumilikdə ölkədə nəqliyyatın ekologiyaya vurduğu ziyanın qarşısını almaqda irəliləyişə səbəb olacaq: “Bu gün dünyanın hər yerində sıxılmış qazla işləyən nəqliyyat vasitələrinə üstünlük verilir.

Avropanın inkişaf etmiş ölkələrində, Fransada, İtaliyada iri avtobusları, yük avtomaşınlarını kütləvi surətdə sıxılmış qaz sisteminə keçirməyə başlayıblar. Sıxılmış qazın 2 üstünlüyü bu addımları şərtləndirir - sıxılmış qaz ekoloji cəhətdən daha təhlükəsizdir, yanma məhsulları ətraf mühitə az ziyan vurur. Tərkibi propan, metandır, yananda kükürd qazları, nitrat oksidləri əmələ gəlmir.

Benzinin yanma məhsullarından qat-qat təhlükəsizdir. Bir də sıxılmış qaz benzindən qat-qat ucuzdur. Ucuzluğunun səbəbi də istehsalının daha asan və tez başagələn olmasıdır. Nefti benzinə çevirmək üçün böyük bir zavod tikilməli, böyük sərmayə qoyulmalıdır. Xüsusi laboratoriya olmalı, mürəkkəb kimyəvi proseslər aparılmalıdır. Sıxılmış qazı almaq üçün təbii qazın tərkibini bir qədər saflaşdırırlar, yüksək təzyiq altında sıxırlar, nətliyyatda istifadə edilən yanacaq kimi istifadəyə yararlı hala gəlir. Buna görə də dünyanın hər yerində sıxılmış qaza kütləvi keçid dövrü yaşanmaqdadır”.

ÐаÑÑинки по запÑоÑÑ ÉrÅad hüseynov

Ekspert deyir ki, Azərbaycanda da artıq iki dövlət qurumu - Dövlət Neft Şirkəti ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi birgə araşdrıma aparıblar. Araşdırmalardan sonra nəqiyyat qurumlarına tövsiyə olunub ki, nəqliyyat vasitələrini sıxılmış qaz sisteminə keçirsinlər: “Bu, çox gözəl təşəbbüsdür. Vətəndaşlar öz nəqliyyat vasitələrini sıxılmış qaz sisteminə keçirirsə, həm maddi cəhətdən qazanırlar, həm də ekologiyaya zərərləri qat-qat azaltmış olurlar. Azərbaycan qanunlarında nəqliyyat vasitələrinin sıxılmış qazla işləməsi nəzərdə tutulur. Kim öz nəqliyyat vasitəsini sıxılmış qaz sisteminə keçirmək istəyirsə, Baş Dövlət Yol Polisi İdarəsinin Elmi Tədqiqat Laboratoriyasına avtomobilini təqdim etməklə müraciət etməlidir. Laboratoriyadan sıxılmış qaz sisteminin nəqliyyat vasitəsinə quruaşdırılması üçün rəy alınmalıdır. Rəy almaq üçün xüsusi bir prosedur yoxdur. Dünyada formalaşmış təcrübə var.

Belə sistemi müasir benzin mühərrikli maşınlarda quraşdırmaq çox sadədir. Dizel yanacağı ilə çalışan mühərriklərə də bu sistemin quraşdırılması mümkündür, amma əlavə hissələr lazımdır. Ümumi götürəndə sıxılmış qaz sisteminin bütün nəqliyyat vasitələrində quraşdırılması mümkündür. Sürücü sıxılmış qaz sisteminin quraşdırılması haqda rəy alandan sonra sistemin quraşdırılmasını təmin edir. Sıxılmış qaz sistemini quraşdıranların xüsusi sertifikatları olmalı, sıxılmış qaz çəninin, qaz çənindən sıxılmış qazı mühərrikə çatdıracaq magistral kəmər, sıxılmış qazı mühərrikə ötürəcək qurğular da uyğun olmalıdır. Həmin sistemi quraşdran şirkət xüsusi arayış verir və həmin arayışda yazılır ki, quraşdırılan sistem təhlükəsizlik qaydalarına uyğundur. Buna zəmanət verilir. Sürücü sıxılmış qaz sisteminin quraşdırılması haqda arayışla yol polisinə müraciət edir. Nəqliyyat vasitəsinə texniki baxış keçirilir, qeydiyyat şəhadətnaməsi verilir. Sənədlərin dəyişdirilməsi üçün ümumilikdə 45 manat dövlət rüsumu ödənilir. Rəyin verilməsi üçün rüsum yoxdur”.


Ekspert deyir ki, sıxılmış qaz sistemi quraşdırılan nəqiyyat vasitələrinin fərqləndirilməsi həyata keçirilmir:“Qanunvericilikdə sıxılmış qazla işləyən nəqliyyat vasitələrinin xüsusi bir fərqləndirmə nişanı nəzərdə tutulmayıb. Xaricdən Azərbaycana gətirilən və istehsalçı tərəfindən sıxılmış qaz sistemi quraşdırılan nəqliyyat vasitələri üçün əlavə hər hansı bir sənədin alınması tələb edilmir”.

Baş Dövlət Yol Polisi İdarəsindən bildiriblər ki, yanacaq sisteminin dəyişdirilməsi ilə bağlı müvafiq rəy alınmalıdır. İcazə alındıqdan sonra müvafiq lisenziyası olan, texniki təmir stansiyalarında zəmanətlə bu sistem quraşdırılır. Quraşdırılmadan sonra yanacaq sisteminin dəyişdirilməsi ilə bağlı Dövlət Yol Polisində təkrar qeydiyyat aparılır. Avtomobilin şəhadətnaməsində hansı qaz yanacağı ilə işləməsi barədə xüsusi qeydlər yazılır".

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Tarix: 12-09-2018, 08:43
Xəbəri paylaş





Xəbər lenti