Azərbaycan üçün yeni FÜRSƏT


Azərbaycan üçün yeni FÜRSƏT

Avropanın da Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yükdaşımalara marağı artıb.

Belə ki, Rumıniyanın dəmiryolu sahəsində ən böyük özəl yük və logistika operatoru "Grampet Group" Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinə qoşulub. Bu, marşrutun iştirakçısı olan ilk Avropa şirkətidir. Şirkətin prezidenti Gruia Stoica bildirib ki, rəhbərlik etdiyi şirkət 20 il bundan əvvəl Şimal dənizi ilə Şərqi Çin dənizi arasında dəmir yolu əlaqəsi yaradıb: "O vaxt kiçik bir şirkət idik. Bu gün isə Avropanın sənaye liderlərindən biriyik. "Grampet Group", təxminən, 20 min vaqonu və 400 lokomotivi olan parkı idarə edir".

İş adamının sözlərinə görə, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi Rumıniyanın və qonşu ölkələrin intermodal hərəkətini inkişaf etdirəcək: “Bu, Rumıniyanı Avropa və Asiya üçün logistika platformasına çevirə bilər və 100 minə yaxın yeni iş yerinin yaradılması, dövlət büdcəsinə 1 milyard avrodan artıq vəsaitin daxil olması deməkdir". 

Qeyd edək ki, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin uzunluğu 9 500 km-dir. Bunun 860 km-i Rumıniya ərazisindən keçir. Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın yük daşımaları ilə məşğul olan müvafiq qurumlarının iştirakı ilə yaradılıb. Daha sonra ona Ukrayna, Rumıniya və Polşanın da aidiyyəti qurumları qoşulub.

TRASEKA-nın milli katibi Akif Mustafayev “Cümhuriyət” qəzetinə bildirdi ki, TRASEKA proqram kimi 1993-cü ildə Brüsseldə qəbul olunub. O bildirib ki, bu proqramın məqsədi sovet ittifaqından  müstəqillik əldə etmiş dövlətlərə texniki yardım göstərməkdir: “1993-cü ildən 1998-ci ilə qədər TRASEKA proqramı çərçivəsində Avropa komissiyasının maliyyələşdirməsi hesabına müəyyən texniki proyektlər işləndi. Mərhum prezident Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci il sentyabrın 7-8-də Bakı şəhərində 9 ölkənin (Azərbaycan, Türkiyə, Gürcüstan, Ukrayna, Moldova, Rumıniya, Bolqarıstan, Özbəkistan, Qırğızıstan) dövlət başçısı, 13 beynəlxalq təşkilat və 32 dövlətin nümayəndə heyətinin iştirakı ilə tarixi İpək Yolunun bərpasına həsr olunmuş beynəlxalq konfrans keçirildi.

İki gün keçən tədbirin sonunda, TRASEKA-nın konstitusiyası dediyimiz “Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli  Saziş”i imzalandı. Bu gün də qüvvədə olan həmin sənəddə tariflər, güzəştlər, gömrük, daşımaçılıq, tranzit, daimi katibliyin yaradılması və.s bütün məsələlər öz əksini tapıb. 

Əsas layihələr bu sammitdən sonra başladı və Avropa Komissiyasının maliyyəşdirməsi hesabına 170-ə yaxın layihə icra edildi. Bunun təqribən 20-i investisiya layihəsi idi. Misal kimi Komissiya tərəfindən Qazax rayonunda Gürcüstanla sərhədə olan Qırmızı Körpü və ya Sınıq körpünün tikintisinə 2. 5 milyon avro vəsait ayırmasını və onlarla belə nümunə göstərə bilərik. Son 3 il olar ki, Avropa Komissiyası bu maliyyəşmədən əlini götürüb. Hazırda bizim maliyyələşmə yalnız dövlətlər tərəfindən olur. Dövlətlər üzvlük haqqı ödəməklə mənzil qərargahının fəaliyyəti, həm də TRASEKA-ya üzv dövlətlərdə olan nümayəndəliklərin saxlanılması üçün pul xərclənir”.

Akif Mustafayev qeyd edib ki, Rumıniya TRASEKA Əsas Çoxtərəfli  Sazişə üzv dövlətlərdən biridir: “1998-ci ildə imzalanan sazişə əsasən Azərbaycandan Ermənistana gedən bütün yollar bağlıdır. Azərbaycan öz dediyinə sadiq qalıb və o vaxtdan bu günə qədər Ermənistan bütün beynəlxalq nəqliyyat layihələrindən kənarda qalıb. Bu məsələ Azərbaycanın işğal altda olan torpaqları azad edilməyənə qədər qüvvədə olacaq. Demək olar ki, biz buna nail olmuşuq”.

TRASEKA-nın milli katibi yükdaşımalarda həll olunmamış müəyyən problemlərin hələ də qaldığını deyib: “Yaxınlarda Türkiyə ilə Bolqarıstan arasındakı Kapıkule gömrük-keçid məntəqəsində 18 kilometr uzunluğunda növbə yaranmışdı. Bu, Bakının yarısı deməkdir. Türkiyədən Boqlarıstana keçmək üçün 1400-dən çox ağırtonnajlı yük maşını növbə gözləyirdi. Keçiddəki sıxlığın səbəbi açıqlanmırdı, amma maneə Bolqarıstan tərəfdən yaradılmışdı. Minlərlə maşın sərhəddə dayanır ki, hansısa siyasi və ya gömrük məsələsi həll olunmayıb. Böyük ehtimalla həmin növbənin içərisində digər region ölkələrinin yük maşınları olduğu kimi, Azərbaycana məxsus yüklər də var. Buna reaksiya verən də yoxdur. Bəzən yük maşınları həftələrlə növbədə dayanır. Nəzərə almaq lazımdır ki, burda xarab olan yüklər var. Dövlətlər istəyəndə bu narazılığı aradan qaldırırlar.

Biz nəqliyyat vasitələrinin bu cür maneələrlə qarşılaşmaması üçün Qara dəniz vasitəsilə Rumıniyanın Konstantsa limanı terminalına göndəririk. Baxmayaraq ki, burada nəqliyyat vasitələri multi və intermodal daşımalar səviyyəsindən çıxır, adi daşımalara çevrilir, amma bu yol daha rahat və ucuz başa gəlir. Məcburuq ki, həmin ağırtonnajlı yük maşınlarını bərələrə mindirib Konstantsa limanına, oradan çıxandan sonra da quru yolla Avropaya doğru hərəkət etsin. Halbuki həmin yük maşınları birbaşa quru yolla Türkiyədən Bolqarıstana, oradan da Avropanın hər bir yerinə keçə bilər. Nə qədər ki, fəaliyyət var, problemlər də olacaq. Problemlər həm iqtisadi, həm də siyasi səbəblərdən yaranır”.

Akif Mustafayev hesab edir ki, hazırda Azərbaycan regionun nəqliyyat logistik tranzit mərkəzi kimi elan edilə bilər: “Əlbəttə, problemlər var, amma potensial böyükdür. Biz bu potensialdan tam istifadə edə bilmirik. Üstəlik, nəzərə almalıyıq ki, Çində “Bir kəmər - bir yol” konsepsiyası qüvvədədir. Həmin konsepsiya həm Avrasiya, həm də Avstriya regionunu nəzərə alır. Çində yük axını potensialı o qədər böyükdür ki, onun 92 faizi dənizlə daşınır, yerdə qalan 8 faizini Azərbaycan, Rusiya və başqa dövlətlər əhatə edə bilmir. Quru yolla daşınan yüklər daha çox Rusiya ərazisindən gedir. Bu yol daha əlverişlidir. Çünki  Rusiya, Qazaxıstan və Belarus Avrasiya İqtisadi Birliyinə, Vahid Gömrük İttifaqına daxildir. Onlar eyni birlikdə və ittifaqda olan həmkarlar kimi bir-birindən çox böyük rüsum və vergi tutmurlar. Bu baxımdan sərhəd-keçid məntəqələrində il ərzində minlərlə qatar keçir. Rusiya onu çatdırıb daşıya bilmir”.

TRASEKA-nın milli katibi onu da vurğulayıb ki, Bakı-Tibilisi-Qars dəmiryolu xətti işə düşəndən sonra Azərbaycandan gedən yüklərin sayı bir qədər artıb: “Əvvəllər Rusiya Azərbaycandan gedən layihələri çox da alqışlamırdı. Amma son zamanlar Rusiya Azərbaycanın beynəlxalq layihələrinə müsbət baxır. Rusiyanın məhsulları Azərbaycan üzərindən Türkiyə, eləcə də Avropaya çıxarılır. Yüklər artmaqda davam edir, bunu daha da sürətləndirmək lazımdır. Çünki rəqabət böyükdür. Biz demirik Rusiya ilə rəqabət aparırıq. Çində potensial o qədər böyükdür ki, daşımaçılığın cəmi 3 faizini Rusiya əhatə edə bilir. Əgər Azərbaycan da həmin potensialın 3-5 faizini əhatə edə bilsə, ölkəmizdən milyonlarla konteyner keçə bilər. Hansı ki, Azərbaycanın ərazisindən cəmi 17 konteyner yükü keçir. Sözsüz ki, bunun üçün görüləsi işlər hələ çoxdur.

Bakı-Tbilisi-Qars bağlantısında tariflər razılaşdırılmalıdır, daha cazibədar taariflər qəbul edilməlidir. Vahid taarif sisteminə keçmək çox çətin məsələdir. Bu qədər dövlətləri bir araya yığmaq üçün müəyyən addımlar atılır. Belə ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində bir assosiasiya yaradılıb. Bura Azərbaycanın, Türkiyənin, eləcə də bir sıra dövlətlərin dəmiryolçu daşıyıcıları daxildir. Bu assosiasiya Astanada yerləşir və ildə bir dəfə toplaşıb razılşadırlımış taarifləri qəbul edirlər. Amma bu, hələ vahid taarif deyil. Vahid taarif - dəhlizin o başından bu başına yük daşımasının neçəyə başa gələcəyini bilməkdir. Vahid taarif o vaxt tətbiq olunur ki, vahid operator olur. Yəni bir daşıyıcı bütün daşımaları öz üzərinə götürür və istənilən maliyyə məsələsini həll edir. Vahid taarif müəyyənləşəndən sonra hər dövlətin, hər daşıyıcının öz payı verilir. Buna çata bilməsək də, hər halda razılaşdırılmış taariflər var. Bu razılaşmalarda müəyyən güzəştlər də nəzərdə tutulub”.

Akif Mustafayev Bakı-Tibilisi-Qars dəmiryolu bağlantısında dəmiryol təkərləri arasında fərqin olduğunu da diqqətə çatdırıb: “Ümumiyyətlə, Azərbaycanda dəmiryol təkərləri arasında məsafə daha genişdir, Türkiyə və Avropa dövlətləri arasında olan məsafə isə dardır. Buna görə də biz Gürcüstan-Türkiyə sərhəddində qatarların təkərlərinin Avropa standartlarına uyğun dəyişilməsinə məcburuq. Belə olan təqdirdə, yükdaşımaların həcmi dəfələrlə arta bilər. Təkərlərin Türkiyə və Avropa standartlarına uyğunlaşdırılması əlavə vaxt itkisidir. Gələcəkdə bu problem hansısa yolla həll olunmalıdır. Azərbaycanın TRASEKA, Şərq-Qərb, o cümlədən, Bakı-Tibilisi-Qarsı nəzərə almaqla mövcud koridorlarla müqayisədə ən qısa dəhliz hesab olunur”.

Akif Mustafayevin sözlərinə görə, ABŞ İrana sanksiyalar tətbiq etdiyindən cənub istiqamətdə gedən yüklərdə azalma gedir: “Məlum sanksiya qərarından sonra bir sıra Qərb şirkətləri İranda öz fəaliyyətlərini dayanıdırıblar. Bundan əlavə, son 7 ay ərzində Çindən Qazaxıstan, Rusiya və Belarusa minə yaxın qatar gedib. Hələ bunu artırmaq da istəyirlər. Azərbaycanda da artım gedir və bunu daha da sürətləndirmək üçün görüləsi işləri çoxdur. Bunun üçün ilk növbədə sərhəd-keçid prosedurlarını həm Azərbaycanda, həm qonşu dövlətlərdə sadələşdirmək lazımdır. Ən əsası rəqəmsal proseslərin tətbiqinə keçilməlidir. Hesab edirəm ki, kağız bürokratiyasından qurtulmağın vaxtıdır. Yüklər sərhəddə çatmadan öncə bütün hesabatlar, qaimələr elektron qaydada gömrüyə göndərilməlidir. Yük gələndən sonra sərhəddə çox saxlanılmamalıdır. Bu problemlə tək Azərbaycan yox, bütün qonşu ölkələr məşğuldur”. 

TRASEKA rəsmisi hazırda 13 dövlətin bu layihənin həqiqi üzvü olduğunu da deyib: “Şərqi Avropa dövlətləri - Rumıniya, Bolqarıstan, Ukrayna, Moldova və Avropaya ən yaxın dövlət Türkiyə. Cənubi Qafqaz dövlətləri - Azərbaycan, Gürcüstan və Ermənistandır. Doğrudur, Ermənistanın adı burada simvolik var, amma bütün layihələrdən kənarda qalıb. Çünki 1998-ci ildə məlum saziş imzalananda rəsmi İrəvanın burda iştirakı şərt idi. Orta Asya regionundan isə Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan üzvdür. İran isə sonradan üzv olub. Türkmənistan TRASEKA-nın həqiqi üzvü olmasa da, müəyyən proqramlarda və layihələrdə simvolik iştirak edir. Bundan əlavə, Litva və Yunanıstan müşahidəçi dövlətlərdir. Bir sıra dövlətlər qoşulmaq istəyirlər, ancaq onlar konsensus qazana bilmirlər. Yeni dövlətlərin TRASEKA-ya üzv qəbul olunması proses illərlə uzanır, hələ ki, bir nəticə yoxdur”.

Yeganə Oqtayqızı
Cebhe.info

Tarix: 13-09-2018, 21:29
Xəbəri paylaş





Xəbər lenti