Dünyanın ən etibarlı valyutası: HANSIDIR?


Dünyanın ən etibarlı valyutası: HANSIDIR?

ABŞ dollarının dünya ticarətində tutduğu mövqe kifayət qədər önəmlidir.

Dünya ticarətinin təxminən 70 faizə qədəri məhz dollar üzərindən aparılır. Son zamanlar buna qarşı  mübarizə aparılsa da, heç bir uğurlu nəticə əldə olunmayıb. “Moody’s” reytinq agentliyi isə hesab edir ki, hələ gələcək illərdə də dollar bu statusda qalacaq. “ABŞ dollarının ölkələr üzrə ehtiyatlarında və beynəlxalq ticarətdə payı azalsa belə, o, yaxın gələcəkdə də dünyanın ehtiyat valyutası statusunu qoruyacaq”- “Moody’s”-in icmalında deyilir.

Bununla yanaşı "DoubleLine Capital" şirkətinin direktoru Jeffrey Gundlach isə Dolların il sonuna qədər ucuzlaşacağını gözləyir. Məşhur “HEDC” Fondu rəhbəri Ray Dalio isə dolların iki il ərzində 30 faiz dəyər itirəcəyini təxmin edir.

Maraqlıdır, dünyada dollardan başqa hansı etibarlı valyutalar var? Dolların ucuzlaşması ilə bağlı proqnozlar nə dərəcədə realdır?

İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə açıqlamasında dollardan əlavə etibarlı 4 valyutanın da olduğunu, amma dünya ticarətinin böyük hissəsinin dollardan asılı olduğunu deyib:“Əslində həqiqətən də dünya ticarətinin təxminən 72, əmtəə ticarətinin isə 100 faizə yaxını dollar üzərindən aparılır. Beynəlxalq ticarət müqavilələri və hüquqi aktlar dollarla bağlanılır deyə, dolların dünya ticarətində rolu böyükdür. Dünya ölkələrinin valyuta ehtiyatlarının isə təqribən 60-61 faizi dollarda saxlanılır. Ümumiyyətlə, dolların dünyada həqiqətən də böyük çəkisi var. Bundan əlavə Beynəlxalq Valyuta Fondunun da qəbul etdiyi etibarlı valyuta səbəti var ki, oraya da funt sterlinq, avro, yapon yieni və İsevçrə frankıdır. Bu 4 valyuta dünyanın ən etibarlı və ticarət müqavilələrində istifadə olunan valyuta növü sayılır.

Burada yapon yieninin də rolu vacibdir. Çünki əsasən də Asiya ölkələri arasındakı ticarətdə yapon yienindən kütləvi şəkildə istifadə olunur. Yaponiyada Mərkəzi Bankın uçot dərəcəsi də çox aşağı səviyyədədir. Həm də kreditləşməyə çıxış imkanları çox sadə olduğu üçün yapon yieni kifayət qədər etibarlı valyuta kimi dünya ticarətində öz yerini tutub. Bundan başqa digər funt sterlinq, avro və İsveçrə frankı da kifayət qədər etibarlı valyuta hesab olunur”.

N.Cəfərli hesab edir ki, ABŞ-ın atdığı addımlar dolları daha da möhkəmləndirir: “Əslində dolların bahalaşması tendensiyası göz qabağındadır. Cəmi 6 ay bundan öncə dollar indeksi 88 punkta qədər enmişdi. Bu gün artıq 96 punkta yaxınlaşıb. Avro ilə müqayisə etsək, 66 ay öncə 1 avro 1.26 dollar idi, indi isə 1.16 dollardır. Yəni, 6 ay ərzində ABŞ dolları avro qarşısında da təxminən 0.10 dollar möhkəmlənib. Sentyabrın sonunda isə ABŞ Federal Ehtiyatlar Sistemi (FES) növbəti faiz artımına gedəcək. Bu da dolların bahalaşmasına səbəb olan əsas amil kimi dəyərləndirilir. İlin sonunda, yəni dekabr ayında FES-in yenidən faiz artımına gedəcəyi gözlənilir. Bütün bunlar dolların kifayət qədər möhkəmlənməsinə şərait yaradacaq”.

Natiq Cəfərli dolların ucuzlaşacağı ilə bağlı verilən proqnozların inandırıcı olmadığını deyib: “ABŞ-ın böyük ticarət tərəfdaşı, Çin, Avropa Birliyi, İran və Rusiyaya qarşı gömrük rüsumlarının gələcəkdə artırarsa, bu dollara zərbə vura bilər. Dünya ticarəti zəiflədikcə, ABŞ-ın özünə ziyan dəyməyə başlayacaq. Bu da dolların önəmini azalda bilər. Amma bu yaxın 1-2 ildə olacaq məsələ deyil. ABŞ bu cür siyasətini davam etdirsə, təqribən 5-10 il ərzində belə bir şəraitin yaranma ehtimalı var. Amma düşünmürəm ki, Tramp administrasiyasının apardığı bugünkü siyasət ABŞ-da uzun müddət davam etsin. Hətta 2 ildən sonra ABŞ-da növbəti dəfə prezident seçkiləri olacaq və Trampın seçilməmək ehtimalı daha yüksəkdir. Çünki onun reytinqi çox aşağıdır, hazırda 37 faizə qədər enib. Ola bilər ki, Tramp növbəti dəfə prezident seçilməsin. Bu zaman administrasiya dəyişikliyi iqtisadi xəttin də dəyişməsinə səbəb ola bilər və ticarət müharibəsinə son qoyular. 

O, zaman dolların yenidən daha güclü hala gəlməsini görə bilərik. Əslində heç bir ölkə öz valyutasının həddindən artıq güclənməsində maraqlı deyil. Çünki güclü valyuta ticarətdə mənfi saldoya daha çox şərait yaradır. ABŞ-da da hazırda ən böyük problemlərdən biri əslində dolların sürətlə bahalaşmasıdır. Bu ticarət tərəfdaşları ilə dövriyyədə ABŞ-ın gəlirlərini daha aşağı çəkməyə səbəb ola bilər. Bu baxımdan ola bilər ki, gələcəkdə həm FES, həm də ABŞ Maliyyə Nazirliyi müəyyən addımla dolların bahalaşmasının qarşısını alsınlar. Yəni, əslində bu gün ABŞ-ın əsas problemi dolların zəifləməsi deyil, güclənməsinin qarşısını almaqdır. Ona görə də açığı dolların 2 ildə 30 faiz ucuzlaşması proqnozu inandırıcı görünmür.

Vilayət Muxtar
Cebhe.info

Tarix: 15-09-2018, 23:44
Xəbəri paylaş





Xəbər lenti