İki qurum arasında qalan “Şahdağ”


İki qurum arasında qalan “Şahdağ”

Xəbər verildiyi kimi Şahdağ istirahət məkanı iki hissəyə bölünüb.

Yəni bu turizm kompleksi iki müəssisənin tabeliyinə verilib. Belə ki, Nazirlər Kabinetinin son qərarı ilə yalnız “Şahdağ” Qış-Yay Turizm Kompleksinin Müdriyyəti adlı qurum Mədəniyyət Nazirliyinin balansına verilib, “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti isə Dövlət Turizm Agentliyinin tabeliyində qalır.

Dövlət Turizm Agentliyinin nümayəndəsi Kənan Quluzadənin bildirdiyinə görə "Şahdağ Turizm Mərkəzi” QSC qış mövsümündə kanat yollarının və xizək yamaclarının, yay mövsümündə isə dağ əyləncələrinin fəaliyyətinin tənzimlənməsi, il boyu balansında olan hotellərin idarə edilməsi fəaliyyəti ilə məşğuldur. QSC turizm xidməti göstərdiyindən agentliyin tabeliyində saxlanılıb.

 Kompleksin tikintisinə nəzarəti həyata keçirən "Şahdağ" Qış-Yay Turizm Kompleksinin Müdriyyəti adlı qurum isə turizm xidməti həyata keçirmir. İdarəetmənin sistemliliyinin təmin edilməsi, mövcud resurslardan səmərəli istifadə olunması, gəlirlərin artırılması və xərclərin azaldılması istiqamətində işlərin görülməsi zərurəti ilə əlaqədar Nazirlər Kabinetinin 10 sentyabr 2018-ci il tarixli 381 nömrəli qərarı ilə Dövlət Turizm Agentliyinin tabeliyində olan “Şahdağ” Qış-Yay Turizm Kompleksinin Müdriyyəti Mədəniyyət Nazirliyinin tabeliyinə verilib.

Qeyd edək ki, Nazirlər Kabinetinin bu il iyunun 7-də verdiyi qərarla “Şahdağ” Qış-Yay Turizm Kompleksinin Müdriyyəti və “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumlar siyahısına daxil edilmişdi.

Şahdağ istirahət məkanının iki idarəetmədən tənzimlənməsi gizli məqamlardan xəbər verir. Əslində rəsmi qurumlar bunun tutarlı səbəbini dilə gətirməsələr də, məsələnin mahiyyətində başqa məqamlar durur. Hər halda idarəetmənin iki istiqamətdən sistemləşməsi turizm sahəsində olan ciddi problemlərlə əlaqədardır. 

Bəs ekspertlər nə düşünür?

Turizm sahəsi üzrə ekspert Çingiz İsmayılov “Cümhuriyət” qəzetinə açıqlamasında struktur dəyişikliyi ilə bağlı məsələdə şərh verə bilməyəcəyini bildirib. O deyib ki, hər halda bu məsələnin mahiyyətini aidiyyatı qurumların özləri daha yaxşı bilirlər. 

İqtisadçı-ekspert Natiq Cəfərli isə məsələ ilə bağlı maraqlı detallara toxunub. Onun sözlərinə görə, həmin turizm kompleksi böyük ziyanla işləyir: “Həmin kompleksin bütöv halda hazır olmasına 100 milyonlarla vəsait xərclənib. Günü bu gün də ziyanla çalışmaqda davam edir. Ziyanın ödənilməsi bir dövlət strukturundan çıxmasın deyə, eləcə də ziyanın ödənilməsi, yaxud cari xərclərin qarşılanması üçün bir dövlət strukturunda xərc artmasın deyə iki yerə bölünüb. Büdcədən ayrılan vəsaitlərin həm dotasiya, həm də cari xərclər şəklində həmin turizm kompleksinə verilməsi nəzərdə tutulur. Kompleksin həm nazirliyin, həm də turizm agentliyinin balansında qalmasında məqsəd hər iki istiqamətdən dövlət hesabına formalaşan fondlardan maliyyələşərək ziyanın qapadılması və cari işlərin görülməsidir. Bunun başqa məntiqi izahı yoxdur. Əslində dövlət belə turizm agentlikləri tikirsə, bu, elə də problem deyil. Sadəcə, onun idarəetməsi uzun zamanlıq icarə müqavilələri ilə özəl sektorda dövr etməlidir. Hətta bu müqavilələrin müddəti 20, 30 və 50 il olmalıdır. 

Bununla da dövlət üzərində əlavə yük qalmayacaq. Həmin icarə pulu hesabına qoyulan vəsaitin geri dönüşü büdcəyə təmin edilsin. Azərbaycanda isə belə təcrübə mövcud deyil. Dövlət hər şeydə öncül olmaq istəyir. Hətta bütün iqtisadiyyatı dövlətdən asılı saxlamağa maraqlıdır. Ona görə də ən yaxşı yol - idarəetmənin dövlət üzərində qalmasıdır. Bu da büdcəyə əlavə yük olmaqda davam edəcək”.(Cebhe.info)


Tarix: 16-09-2018, 21:54
Xəbəri paylaş





Xəbər lenti