Neftin real qiyməti: Mübahisə yaratdı


Neftin real qiyməti: Mübahisə yaratdı

Son dörd ayda neft qiymətləri ən yüksək səviyyəyə çatıb.

Ticarət mübahisələri və inkişaf etməkdə olan bazarlardakı potensial, tələbatla əlaqədar narahatlıqlar qarışıq vəziyyət yaradıb. Təhlilçilər xam neftin bazar dəyərinin sürətlə artmasını geosiyasi gərginliklə əlaqələndirir. Ekspertlər hesab edir ki, yeni sanksiyaların tətbiqi, Hörmüz boğazının bağlanması və hərbi toqquşma ehtimalı neft bazarlarında dalğalanma yaradır. Təhlillər neft bazarındakı dalğalanmanın uzun sürməyəcəyi yönündədir.

Rusiyanın energetika naziri Aleksandr Novak da neftin qiymətinin real dəyərindən 5-6 dollar çox olduğunu deyib. Nazirin sözlərinə görə, qlobal ticarət müharibələri və ABŞ-ın İrana qarşı sanksiyaları dünya bazarında neftin 1 barelinin qiymətini real dəyərindən 5-6 dollar artıq səviyyədə saxlayır. Nazir bunun təkcə tələb-təklif balansı ilə bağlı olmadığın da deyib. Xatırladaq ki, Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) bu il Rusiyada neft hasilatının gündəlik həcminin orta hesabla 11,15 milyon barel təşkil edəcəyini proqnozlaşdırır. Təşkilatın hesabatına əsasən, sözügedən göstərici bu ilin III rübündə 11,3 milyon barel, IV rübündə isə 10,98 milyon barel təşkil edəcək.

İqtisadçı-alim Fuad İbrahimov “Cümhuriyət” qəzetinə şərhində rusiyalı nazirin açıqlamasının populist çıxış olduğunu deyib: “Nazirin neftin qiymətinin real dəyərindən 5-6 dollar çox olduğu fikrini nəyin əsasında dediyi məlum deyil. Bilinmir ki, hazırkı dünya bazarındakı tələbata görəmi, yoxsa, ticarət dövriyyəsinə uyğun olaraq neftin qiyməti 5-6 dollar yuxarıdır. Bunların da əsası yoxdur. Neftin maya dəyərindən 5-6 dollar yüksək olması fikri də yanlışdır. Çünki iki il bundan əvvələ qədər neft 30 dollara qədər ucuzlaşmışdı, amma buna baxmayaraq neft yenidən hasil olunub satılırdı. Hesab edirəm ki, rusiyalı nazirin çıxışı siyasi ampluada deyilmiş anlamsız bir fikirdir”.

İqtisadçı onu da vurğulayıb ki, istənilən istehsal məhsullarının qiymət əmələgəlmə prosesi elektron ticarət platformalarında baş verir: “Hansısa siyasi qarşıdurma və yaxud təbiət kataklizmi nəyinsə qiymətinin artıb-azalmasına təsir edə bilər. Təbii ki, bu müddət uzun sürmür. Bundan sonra qiymət əmələgəlmə prosesi yenidən elektron ticarət platformalarının ticarət balansının təsiri altına keçir. Bu nöqteyi-nəzərdən neftin hazırkı vəziyyətdən 5-6 dollar yuxarı olmasını demək üçün fikirlər başqa cür izah olunmalıdır. Məlumdur ki, hazırda ABŞ İrana qarşı iqtisadi sanksiyalar tətbiq edir. Təbii ki, bu, neftin qiymətinə təsir edə bilər. Amma ümumiyyətlə, qiymət əmələgəlmə prosesinə təsir göstərən bir nömrəli amil ticarət platformalarındakı həcm indikatorlarının göstəriciləridir”.

Neftin qiymətinin qarşıdakı aylar artma ehtimalına gəlincə, analitik qeyd edib ki, hazırkı vəziyyətdə qiymətin artacağı üstünlüyü çoxdur: “Məsələ burasındadır ki, verilən proqnozlar bir dəqiqənin içərisində dəyişilə bilər. Ticarət platformalarında ticarət edənlərin hərəkəti həcm indikatorlarını elə dəyişə bilər ki, ani bir vaxta üzüaşağı trend əmələ gələr və neft 30 dollara qədər ucuzlaşa bilər. Amma mövcud göstəricilər üzüyuxarı trend istiqamətindədir. Hətta neftin qiymətinin 90 dollara qədər yüksəlməsi gözlənilir. Amma vəziyyət istənilən vaxt dəyişilə bilər”.(Cebhe.info)


Tarix: 16-09-2018, 21:58
Xəbəri paylaş





Xəbər lenti