Azərbaycandan Gürcüstana axan milyonlar: PUL NİYƏ DAŞINIR?


Azərbaycandan Gürcüstana axan milyonlar: PUL NİYƏ DAŞINIR?

Ötən ay Azərbaycandan Gürcüstana 1 mln. 983 min dollar köçürülüb. Bu barədə Gürcüstanın Milli Bankı məlumat yayıb. 

Qeyd olunub ki, aylıq müqayisədə Azərbaycandan qonşu ölkəyə pul köçürmələrinin həcmində 14,3% artım qeydə alınıb. Avqust ayında Gürcüstandan Azərbaycana 1 mln. 080,3 min dollar pul köçürülüb. Bu ilin yanvar-avqust aylarında  Azərbaycandan Gürcüstana 12 mln. 844,5 min. dollar, Gürcüstandan Azərbaycana isə 7 mln. 887,5 min dollar həcmində pul köçürmələri həyata keçirilib. 

Azərbaycandan Gürcüstana pul köçürmələrinin artmasının əsas səbəbi nədir? 

Bu suala cavab verən iqtisadçı-ekspert Elçin Bayramlı Cebhe.info-ya açıqlamasında bir neçə səbəbin olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycandan Gürcüstana maliyyə əsasən biznes qurmaq, müalicə olunmaq və turizm üçün aparılır:

"Gürcüstanda gömrük və vergi rüsumları bizdən xeyli aşağıdır, biznes qurmaq üçün maneələr yoxdur. Ona görə də orada biznes qurmaq daha sərfəlidir. Həm istehsal, həm xidmət (turizm), həm də ticarət sahələrində hər şey normal tənzimlənir. Bundan başqa, əhali arasında yayılmış fikrə görə, qonşu ölkədə müalicə olunmaq daha ucuz başa gəlir, daha effektiv olur. Bu səbəbdən xeyli vətəndaşımız ora üz tutur. Bizdə icbari tibbi sığorta tətbiq olunmadıqca və tibb müəssisələrimiz xəstələrlə həm qiymət cəhətdən, həm də düzgün müalicə cəhətdən normal davranmadıqca belə olacaq". 

“Bundan başqa, Gürcüstanın turizm mərkəzləri bizimkindən daha gözəl, maraqlı və ucuzdur”,- deyən ekspert düşünür ki, Azərbaycandan da maliyyə bu səbəbdən axır:

"Bizim turizm mərkəzləri yüz minlərlə müştərini itirir və milyonlarla qazancı əldən buraxırlar. Özü də bu vəziyyət təkcə Gürcüstanla bağlı deyil. İrana, Rusiyaya, Türkiyəyə, Ukraynaya da həmin məqsədlərlə pul axır. Bütün bunların nəticəsində ölkəmiz xeyli zərərə düşür. Bunun qarşısını inzibati yollarla almağa cəhd etmək mənasiz olardı. Yaxşı olar ki, dediyim sahələrdə elə bir şəriat yaradılsın ki, bizdən xaricə yox, xarici ölkələrdən bizə pul axsın". 

Tarix: 19-09-2018, 21:26
Xəbəri paylaş





Xəbər lenti