Quşçuluq sahəsində işbazlar “iş başında”


İş adamından çağırış: “Alıcılar işini bilən müəssisələrə etibar etməli və onların məhsulunu almalıdır”

Qida Təhlükəsizliyi Agentliyi Abşeron rayonu, Masazır qəsəbəsində qanunsuz toyuq kəsimi ilə məşğul olan iki müəssisədə bu cür hal aşkarlayıb: “Real TV”-nin yayımladığı videoreportajda broyler toyuqlarının natəmiz şəkildə kəsildiyi, çirkli alətlərlə tüklərdən təmizləndiyi və çirkli sularda soyudulduğu əksini tapıb. Digər müəssisədə isə broyler toyuqları naməlum kimyəvi maddə ilə sarı rəngə boyadılaraq kənd toyuqlarına bənzədilib.

Araşdırmanın nəticələrinə görə, müəssisələr 02.00-07.00 radələrində qanunsuz fəaliyyət göstərirmiş və emal olunan toyuq əti müxtəlif ticarət şəbəkələrinə, kafe və restoranlara “kənd toyuğu” adı altında satılırmış. QTA da məhz ticarət müəssisələrində bu məhsulların izinə düşərək sözügedən müəssisələri aşkara çıxarıb. Reydlərin ardından hər iki müəssisənin fəaliyyəti dayandırılıb.

Bu faktla bağlı “Yeni Müsavat”a danışan iş adamı, quşçuluq sahəsində fəaliyyət göstərən Mürvət Həsənli bildirib ki, hər yerdə olduğu kimi, quşçuluq sektorunda da işbazlar mövcuddur: “Onlar müştərilərin yanlış təsəvvüründən istifadə edərək və bu təsəvvürləri gücləndirərək, öz zay məhsullarını daha keyfiyyətli mal adıyla bazara sırımağa çalışırlar. Gah kustar üsullarla yetişdirdikləri məhsulların içərisinə su doldurub çəkisini artırır, gah da onu rəngləyib ”kənd toyuğu" adı ilə bazara çıxarırlar. Yalandan isə şayiə yayırlar ki, guya broyler toyuqları qida üçün təhlükəli, özlərinin istehsal etdikləri məhsullar isə daha faydalıdır. Halbuki bu şayiələrin arxasında dayanan qüvvələrin öz məhsullarının keyfiyyəti mübahisə doğurduğu kimi, fırıldaq metodları da qida təhlükəsizliyi qaydalarına ziddir".

MürvÉt HÉsÉnli ile ilgili görsel sonucu

İş adamı hər kəsi toyuq məhsulları alarkən diqqətli olmağa çağırıb: “Sosial şəbəkələrdə yayılan videolardan da aydın olur ki, həmin toyuqlar natəmiz yerlərdə kəsilir, üzərlərinə rəng vurulur, içərilərinə su doldurulur və s. Müştəriləri bu yolla aldadan işbazların fırıldaqlarına uyub süfrəmizi korlamayaq”. İstehlakçıları tanınmış firmaların məhsullarını almağa səsləyən Mürvət Həsənli yalnız bu cür müəssisələrin keyfiyyətli mal istehsal edə biləcəklərinə inanır: “Ölkəmizdə ”Siyəzən", “Şəfa”, “Lerik”, “Səba”, “Tamlı” və s. kimi böyük broyler müəssisələri var. Bu müəssisələr daima baytarların və dövlət qurumlarının nəzarəti altında fəaliyyət göstərirlər. Üstəlik, bu məhsulların üzərində harda istehsal edildikləri yazıldığından, öz marka adlarının qayğısına qalan müəssisələr də keyfiyyətli mal ortaya çıxarmaqda maraqlı olurlar. Onların qısa zamanlı divident üçün öz perspektivlərini qurban vermək şansları yoxdur. Əks halda, iri broylerlərin yatırdıqları böyük investisiyalar bata bilər. Alıcılar da işini bilən müəssisələrə etibar etməli və onların məhsulunu almalıdır. Necə deyərlər, “çörəyi ver çörəkçiyə, birini də üstəlik”".

Bəzi istehlakçıların Türkiyə toyuqlarına daha çox maraq göstərmələrinin heç bir real əsası olmadığını deyən iş adamının fikrincə, Azərbaycanın quşçuluq sahəsindəki təcrübələri bir çox ölkələrin, o cümlədən Türkiyənin təsərrüfatlarından daha qədimdir və bu da daha keyfiyyətli məhsul istehsal etməyə imkan verir: “Məsələn, Azərbaycanın ən iri quşçuluq müəssisələrindən olan ”Siyəzən Broyler" 1984-cü ildə mərhum prezidentimiz Heydər Əliyev tərəfindən açılıb. Mərhum prezident bu müəssisəni özünün uzun rəhbərlik təcrübəsinin ən yadda qalan əsərlərindən sayır, onunla fəxr edirdi. Hələ sovet hakimiyyəti illərində sözügedən müəssisənin avadanlıqları Avropa ölkələrinin birindən gətirilmiş və xarici mütəxəssislər tərəfindən quraşdırılmışdı. 35 il bundan əvvəl belə müəssisə öz müasirliyinə görə Türkiyənin indiki bir çox broyler təsərrüfatlarını geridə buraxırdı. O vaxtdan indiyədək müəssisə bir neçə dəfə təkmilləşdirilib. Hazırda da müəssisədə modernləşdirmə işləri gedir. Ötən ilədək “Siyəzən Broyler”də 1500-dən çox adam işləyirdi. Təsərrüfata qoyulan investisiya sayəsində həm işçilərin sayı, həm də işin keyfiyyəti və məhsuldarlığı 2 dəfədən çox artıb. Yeni plana əsasən, yaxın zamanlarda işçilərin sayı 3500 nəfərə, müəssisənin illik istehsalı isə 40 min tona yaxın olacaq. Bu qədər böyük istehsal gücünə malik olan istənilən təsərrüfat qısamüddətli dividentlərin arxasınca düşməz, müştəri güvənini hər şeydən üstün tutar". “Siyəzən Broyler”in vaxtaşırı ictimaiyyət nümayəndələrini, o cümlədən jurnalistləri müəssisəyə dəvət etdiyini, öz fəaliyyətləri ilə onları yaxından və əyani şəkildə məlumatlandırdığını deyən Mürvət Həsənli bunun təsadüf olmadığına inanır: “Müəssisə öz fəaliyyətinə əmin olduğundan bu cür şəffaflıqda maraqlıdır. Eşitdiyimə görə, yaxınlarda da bənzər turların keçirilməsi planlaşdırılır”.

DÜNYA

Tarix: 21-09-2018, 14:59
Xəbəri paylaş





Xəbər lenti