“İstənilən məmur çalışır ki, vəzifəsindən sui-istifadə etsin” - EKSPERT

 Vahid Məhərrəmov: “Azərbaycanda qiyməti tənzimləyən qurumun yaranması həyata keçərsə, kartof əkən olmaz”
Sentyabrın 5-dən Nazirlər Kabinetinin qərarı ilə ölkəyə idxal edilən təzə kartofun tarif dərəcəsi iki qat artırılandan sonra müşahidələr onu göstərir ki, paytaxt bazarlarında yerli kartofun qiymətləri bahalaşıb. Kənd Təsərrüfatı Nazirliyi gömrük rüsumlarının artırılmasının yerli kartofun qiymətlərinə təsir etməyəcəyini bildirsə də, satıcılar bildirirlər ki, gömrük rüsumlarının artırılmasından sonra ölkəyə daha az kartof gətirilir. Ona görə də bazarlarda kartofun qiyməti qalxıb.
Qeyd edək ki, hazırda paytaxt bazarlarında kartofun 1 kiloqramı 80-90 qəpik, 1 manat arasında dəyişir. Topdansatış bazarında isə qiymətlər 60-80 qəpik arasındadır.
Nəzərə alsaq ki, kartof hər bir ailədə ən çox işlədilən ərzaq məhsuludur. Əslində, hökumət fermerləri, kəndliləri nəzərə aldığı kimi, istehlakçıları da nəzərə almalıdır. Kartofun paytxat bazarlarında bahalaşması onzuz da vəziyyəti çətin olan əhalinin ailə büdcəsinə xeyli ziyan vurur. Bu baxımdan, həm fermerlərin, kəndlilərin, həm də istehlakçıların maraqları nəzərə alınıb, qiymətin tənzimlənməsi doğru olardı. Sözsüz ki, qiyməti tənzimləmək üçün də bir qurumun yaradılması lazımdır. Maraqlıdır ki, ekpertlər belə bir qurumun yaranmasına ehtiyac görürmü?
“Bazarda qiyməti tənzimləyən hər hansı bir qurumun yaranmasına ehtiyac yoxdur”
Sualımızı cavablandıran kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov Hurriyyet.org-un bildirdi ki, bazarda qiyməti tənzimləyən hər hansı bir qurumun yaranmasına ehtiyac yoxdur: “Azərbaycan balaca ölkədir. Azərbaycanda kartof istehsal etmək üçün heç bir problem yoxdur. Ən vacibi odur ki, normal biznes mühiti yaradılsın və sahibkarlara lazım olan istehsal vasitələrində dövlətin üzərinə düşən vəzifələr, yəni su ilə təminatı, ucuz kredit resursunun təklif olunmasını yerinə yetirsin. Ümumiyyətlə, qiyməti bazar tənzimləməlidir”.
“Hökumətin görəcəyi işlər çoxdur”
Məhərrəmov nəzərə çatdırdı ki, bəzi ölkələrdə hökumət qiyməti tənzimləyir: “Ancaq orada hökumət həm də məsuliyyət daşıyır. Müəyyən hədd, yəni tavan müəyyən edir. Ondan aşağı satışa imkan vermirlər. Ancaq bazarda qiymət kəskin düşəndə dövlət ya o qiymətləri kompensasiya edir, ya da həmin məhsulları alır, bir müddət onu anbarlarda saxlayır, sonradan bazara çıxarır ki, bu formada bazarda qiyməti tənzimləsin. Əgər Azərbaycanda belə bir qurumun yaranması həyata keçərsə, inandırıram sizi kartof əkən olmaz. Bilirsiniz ki, bizdə qanunlar işləmir. Müstəqil məhkəmə sistemi yoxdur. Ona görə də istənilən məmur çalışır ki, vəzifəsindən sui-istifadə etsin. İndi ərzaq təhlükəsizliyi ilə bağlı agentlik yaradılıb. Fermerlər mənə şikayət edir ki, bu nədir, onlar gəlib qiymət diktə edir. Onlar bilmir, axı, məhsulun maya dəyəri nə qədərdir. Regionlar fərqli olduğu üçün hər məhsulun istehsal xərci fərqlidir. Bu adamlar da naşıdır, bunu bilmir və özləri düşündüyü kimi qiyməti müəyyən edir. Dediyim kimi, biznes mühiti yaratmaq, su ilə təmin etmək lazımdır, ucuz maliyyə resursuna çıxış təmin olunmalıdır. Azərbaycanın böyük maliyyə resursu var. O kimdən, nədən ötrüdür?! Kimdir onun üstündə oturan? Götürsün onu fermerlərə, kəndlilərə versin ki, onlar biznesini daha da səmərəli etsinlər, öz bizneslərindən fayda götürsünlər. Çünki yaxşı məhsul əldə etmək üçün daha böyük kapital qoyuluşuna ehtiyac var. Bu gün fermerlərimiz, kəndlilərimiz həm maliyyə resursu əldə edə bilmir, həm də su, texnika, anbar ilə bağlı problemlər var. Digər ölkələrdən ixrac etdikləri kartofla bərabər həşaratların yumurtaları gəlir. Demək olar ki, Gədəbəy, Şəmkir, Tovuz, Qazax bölgəsində təsərrüfatlara çox böyük ziyan vurur. Hökumət zərərvericilərin qarşısını alan tədbirlər həyata keçirməlidir. Hökumətin görəcəyi işlər çoxdur. Qiymətə müdaxilə etməməlidir. İndi də İran və digər ölkələrdən gətirilən kartofa mane olurlar. Bəli, daxildə kifayət qədər məhsul yığlıb, indi onun reallaşmasını təşkil etmək istəyirlər. Ancaq bu məhsulun maya dəyəri yüksəkdir. Gəlin elə edək ki, bizim məhsulumuz rəqabət qabiliyyətli, ucuz və keyfiyyətli olsun. Daxili bazarda bizim fermerlərimiz satıb, ondan gəlir əldə etsinlər. Yoxsa hər məhsula görə bir qiymət müəyyən edəcək idarə yaratmaq doğru deyil”.
“Əgər bazarda monopoliya varsa, o qurum nə ilə məşğuldur?”
V.Məhərrəmov onu da diqqətə çatdırdı ki, Azərbaycanda anti-monopoliya qurumu var: “Əgər bazarda monopoliya varsa, o qurum nə ilə məşğuldur? Kartof Gədəbəydən, Şəmkirdən, Tovuzdan və yaxud Cəlilabaddan gəlir. Ola bilməz ki, bunlar bazarda sövdələşib, qiyməti diktə etsinlər. Kartofla, bəzi məhsullarla bağlı Azərbaycanda sövdələşmə mümkün deyil. Məhsulun maya dəyəri yüksəkdir, problem ondadır. Hökumət bu istiqamətdə işləməlidir”.(Hurriyyet.org)
Tarix: 21-09-2018, 16:03
Xəbəri paylaş





Xəbər lenti