Dollara qarşı cəbhə elanı: İmtina artıq uzaq görünmür


Dollara qarşı cəbhə elanı: İmtina artıq uzaq görünmür

Avropa İttifaqı rəsmiləri İranla ticarəti davam etdirmək üçün yeni ödəniş sistemi qurmaq haqda düşünür. ABŞ mayda Tehranla 2015-ci il nüvə sazişindən çıxaraq İrana qarşı sanksiyaları bərpa etdikdən sonra bir sıra şirkətlər də sözügedən ölkədən çıxmağa başladı. Buna baxmayaraq, sentyabrın 24-də Aİ və İran rəsmiləri BMT-də görüşərək birgə bəyanat qəbul ediblər. Bəyanatda bildirilir ki, bundan sonra qanuni biznesi davam etdirməkdən ötrü iqtisadi operatorların azadlığını qoruyacaqlar. 

Görüş zamanı Aİ-nin xarici siyasət rəhbəri Federika Mogerini İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə birlikdə BMT-də bildirib ki, hələ də texniki detallar üzərində işləyirlər. Avropanın bəzi diplomatları isə bu barədə daha açıq məlumat verərək bildiriblər ki, söhbət barter sisteminin yaradılmasından gedir. 

Qeyd edilib ki, Sovet İttifaqı “soyuq müharibə” dövründə bundan istifadə edib. İdeyaya görə, İran nefti Avropa mallarına dəyişdirilə bilər. Ekspertlər Aİ-nın bu cür addımını ABŞ-a qarşı zərbə kimi dəyərləndirir. 

Bununla razılaşmayan ekspert Natiq Miri Cebhe.info-ya açıqlamasında bildirib ki, Avropanın ABŞ-a qarşı atdığı addımları Vaşinqton əleyhinə hücumlar kimi dəyərləndirmək doğru deyil. Onun sözlərinə görə, ABŞ-la ənənəvi müttəfiq olan Avropa arasında ticari-iqtisadi savaşı ilk olaraq başladan məhz Ağ Ev və Donald Tramp olub: 

"Bu kontekstdə təbii ki, Avropa Birliyi özünün ticari, iqtisadi maraqlarını qorumaq və bu prosesdən zərərli çıxmamaq üçün mütləq mənada adekvat addımlar atmalı idi. Ona görə də bu adekvat addımlardan biri kimi Avropa və İran ABŞ-ın həm ənənəvi müttəfiqlərinə, həm də digər dünya güclərinə qarşı tətbiq etdiyi dollar mübarizəsindən zərər görməmək üçün alternativ ödəniş vasitələri axtarır. Əvvəllər bu təklif Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan gəlmişdi. Türkiyə prezidenti Şanxay təşkilatında iştirak edən Rusiya, Çin, Hindistan kimi ölkələrlə qarşılıqlı ticarətdə yerli, milli puldan istifadə  təklif etmişdi. Az sonra ABŞ dollar mübarizəsi tətbiq etməklə, yəni faiz artımı və valyuta qıtlığı kimi süni proseslər yaratmaqla bu dövlətlərə zərər verməyə başladı. Bundan sonra artıq yuxarıda sadalanan dövlətlər də hərəkətə keçdilər ". 

“Bu kontekstdə Avropa Birliyinin ABŞ-a reaksiyası gözlənilirdi”,- deyən N.Miri düşünür ki, Aİ-nin İranla münasibətlərini də təxminən belə dəyərləndirmək lazımdır:

"Bu prosesləri ABŞ-ın tətbiq etdiyi ədalətsiz davranışlardan zərərli çıxmamaq üçün məcburi addımlar kimi  dəyərləndirmək lazımdır. Ayrıca, bu cür addımlarla Avropa Birliyi, həm də gələcək nöqteyi- nəzərdən, yəni uzaq perspektivdə dollara ciddi zərbələr vurmağı hədəfləyir. Əgər dollar zəifləyərsə, təbii ki, dünyada ən çox güclü tədavül vasitələrindən biri də avro olacaq. Bu gün avro 5 faizə qədər valyuta tədavülündə istifadə olunur. Bir tərəfdən, dollar əgər zəifləyərsə, təbii ki, önə çıxan valyutalardan birincisi də məhz avro olacaq. Ona görə də indiki şəraitdə ABŞ-ın bu cür tədbirlərindən yayınmaq, eyni zamanda öz milli qazanclarını təmin etmək üçün Avropa Birliyi İran və digər ölkələrlə, hətta Türkiyə ilə də tədricən öz milli valyutalarından istifadədə artıq çox qərarlı görünür". 

Elmir Murad 

Tarix: 26-09-2018, 15:36
Xəbəri paylaş





Xəbər lenti