Dünya valyutalarına növbəti basqı: GÖZLƏNİLİR


Dünya valyutalarına növbəti basqı: GÖZLƏNİLİR

ABŞ Mərkəzi Bankının (FED) növbəti faiz iclası bu həftə baş tutacaq.

Son iclasdan bəri ölkədə məşğulluq və inkişaf trendi güclü qalıb, maaşlar və inflyasiya da artıb. FED-in 25 bənd faiz artımına gedəcəyi gözlənilir, hazırda bu ehtimal qiymətlərdə və məzənnələrdə əks olunub.

Bununla yanaşı, bazarlar FED-in davam edən ticarət müharibələrinin təsirlərinə toxunub-toxunmayacağını, inkişaf edən bazarlarda son dövrdə artan risklərə diqqət çəkib-çəkməyəcəyini, eləcə də 2019-cu ildə faiz artımı sürətinin yavaşlayıb-yavaşlamayacağı məsələlərindəki açıqlamalarını izləyəcək.

Faiz qərarının ardından FED sədri Jerome Pauell mətbuat konfransında danışacaq. FED-in uçot dərəcəsini 2 faizdən 2,25 faizə qaldırması elanı da məhz bu konfransda açqılanacaq.

Bəzi ekspertlər hesab edir ki, ABŞ-da güclü iqtisadiyyat və artan inflyasiya FED-i çərşənbə günü faiz artırması üçün motivasiya edəcəkdir. Bu iclasda FED-dən 25 bənd, dekabr toplantısında da 25 bənd faiz artımı gözlədiyini, 2019-cu ildə isə cəmi 2 faiz artımı olacağını proqnozlaşdırır. Bir qrup analitiklərin qənaətincə isə, bu toplantıda veriləcək mesaj - faizin mərhələli artırılmasının davam edəcəyi yöndə olacaqdır. Yuxarı və aşağı istiqamətli risklərə də diqqət yetiriləcəkdir. Ekspertlərə görə, dekabr ayında faiz artımı olub-olmayacağına dair yeni iqtisadi proqnozlar təqib ediləcək.

FED-in Atlanta şöbəsinin rəhbəri Rafael Bostic məşğulluq səviyyəsi ilə bağlı qeyri-müəyyənliklərin olduğunu bildirib. O, pul siyasətində "gözləyin və görün" siyasətini dəstəklədiyini irəli sürərək, FED-in pul siyasətində daha səbirli davaranacağını ifadə edib. Rafael Bostic, ölkədəki işsizlik nisbətinin son 20 ildə ən aşağı səviyyəyə qədər - 3,9 faizə azalmasına qarşı inflyasiyanın sürətlənmə əlamətlərini görmədiyini vurğulayıb: “FED-in pul siyasətini təyin edən Federal Açıq Bazar Komitəsinin (FOMC) bu il səsvermə hüququna malikdir. İlin əvvəlində həyat keçirilən vergi güzəştlərinin müsbət təsirləri iqtisadiyyat üçün müsbət olması gözləniləndən daha uzun sürə bilər”.

Qeyd edək ki, FOMC-un bu il üç iclası 25-26 sentyabr, 7-8 noyabr və 18-19 dekabrda keçiriləcək.

Maraqlıdır, ABŞ-ın yeni təhdidi nə ilə nəticələnəcək? Ümumiyyətlə, dünya valyutalarına qarşı növbəti basqı necə olacaq?

İqtisadçı-ekspert Rəşad Həsənov “Cümhuriyət” qəzetinə bildirib ki, uçot dərəcəsinin artırılma ehtimalı var: “İlin əvvəlindən ABŞ Federal Ehtiyat Sistemi il ərzində üç dəfə uçot dərəcəsini artırma proqnozu ilə çıxış etmişdi. Bunun ikisi artıq baş tutub, biri isə sentyabrda və yaxud da, müxtəlif qiymətləndirmələrə görə böyük ehtimalla dekabr toplantısında baş tutacaq. Hələlik ehtimal olunur ki, 67 faiz uçot dərəcəsi artırıla bilər. Amma onu da nəzərə almaq lazımdır ki, 3 həftə bundan öncə uçot dərəcəsinin artırılma ehtimalı 90 faizə qədər qiymətləndirilirdi.

Valyuta bazarlarında baş verən son dəyişikliklər prosesə müəyyən qədər öz təsirini göstərib. Hazırda ehtimallar azalır. Ehtimalların azalması da, ABŞ dollarının dünya bazarlarında mövqeyini zəiflədir. Bir neçə gündür ki, dollar əsas valyutalara qarşı öz dəyərini müəyyən qədər itirib. Bu proses əsasən də avroya qarşı müşahidə olunmaqdadır. İstənilən halda uçot dərəcəsinin artırılması geniş spektrli qiymətləndirmənin nəticəsində ortaya çıxan qərar olacaqdır. Bu, valyuta bazarlarında qısamüddətli dalğalar yaratsa da, orta və uzunmüddətli dövrdə bazarlarda ciddi dəyişikliyə gətirib çıxarmayacaq. Çünki artıq valyuta bazarları uzun müddətdir ki, bu prosesi qiymətləndirirlər. Bu qiymətləndirmənin nəticəsi olaraq da, uçot dərəcəsi ilə bağlı qəbul edilən qərarın ciddi dəyişikliklərə gətirib çıxarmaması ehtimal olunur”.

Məsələyə Azərbaycan kontekstindən baxdıqda, analitik bildirib ki, uçot dərəcəsinin artırılmasının birbaşa manatın məzənnəsinə ciddi təsirləri olmasa da, dolayısı təsirləri var: “Çünki Azərbaycanda məzənnənin formalaşmasında əsas məsələ neftin qiymətidir. Ötən gün OPEC və bu təşkilata üzv olmayan ölkələrin son birgə toplantısında hasilatın artırılması ilə bağlı qərar qəbul edilmədi. Buna qlobal neft bazarı qısa zamanda reaksiya verib. Belə ki, Brent markalı neftin bir barelinin dünya bazar qiyməti 2015-ci ildən sonra ilk dəfə olaraq 80 dollarlıq psixoloji həddi keçib. Bu bahalaşma da Azərbaycanda tədiyyə balansına, eyni zamanda valyuta gəlirlərinə, ticarət saldosuna, strateji valyuta ehtiyatlarının həcminə pozitiv təsir göstərməkdədir. Yəni, indiki şərtlər Azərbaycan daxilində məzənnənin dəyişikliyi üçün ciddi konyunktura formalaşdırır. Buna görə də Azərbaycanda məzənnənin uçot dərəcəsinin artırılıb-artırılmaması qərarından asılı olaraq dəyişməsi ehtimal olunmur. Böyük ehtimalla məzənnə ən azından oktyabr ayı ərzində də sabit qalacaqdır. Risklər ilin sonuna doğru müəyyən qədər arta bilər”.

Rəşad Həsənov onu da qeyd edib ki, qonşu ölkələrdə baş verən iqtisadi hadisələrin təhlili bu ölkələrin milli valyutalarının məzənnəsinin bir qədər sabitləşdiyini deməyə imkan verir: “İndiki halda türk lirəsi itirilmiş dəyərini müəyyən qədər bərpa edir. Həmçinin son günlər rus rublunda az da olsa, möhkəmlənmə olub. Artıq maksimum səviyyələrdən geri dönüşlər baş verib, yəni məzənnənin korrelyasiyası müşahidə olunur. Bu isə hələlik qəbul edilməsi ehtimal olunan qərarların müəyyən müddət gecikdirilməsinə gətirib çıxarmaqla, məzənnənin sabitliyi müddətini uzada bilər. Qısamüddətli dövrdə Azərbaycanın valyuta bazarlarında manatın məzənnəsində dəyişiklik gözlənilmir”.

Yeganə Oqtayqızı


Tarix: 26-09-2018, 21:17
Xəbəri paylaş





Xəbər lenti