Ət və yağdan sonra növbə süddə...


Ət və yağdan sonra növbə süddə...

Süd və süd məhsullarının idxal həcmi ixracdan 21,5 dəfə çoxdur.

Heyvandarlığın inkişafı, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması və süd istehsalının artması ilə bağlı rəsmi məlumatlara baxmayaraq, idxaldan asılılıq səviyyəsi hələ də yüksəkdir. Dövlət Statistika Komitəsindən bildirilib ki, 2017-ci ildə süd və süd məhsulları idxalından asılılıq səviyyəsi 2 faiz artıb. 2017-ci ildə idxalın payı 344 min ton olub. Bu, süd və süd məhsulları istehlakının 14,8 faizini təşkil edir.

İdxal həcmi il ərzində 55,5 min ton artıb. Süd və süd məhsulları idxalının həcmi ixrac həcmini (təxminən 16 min ton) 21,5 dəfə üstələyib.

Göründüyü kimi, heyvandarlığın azalması təkcə ət asılılığını deyil, digər məhsullarda da idxaldan asılılıq yaradır. Rayonlarda pambıq əkini sahələrinin artması həm tərəvəz istehsalının, həm də örüş və otlaqların azalması ilə nəticələnib. Qeyd edək ki, 2018-ci ildə Azərbaycanda 132,581 hektarda pambıq əkilib. Hökumət 2020-ci ilə qədər pambıqçılıq sahələrini 200 min hektara çatdırmağı qarşıya məqsəd qoyub. Məlum olduğu kimi pambıq səpilən ərazilərin həcmi ilbəil genişlənir. Pambıq istehsalının artırılması hazırda nə qədər vacib olsa da, “ağ qızıl”ın becərildiyi ərazilərin genişlənməsi digər kənd təsərrüfatı məhsullarının əkin sahələrinin azalması ilə müşahidə olunur. Dolların 78 qəpik olduğu dövrlərdə araşdırmalar göstərmişdi ki, pambıq ixracı Azərbaycana qətiyyən sərf etmir. Çünki dünyada pambıq çox ucuz olduğundan, Azərbaycanın rəqabət baxımından heç bir şansı yoxdur. Ekspertlər bildirir ki, pambıq sahələrinin genişlənməsi otlaq və biçənək sahələrinin sıradan çıxmasına, digər kənd təsərrüfatı və ərzaq məhsullarının pambıq istehsalı ilə əvəz olunmasına gətirib çıxara bilər. Bunun da getdikcə istehlak bazarında ərzaq məhsullarının qıtlığının və qiymət artımının yaranmasına səbəb olacağı şübhə doğurmur.

“Altay” Araşdırma Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Elçin Bayramlı “Cümhuriyət” qəzetinə bildirib ki, son illər heyvandarlığın inkişafı müşahidə olunurdu: “Pambıq və digər texniki bitkilərin əkin sahələri genişləndirilən zaman bildirmişdik ki, bu genişlənmə mövcud əkin sahələrinin yerində olmamalıdır. Yəni, pambıq, tütün və digər texniki bitkilərin əkin sahələrinin artırılması heyvandarlıq ərazilərinin hesabına olmamalıdır. Bu, heyvandarlığı adekvat olaraq azaldır. Ümumiyyətlə, Azərbaycanda iri və xırdabuynuzlu heyvanlar normadan artıqdır. Yəni, otlaq və biçənək yerlərinə adekvat deyil. Son illər rayonların pambıq və digər bitkilərin əkinində irəliləyiş əldə etmək üçün harada gəldi bu bitkilərin əkini ilə məşğul olurdular. Heyvandarlıq ərazilərinin azalması ət və süd məhsullarını da azaldır, nəticədə idxaldan asılılıq yaranır. Belə olan vəziyyətdə iqtisadiyyatımız heç nə qazanmır.

Hesab edirəm ki, pambığın və tütünün əkini boş və istifadəsiz torpaqlar yararlı vəziyyətə gətirildikdən sonra aparılmalıdır. Belə ki, əkin mövcud mənbənin yox, ehtiyat mənbələrin hesabına olmalıdır. Mövcud mənbə hesabına artırılan məhsul digər məhsulun azalması ilə nəticələnir. Yəni, ölkə miqyasında ortada ümumi heç nə əldə olunmur, əksinə zərər yaranır. Ona görə də Kənd Təsərrüfatı Nazirliyi bu məsələlərə nəzarət etməlidir”.

Ekspertin sözlərinə görə, nə qədər ki, nəzarət yoxdur tələbat ödənməyəcək, idxaldan asılılıq artacaq, ölkədən valyuta axını sürətlənəcək: “Yerli süd və süd məhsulları təbiiliyinə və keyfiyyətinə görə xaricdən gətirilən məhsullardan seçilir. İldən-ilə pambıq  sahələrinin artırılması barədə məlumatlar verilir. Amma nəyin, hansı fondların və ya mənbələrin hesabına artırılmasına dair məlumatlar verilmir. Tutaq ki, 100 hektar heyvandarlığın sahəsini ləğv edib pambıq əkini üçün istifadəyə verilib. Bəs, buradan qazanılan vəsait ləğv edilən sahənin ziyanını əvəz edirmi? Kənd Təsərrüfatı Nazirliyi bu məsələləri aydınlaşdırmalıdır. Sovet dönəmində şoran torpaqlar yararlı vəziyyətə gətirilirdi. Bunun üçün dövlət büdcəsindən müəyyən vəsait də ayrılırdı. Yaxşı olardı ki, indi də bu işlər görülsün. Amma indi xeyli torpağın yararlı vəziyyətə gətirilməsi barədə hesabat yoxdur.

Mərkəzi aran rayonlarında kilometrlərlə uzanan boş torpaqlar var. Həmin sahələrin əkilib becərilməsi kiçik təsərrüfatların işi deyil. Bunun üçün kəndlinin müvafiq texnikası yoxdur, əraziyə su çəkdirmək imkanları da məhduddur. Ona görə də həmin torpaqlar boş qalır. İri təsərrüfatları əhalidəki yararlı torpaqları alıb birləşdirmək yolu ilə yox, zəhmət çəkib Dövlət torpaq fondunun istifadə olunmayan boş əraziləri hesabına yaratsınlar. Hazır torpağın təyinatını dəyişdirəndə heç nə qazanılmır, əksinə digər tərəfdən ziyana düşülür. İnanmıram ki, Kənd Təsərrüfatı Nazirliyində bunları başa düşən olmasın. Bu nazirliyinin elmi institutları, təcrübəli mütəxəssisləri, kadrları haradadırlar? Nazirlik son illərdə hansı torpaq fondlarının yararlı vəziyyətə gətirilməsinə dair açıqlama verməlidir”.

Yeganə Oqtayqızı

Cebhe.info

Tarix: 5-10-2018, 22:28
Xəbəri paylaş





Xəbər lenti