Büdcə siyasəti dəyişir


Büdcə siyasəti dəyişir

Azərbaycan dövlət xərclərində Prosiklik maliyyə siyasətindən Kontrsiklik siyasətə keçməyi nəzərdə tutur. Bu barədə “İqtisadi İslahatlar İcmalı”nın növbəti sayında bildirilir. İcmalda qeyd edilir ki, ənənəvi olaraq həyata keçirilən siyasət (Prosiklik maliyyə siyasəti) dövlət xərclərinin istehsalın artımına sərf edilməsi ilə xarakterizə olunur: "Bu siyasət iqtisadi inkişafın cari fazasına uyğun aparılır və inkişafın tsiklik olduğu nəzərə alınmır. Bu isə neft qiymətlərinin azalması nəticəsində iqtisadi tənəzzülün baş vermə riskini yaradır. Bundan əlavə, özəl sektor sıxışdırıcı effektlə qarşılaşır. 

Bu səbəbdən prosiklik siyasət qeyri-neft sektorunun inkişafı və investisiyaların artmasında özəl sektorun payının çoxalması, neft gəlirlərindən asılılığın azaldılması üçün ehtiyac olan münbit şəraitin yaradılmasına dair Azərbaycan iqtisadiyyatının hazırkı konyukturunun tələblərinə cavab vermir". İcmalda qeyd edilir ki, kontrsiklik maliyyə siyasəti daha məqsədəuyğundur: “İqtisadiyyatın tsiklik olduğunu nəzərə alan bu siyasət isə neft gəlirlərinin daha səmərəli istifadəsini və iqtisadi inkişafın enmə mərhələsi yaşandığı zaman ehtiyac olan miqdarda büdcəyə köçürülməsini nəzərdə tutur. Prosiklik siyasətin tam əksinə dövlət xərclərinin azaldılması vasitəsilə investisiyalar və özəl sektorun inkişafı üçün uyğun mühitin formalaşmasına səbəb olur. Bu da öz növbəsində qeyri-neft sektorunun inkişafı, büdcənin gəlirlərinin qeyri-neft payının artması ilə neftdən asılılığın azalması anlamına gələrək iqtisadi sabitliyi təmin edir. Eyni zamanda kontrsiklik siyasətin yürüdülməsi nəticəsində dövlət investisiya xərclərinin səmərəliliyi artırılır”. 

İcmalı “Cümhuriyət” şərh edən iqtisadçı-ekspert Cəfər İbrahimli bildirib ki, son 10 il ərzində neft gəlirlərinin bir hissəsi dövlət büdcəsinə transfert olunub:

“Büdcəyə transfert olunan vəsaitin və Neft Fondu vəsaitlərinin bir hissəsi infrastrukturun yeniləşdirilməsinə, bir hissəsi özəl sektora maliyyə dəstəyinin verilməsinə, digər bir hissəsi isə birbaşa dövlət icra orqanlarının tabeliyində olan dövlət şirkətləri tərəfindən yeni istehsal müəssisələrinin yaradılmasına xərclənirdi. Bazar iqtisadiyyatına tam keçidin təmin olunması, həmçinin yerli istehsalın artırılması və iqtisadi böyümənin davamlılığının təmini üçün özel sektora maliyyə dəstəyi və bu sektorun imkanlarını aşan çərçivədəki bəzi layihələrin birbaşa maliyyələşdirilməsinin icra stukturlarının tabeliyində olan şirkətlər tərəfindən reallaşdırılması məcburi xarakter daşıyırdı. Artıq vəziyyət dəyişir. Müasir iqtisadi idarəetmə sistemində dövlətin əsas funksiyası tənzimləyici qismində çıxış edərək. Bərabər rəqabət və biznes mütini yaradaraq iqtisadi inkişaf və böyüməni təmin edir və birbaşa istehsal və biznes fəaliyyətində iştirak etmir”. 

Analitikin sözlərinə görə, qəbul olunan strateji yol xəritələri iqtisadiyyatın sürətli inkişafı, qeyri-neft sektorunun dirçəlməsi baxımından əhəmiyyətlidir:

“Belə ki, Neft Fondundan dövlət büdcəsinə transfertlərin həcminin minimuma endirilməsi və strateji valyuta ehtiyatlarının ancaq iqtisadiyyatda müşahidə olunan mənfi tendensiyaları ortadan qaldırılması üçün istifadə olunmağı nəzərdə tutulur. Açıqlanan fiskal islahatlar icmalında, dövlətin birbaşa istehsal sahələrinə investisiya xərclərinin azaldılması istiqamətində aparılan siyasətin ölkə özəl sektorun inkişafına dəstək olacağı vurğulanır”. 

Yeganə Oqtayqızı
Cebhe.info

Tarix: 6-10-2018, 21:04
Xəbəri paylaş





Xəbər lenti