İqtisadiyyat “kölgə”dən çıxır: Kim qazanacaq?


İqtisadiyyat “kölgə”dən çıxır: Kim qazanacaq?

Azərbaycanda vergilərin yüksək olması kölgə  iqtisadiyyatını şərtləndirən əsas amillərdən biri hesab olunur.

Kölgə iqtisadiyyatı dedikdə, mal və xidmətlərin ticarətinin, istehsalının məqsədli şəkildə dövlət orqanlarından yayındırılması nəzərdə tutulur. Bu, iqtisadiyyatın cəmiyyət və dövlətdən gizlədilən hissəsi olub, dövlət nəzarətindən və uçotundan kənarda qalır. Kölgə iqtisadiyyatı, həmçinin qeyri-leqal, kriminal və qanunla qadağan edilən iqtisadi sahələri də əhatə edir, lakin onlarla məhdudlanmır. 

Kölgə iqtisadiyyatı - inkişaf etməkdə olan ölkələrin vətəndaşlarının qanundan və ictimai qaydalardan kənar qurduqları qarşılıqlı iqtisadi münasibətlərdir. Bu sahibkarlıq fəaliyyətinin gəlirləri vergiyə cəlb olunmur, vergidən yayınır. Mahiyyət etibarı ilə gəlirləri dövlət orqanlarından gizlədilən istənilən fəaliyyət növü və ya vergi ödənişlərindən yayınmaq kölgə iqtisadiyyatı fəaliyyəti hesab olunur. Beynəlxalq təşkilatlar tərəfindən açıqlanmış hesabatlarda Azərbaycan ən böyük “kölgə iqtisadiyyatı”na malik ölkə kimi ön sıralarda durur. 2017-ci ildə aparılan araşdırmalara görə, Azərbaycanda “kölgə iqtisadiyyatı” ÜDM-in 66.12 faizini təşkil edir. 2016-cı ildə Azərbaycan üzrə bu göstərici ÜDM-in 66 faizini təşkil edib, yaxud 60 milyard manata yaxın olub.

Qeyd edək ki, Azərbaycanda "kölgə iqtisadiyyatı"nın mövcudluğunu hökumət rəsmiləri də təsdiqləyir. Təbii ki, bu göstərici yarıbayarı azaldılmış həcmdə doğrulanır. 2017-ci ildə Dövlət Statsitika Komitəsi tərəfindən aparılmış hesablamalara görə, Azərbaycanda "kölgə iqtisadiyyatı"nın ümumi daxili məhsula nisbəti 2,4 faiz təşkil edib. Lakin həmin il Dünya Bankının hesabatlarında isə Azərbaycanda “kölgə iqtisadiyyatı”nın həcminin 60 faizdən çox olduğu göstərilir.

Ekspertlər hesab edir ki, “kölgə iqtisadiyyatı”nın həcminin azaldılması istiqamətində nağd ödəmələr məhdudlaşdırılmalıdır. Həmçinin vergi uçotundan yayınmalara qarşı mübarizə tədbirləri görülməlidir. Eyni zamanda, real sektorda şəffaflığın artırılmasına nail olmaq lazımdır. Təbii ki, bunlar nəzəri məsələlərdir.

Maraqlıdır, bəs, real vəziyyətdə kölgə iqtisadiyyatını şəffaflaşdırmağın yolu nədir?

İqtisadçı-ekspert Akif Nəsirli “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, ilk növbədə ölkədə qanunun aliliyi məsələsi təmin edilməlidir: “Ölkədə “qanun hamı üçün şahdır” prinsipi oturuşmalıdır. Bu, şəffaflığın, qanun-qaydanın möhkəmlənməsi üçün bir bazadır. Bundan sonra vergiləri müəyyən edən qurum monitorinqlər keçirməli, mütəmadi olaraq sahibkarların gəlirlərini ölçməlidir. Onların mənfəət normasının qorunması prinsipi əsas götürülməlidir. Yəni, tək bir tendensiyanı əsas götürüb, vergini, sosial ödəmələri, aksis markaları və.s. artırmaq düzgün deyil. Məsələyə kompleks yanaşılmalı, sahibkarın mənfəət norması mütləq nəzərə alınmalıdır. Azərbaycanda elə sahələr var ki, sahibkar orda hər şeyi qanuni etsə, ona mənfəət qalmır. Sahibkar mənfəət götürmədiyi bir işlə necə məşğul olmalıdır? Ona görə də vergilər və sosial ödənişlər elə azaldılmalıdır ki, sahibkar qanuni ödənişlər edəndən sonra ona mənfəət qalsın.

Başqa sözlə, sahibkarın qiymətlərlə manevr etmək imkanı olmalıdır. Sahibkar həmin qiymət dəhlizində hərəkət edərkən həm rəqibi ilə mübarizə aparmalıdır, həm də özünə mənfəət qazanmalıdır. Sahibkarın çalışdığı sektorda məşğul olması üçün onda maraq olmalıdır”.

Ekspert hesab edir ki, ölkə qanunvericiliyində yumşalma aparılmalıdır: “Həm vergi, həm sosial ödənişlər azaldılmalıdır, digər tərəfdən, vətəndaş cəmiyyəti təminatı olmalıdır. İnzibati metodlarla əhalinin vergiyə cəlb edilməsi düzgün deyil. Vergi büdcənin formalaşdırılması üçün yığılır. Büdcəni də səmərəli xərcləmək lazımdır ki, vətəndaş o büdcəni özününkü bilsin və o vergini həvəslə ödəsin. Vətəndaşın beyninə həkk olunmalıdır ki, ödədiyi vergi çölə atılmış bir vəsait deyil. Vergi xalqa xidmətdir və vətəndaşa xidmət edəcək büdcənin imkanları genişləndirilməlidir. Vergidən yığılan pullar vətəndaş və ölkə üçün səmərəli xərclənməlidir. Bu səmərəli xərclənmə də, aydın şəkildə vətəndaşın nəzərinə çatdırmalıdırlar. Bu, vergi bumeranqıdır. Sistemi bu cür formalaşdırdıqda, hətta vergi çox olsa belə, vətəndaş onu çox həvəslə ödəyər. Çünki vətəndaş bilir ki, sabah təqaüdə çıxanda, xəstələnəndə və ya hər hansı bir problemi yarananda dövlət onun arxasındadır. Belə dövlətə, hökumətə vətəndaş nəyə görə dəstək olmasın?!”(Cebhe.info)


Tarix: 16-10-2018, 20:07
Xəbəri paylaş





Xəbər lenti