Ölkədən “yağ kimi” gedən 51 milyon dollar...


Ölkədən “yağ kimi” gedən 51 milyon dollar...

Bu ilin 9 ayı ərzində Azərbaycana yağ idxalının həcmi 19.6 faiz azalsa da, buna görə 4,2 dəfə artıq vəsait xərclənib.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, müvafiq dövrdə Azərbaycana 51 milyon 123 min dollar dəyərində 8 709 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib. Komitənin məlumatına görə, 2017-ci ilin 9 ayında Azərbaycana 49 milyon 64 min dollar dəyərində 10 838 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib. 

Ölkəmiz bir çox sahələrdə olduğu kimi, yeyinti məhsullarında da idxaldan asılı vəziyyətdədir. Qeyd edək ki, müvafiq dövr ərzində yeyinti məhsullarının gətirilməsi üçün 976 milyon 290 min dollar vəsait xərclənib. Göründüyü kimi, idxal kərə yağına xərclənən vəsaitin həcmi də kiçik deyil. Bəs, bu sahədə istehsalın həcmi hansı səviyyədədir? Yağ istehlakının həcminin neçə faizi istehsal sayəsində ödənilir. İdxaldan asılılığın aradan qaldırılması üçün potensial varmı?  

“Ərzaq məhsullarının tədarükü və təhcizatı” ASC-nin rəsmisi, ekspert Nicat Nəsirli “Cumhuriyət” qəzetinə verdiyi açıqlamasında   bildirib ki, aparılan araşdırmalar göstərir ki, ötən il Azərbaycanda 2 milyon 24 min ton süd istehsal olunub. Bunun 1 milyon 985 min tonu inək və camış südü, 39 min tonu isə qoyun-keçi südüdür. Ölkə əhalisinin süd və süd məhsulları üzrə özünütəminetmə səviyyəsi 86,1 %-dir. Bu istiqamətdə idxaldan asılılıq 13,9 faiz təşkil edir.   

Ekspert deyir ki, heyvan mənşəli kərə yağının ayrıca statistikası aparılmadığına görə, əldə olan məlumatlar yalnız bundan ibarətdir ki, kərə yağı və marqarin üzrə yerli istehsal hesabına özünütəminetmə səviyyəsi 71 % təşkil edir. İl ərzində süd və süd məhsullarının idxalı 13 min 811 ton olub ki, bunun da dəyəri 66 milyon 900 min dollar edib: “Göründüyü kimi, bu məhsullar üzrə xarici ölkələrə axan valyuta həcmi böyükdür. Ölkədə bu sahənin inkişaf edilməsinə ehtiyac var, lakin bu uzunmüddətli bir prosesdir.  Bunun üçün ölkədə mövcud olan heyvanların cins tərkibinin dəyişdirilməsi sürətləndirilməlidir. Bildiyiniz kimi, artıq torpaqlar bölünüb və örüş yerləri ilbəil azalır. İqlimdə baş verən katakilizmlərlə əlaqədar olaraq ot örtüyünün də dəyişilməsi prosesi gedir. Ölkəmizdə fərdi təsərrüfatlarda məhsuldarlıq ilbəil aşağı düşür. Bu ilk növbədə yem faktoru ilə bağlıdır. Hökmən soya, qarğıdalı əkilməli, onlar emal olunmalı və heyvanlara verilməlidir. Bunu fərdi təsərrüfatlarda həyata keçirmək mümkün deyil. Yalnız böyük fermalarda sənaye üsulu ilə istehsala keçilməlidir. Sevindirici haldır ki, son illər Azərbaycanda bu istiqamət üzrə inkişaf gedir. 13 aqropark istifadəyə verilib ki, onların çoxu heyvandarlıq istiqamətlidir. Bu cür təcrübələr geniş tətbiq olunmalıdır. Amma fərdi təsərrüfatları da unutmaq olmaz. Çünki, statistikaya baxsaq, 826 mindən çox ailə öz təsərrüfatla məşğuldur”.

Ekspert deyir ki, fərdi təsərrüfatlarda da yem mədəniyyəti təbliğ olunmalı, cins tərkibinin yaxşılaşdırılması istiqamətində də işlər görülməlidir: “Hətta qonşu ölkələrdə də iribuynuzlu heyvanlar qapalı şəraitdə yemlənmə sisteminə keçiblər. Artıq örüş sahələrində ot yoxdur. Otarmaqla məhsuldarlıq əldə etmək olmur”.  

Nicat Nəsirlinin sözlərinə görə, Azərbaycanda 8 milyona yaxın xırdabuynuzlu, 2 milyondan çox iribuynuzlu heyvan var. Bu göstərici ölkənin tələbatını təmin etməyə imkan verir: “Amma hər heyvanbaşına aldığımız süd və süd məhsullarının göstəricisi aşağıdır”. 

Ekspert deyir ki, Kənd Təsərrüfatı Nazirliyi yaxın vaxtlarda heyvandarlıq üzrə yeni proqram qəbul edəcək: “Bu proqramın əsas istiqamətləri intensiv fermaların qurulması və emal sənayesinin stimullaşdırılması üçün addımların atılması, intensiv yem istehsalının təşkili, damazlıq potensialının gücləndirilməsi kimi istiqamətlər olmalıdır. Yem istehsalı bütövlükdə subsidiya proqramına cəlb olunmalıdır. Eyni zamanda, yemçilik üzrə elmi-tətqiqat işləri dərinləşdirilməli, yeni növ bitkilər əkinlərə tətbiq olunaraq təsərrüfatlarda qüvvəli, sulu-şirəli yem vahidlərinin artırılmasına yönəldilməlidir”.

Nicat Nəsirli hesab edir ki, xüsusən, Dövlət Baytarlıq Xidməti ölkədə epizodik vəziyyətin sağlamlaşdırılması ilə bağlı işlər aparmalıdır: “Onlar hər bir fermerin tövləsinə girməlidirlər. Hesablamar göstərir ki, hər il xırda təsərrüfatlarda məhsuldarlığa 30-40 faiz təsir edən amillərdən biri iribuynuzlu heyvanlar arasında infeksion xəstəliklərin yayılmasına qarşı effektiv mübarizənin aparılmamasıdır. Bölgələrdə apardığım araşdırmalar onu deməyə əsas verir ki, ciddi baytar çatışmazlığı  var. Baytarlar adətən Dövlət Baytarlıq Xidmətinin tərkibində fəaliyyət göstərir. Bu gün baytarlıq sistemi hər bir fermer üçün əlçatan deyil. Özəl baytarlıq sistemi tətbiq olunmalıdır”. (Cebhe.info)


Tarix: 19-10-2018, 00:00
Xəbəri paylaş





Xəbər lenti