Büdcə vəsaitləri ilə bağlı narahatlıq artır; Ekspertlər vəsaitlərin korrupsiyaya uğrayacağını iddia edirlər


Büdcə vəsaitləri ilə bağlı narahatlıq artır; Ekspertlər vəsaitlərin korrupsiyaya uğrayacağını iddia edirlər

Bu ilin ötən dövrü ərzində büdcə vəsaitlərinin təsnifatı bəlli olub. Belə ki, 2018-ci ilin doqquz ayında dövlət büdcəsinin mədaxili 16089,7 mln. manat, xərcləri 15666,0 mln. manat olub, 423,7 mln. manat məbləğində büdcə artıqlığı (profisit) yaranıb. Maliyyə Nazirliyindən verilən məlumata görə, 2018-ci ilin doqquz ayında dövlət büdcəsinin mədaxili 15887,5 mln. manat proqnoza qarşı 16089,7 mln. manat və ya 1,3 faiz çox icra olunub ki, bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 4044,6 mln. manat və ya 33,6 faiz çoxdur.

Vergilər Nazirliyi tərəfindən mədaxil proqnozu 100,1 faiz icra edilməklə dövlət büdcəsinə 5305,7 mln. manat vəsait təmin edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 80,9 manat və ya 1,5 faiz çoxdur. Həmin vəsaitin 65,8 faizi və ya 3491,2 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür. 2018-ci ilin doqquz ayında Dövlət Gömrük Komitəsi proqnoza 108,3 faiz əməl edərək dövlət büdcəsinə 2600,4 mln. manat vəsait təmin edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 648,8 mln. manat və ya 33,2 faiz çoxdur.

Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 321,5 mln. manatdır ki, bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 74,8 mln. manat və 30,3 faiz çoxdur. Sair daxilolmalar üzrə büdcəyə 74,1 mln. manat vəsait daxil olub.

Dövlət Neft Fondundan dövlət büdcəsinə 7788,0 mln. manat vəsait transfert edilib. 2018-ci ilin iyul-sentyabr ayları üzrə dövlət büdcəsinin mədaxili üzrə 6274,4 mln. manat vəsait daxil olub.

2018-ci ilin doqquz ayında dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 98,0 faiz və ya 15666,0 mln. manat icra olunub ki, bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 2882,3 mln. manat və ya 22,5 faiz çoxdur. İqtisadi təsnifata uyğun olaraq cari ilin doqquz ayında dövlət büdcəsi xərclərinin 34,5 faizi və ya 5410,1 mln. manatı sosialyönlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 545,1 mln. manat və ya 11,2 faiz çoxdur. 2018-ci ilin altı ayında dövlət büdcəsi xərclərinin 7708,8 mln. manatı və ya 49,2 faizi cari xərclərə, 6235,4 mln. manatı və ya 39,8 faizi əsaslı xərclərə, 1721,8 mln. manatı və ya 11,0 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.

Cari ilin doqquz ayında dövlət əsaslı vəsait qoyuluşu xərclərindən elm, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 686,2 mln. manat, enerji, su təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidənqurulmasına və digər sahələrə 2799,5 mln. manat, o cümlədən Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsinə dövlət büdcəsinin dövlət əsaslı qoyuluşu xərclərindən 80,0 mln. manat vəsait yönəldilib.

Cari ilin iyul-sentyabr ayları üzrə dövlət büdcəsinin xərcləri 6141,7 mln. manat icra olunub.

Cari ilin doqquz ayında icmal büdcənin gəlirləri 23859,6 mln. manat, icmal büdcənin xərcləri isə 17979,9 mln. manat icra olunub. İcmal büdcənin artıqlığı 5879,7 mln. manat təşkil edib.

Büdcə vəsaitləri ilə bağlı narahatlıq artır; Ekspertlər vəsaitlərin korrupsiyaya uğrayacağını iddia edirlər

Bu barədə fikirlərini “Reytinq”lə bölüşən Natiq Cəfərli deyib ki, Maliyyə Nazirliyinin açıqladığı rəqəmlər müstəqil ekspertlərin illərdir bəyan elədiklərinin əyani sübutudur. Onun sözlərinə görə, nazirliyin açıqladığı sənəd büdcəmizin neftdən asılı olduğunu bir daha göstərir: 

“Bu ilin may-iyun aylarında büdcəyə növbəti dəfə dəyişiklik olundu. Artıq pis ənənə halını alıb ki, bu da hökumətin zəif tərəfidir. Çünki öncədən hesablamaları doğru aparsalar, ilin ortasında büdcəyə dəyişiklik etmək məcburiyyətində qalmazlar. Bir tərəfdən, Azərbaycannın makro-iqtisadi göstəricilər, o cümlədən büdcənin gəlir və xərc hissələrinin tək bir faktordan - neftdən asılı olduğu obyektiv şəkildə sübut olunur.

May ayında başlanan müzakirələr iyunda tamamlandı və büdcəyə dəyişiklik edildi. Təxminən 3,5 milyardlıq vəsaitlə həm gəlir, həm də xərc hissələri artırıldı. Ötən illə müqayisədə eyni dövrdə büdcə xərcləmələri 30 faiz artıb. Bu da ciddi artımdır. Bunun da yeganə səbəbi yenə də neft qiymətləridir. Çünki neftin qiymətinin yüksəlməsi ölkənin gəlirlərini artırdı, bu da büdcəyə yenidən baxmağa və xərclərin artırılmasına imkan yaratdı. Keçən ildən yarımçıq qalmış təmir-tikinti işləri yenidən başlanıldı. Yenə də pulların daşa-divara ayrılmasının şahidi olduq. Təəssüf ki, istehsal sahələrinin yaradılmasını, əlavə gəlir gətirən obyektlərin tikintisinə başlanılmasını müşahidə etmirik. Əslində, bu da müvəqqəti effekt verir, mövsümi iş yerlərinin açılmasına şərait yaradır və dayanıqlı inkişaf olmur”.

N. Cəfərli vurğulayıb ki, builki büdcədə korrupsiya yönümlü layihələrə daha çox vəsait ayrılıb. Onun sözlərinə görə, bu prinsip əvvəlki illərin büdcəsində də əsas tutulurdu ki, bu dəfə də həmin ənənəyə sadiq qalıblar: “Dünyanın hər bir yerində təmir-tikinti layihələrində korrupsiya sistemi ilə vəsait oğurlamaq çox asandır. Uzun illərdir ki, bizdə belə layihələrin icra olunması səbəbindən bizim məmurlar bu məsələdə çox “peşəkarlaşıblar”. Təmir-tikintiyə ayrılan vəsaitlərin korrupsiyaya qurban getməsi artıq heç kimdə şübhə doğurmur. Artıq ictimai rəydə də belə bir fikir oturuşub. Bunun fəlsəfi-siyasi izahı ondan ibarətdir ki, Azərbaycanda aşağıdan yuxarıya sistemdaxili loyallıq ideoloji deyil. Loyallığın təmin olunmasının yeganə yolu iqtisadi maraqların təminatından keçir. Çox təəssüf ki, bu da oturuşmuş bir sistemə çevrilib. Yəni, ideoloji asılılıq korrupsiya sistemi ilə əvəzlənib. Son zamanlar belə layihələrin artmasını aşağıdan yuxarıya məmur sinfinin loyallığının təmin edilməsi kimi qiymətləndirmək lazımdır”.

Onu da qeyd edək ki, 2019-cu ilin dövlət büdcəsinin gəlirləri və xərcləri məlum olub. Belə ki, 2019-cu ilin dövlət büdcəsinin gəlirləri 22 milyard 917 milyon 500 min manat, xərcləri isə 24 milyard 780 milyon manat proqnozlaşdırılıb. Bu barədə "2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsində bildirilib.

Büdcə zərfinə daxil olan "2019-cu il dövlət büdcəsi haqqında”, " 2019-cu il üçün yaşayış minimumu haqqında”, "2019-cu il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihələri Milli Məclisin noyabrın 13-ü, 14-ü, 15-i, 23-ü və 30-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq. Xatırladaq ki, 2018-ci il dövlət büdcəsinin gəlirləri ilkin olaraq 20 milyard 127 milyon manat, xərcləri 21 milyard 47 milyon manat məbləğində təsdiqlənmişdi.

Əhalini ən çox maraqlandıran Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2019-cu il üzrə büdcəsi üçün nəzərdə tutulan vəsaitin həcmi də məlum olub. Gəlir və xərcləri əks etdirən rəqəmlər "Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihəsində qeyd edilib. Sənəddə yazılır ki, Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üzrə büdcə gəliri və xərcləri üçün 3 milyard 928 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.

Xatırladaq ki, DSMF-nun 2018-ci il büdcəsinin gəlir və xərcləri 3 mlrd. 578,76 mln. manat məbləğində təsdiq edilib. Dövlət Sosial Müdafiə Fonduna ayrılan vəsait əsasən əhaliyə pensiya, müavinət və təqaüdlərin ödənilməsinə xərclənir.

Gələn ilin büdcəsi ilə bağlı fikirlərini “Reytinq”lə bölüşən müsahibimiz qeyd edib ki, yeni yanaşmanın olacağı gözlənilmir. Onun sözlərinə görə, bəlli olan odur ki, gələn ilin büdcəsi yenidən artırılacaq: “Bu da onu deməyə əsas verir ki, gələn ili bizim büdcə böyüməsi təmir-tikinti layihələrinin artması ilə nəticələnəcək. Bu, büdcə infrastruktur layihələrinin həcminin artırılması ilə müvəqqəti də olsa, iş yerləri yaratmaq və bununla da sosal gərginliyin qarşısını almağa hesablanıb. Çox güman ki, neftin ortalama qiyməti 55 dollar götürüləcək. 60 dollar da təklif olunur, amma düşünürəm ki, ən optimal rəqəm kimi 55 dollar götürəcəklər.

N. Cəfərli qeyd edib ki, 55 dollardan götürsələr belə, 2019-cu ilin büdcəsi builkindən 4 milyard çox olacaq: “Amma artan büdcənin böyük hissəsi sosial xərcləmələrə, insanların rifah halının yaxşılaşmasına deyil, infrastruktur layihələrinə xərclənəcək”.

Büdcə vəsaitləri ilə bağlı narahatlıq artır; Ekspertlər vəsaitlərin korrupsiyaya uğrayacağını iddia edirlər

2019-cu ilin dövlət büdcəsi layihəsində neftin 1 barelinin qiymətinin 60 dollardan götürülməsi nəzərdə tutulsa da, bəzi ekspertlər neft qiymətlərinin kəskin düşə biləcəyini də proqnozlaşdırırlar. Bu halda 2019-cu il büdcəsi üçün neft qiymətlərinin 60 dollardan götürülməsi riskli ola bilərmi? Məsələ ilə bağlı Modern.az-a açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, neftin 1 barelinin 60 dollardan götürülməsi qənaətbəxşdir: “Hesab edirəm ki, bu rəqəm riskli deyil. Çünki noyabrdan Amerika tərəfindən müəyyən sanksiyalar qüvvəyə minəcək. Neftin qiyməti nə qədər ucuzlaşsa da, 60-65 dollar ətrafında dəyişəcək. Mən düşünmürəm ki, neftin qiyməti bundan da aşağı düşsün. Çünki getdikcə neftə olan tələbat artır. Bəzi dövlətlərdə sanksiyalar, müharibələr gedir və hansılar ki, neft ixrac edir, onlarda müəyyən problemlər yaranacaq. Ona görə də neftin qiymətinin 60 dollardan götürülməsi doğru addımdır”.

Deputat qeyd edib ki, bu il üçün neftdən büdcəyə daxil olan əlavə gəlirlər kifayət qədər olacaq: “2018-ci il neftin 1 barelinin qiyməti 45 dollardan götürülmüşdü. İlin sonunda əlavə gəlirlə bağlı rəqəm bəlli olacaq. Toplanan vəsait də Dövlət Neft Fondunun ehtiyat fonunda transfer olunacaq ki, bu da lazımi məqamlarda istifadə ediləcək. Mənim fikrimcə, neftin qiyməti bu ilin sonunadək 80 dollardan aşağı olmayacaq”.

Qeyd edək ki, 2018-ci ilin dövlət büdcəsində neftin 1 barelinin qiyməti əvvəlcə 45 dollar səviyyəsində müəyyənləşdirilmişdi. Sonradan büdcəyə yenidən baxılanda neftin 1 barelinin qiyməti 55 dollara qaldırıldı. Növbəti ilin büdcəsində də 55-60 dollar arasında götürüləcəyi gözlənilir.

Reyting.az
Tarix: 21-10-2018, 15:39
Xəbəri paylaş





Xəbər lenti