Neft bazarı üçün son 1 həftə: TƏHLÜKƏ, YOXSA İMKAN?


Neft bazarı üçün son 1 həftə: TƏHLÜKƏ, YOXSA İMKAN?

ABŞ noyabrın 4-dən etibarən İranın milli neft-qaz şirkətlərinə beynəlxalq məhdudiyyətlər qoyacaq, neft və qaz satışına da sanksiyalar tətbiq edəcək. İran sanksiyalardan yaxa qurtarmaq üçün öz neftinə yenimüştərilər axtarışındadır. İran Milli Neft Şirkətinin məlumatına görə, təxminən 158 milyard barel xam neft ehtiyatı ilə Neft İxrac Edən Ölkələr Təşkilatında (OPEC) Venesuela və Səudiyyə Ərəbistanından sonra üçüncü sırada olan İran, dünyada Kanadadan sonra ən böyük dördüncü neft rezervlərinə sahib ölkə mövqeyinədir. Zəngin neft yataqları olan İranın neft ixracatı ABŞ-ın mayın 8-də nüvə müqaviləsindən birtərəfli çıxamasından sonra mərhələli şəkildə tədricən azalıb.

Sanksiyaların ikinci mərhələsində İranın gündəlik neft ixracatının 500 minlə 1 milyon bareldən daha çox düşməsi proqnozlaşdırılır. Bu da təxminən 60 milyard dollar olan İranın illik neft gəlirlərinin təxminən 27 milyard dollar azalması anlamına gəlir. ABŞ rəsmiləri noyabrın 5-dən qüvvəyə minəcək İranın neft sektorunu hədəfləyəcək sanksiyalarla ölkənin neft ixracını “sıfır”a endirmək istədiklərini açıq bəyan ediblər. Birləşmiş Ştatlar dünya ölkələrinə təzyiq göstərir, İrandan neft alışını dayandırmalarını istəyir.

Qeyd edək ki, Rusiyanın dövlət nəzarətində olan Rosneft şirkətinin rəhbəri xəbərdarlıq edib ki, ABŞ-ın İran və Venesuelaya sanksiyaları “neft bazarında böyük balans defisiti” yaradacaq. İgor Sechin oktyabrın 25-də sanksiyalar nəticəsində neftin qiymətlərinin artacağını, qlobal neft hasilatında azalma yaşanacağını proqnozlaşdırıb. İtaliyada Avrasiya İqtisadi Forumunda çıxış edən Sechin deyib ki, sanksiyalar nəticəsində neftin bahalanması o deməkdir ki, “bunun əvəzini ABŞ və Avropa istehlakçıları ödəməli olacaqlar”.

İqtisadçı-ekspert Pərviz Heydərov “Cümhuriyət” qəzetinə bildirib ki, sanksiyalar qüvvəyə minməmişdən öncə bazar buna öz reaksiyasını göstərib: 

“Qiymətlərin hazırkı səviyyəsi iqtisadi amillərdən daha çox, siyasi proseslərə söykənir. Bunların da içində başda ABŞ olmaqla Qərb ölkələrinin İrana qarşı müvafiq sanksiyalarının yenidən bərpa olunması dayanır. Doğrudur, hələlik bu sanksiyaların necə yerinə yetiriləcəyi barədə dəqiq məlumat yoxdur. Yaxınlarda Avropa Birliyi rəhbərliyi bəyan etdi ki, ABŞ-ın sanksiyalarından sonra da İranla əməkdaşlığı saxlayacaqlar. Yəni, görünən odur ki, bu sanksiyaların əleyhinə olaraq Avropa Birliyi rəsmi Tehranla əməkdaşlığı davam etdirəcək. Bundan başqa, Çinin iki neft şirkəti də ABŞ-ın sanksiyalarını pozmaqdan çəkinərək, İran neftini almaqdan imtina etdiklərini açıqlayıblar. İstənilən halda kimin hansı mövqe tutacağından asılı olmayaraq ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaların qüvvəyə minməsilə dünya neft bazarında qiymətlərin şişəcəyi qaçılmazdır. Artıq bu, özünü çoxdan büruzə verib. Böyük ehtimalla sanksiyaların tətbiqindən sonra neftin qiyməti 10-15 dollar səviyyəsinə qədər arta bilər”.

Ekspert qeyd edib ki, İranda hasilat həcmləri ətraf ölkələrin səviyyəsində deyil: 

“Sanksiyaların götürülməsindən sonra İranın əsas “sevinci” ondan ibarət idi ki, ölkəyə neft satışından investisiyalar daxil olacaq və bu yeni texnologiyaların alınmasına, eləcə də hasilatın artmasına şərait yaradacaq. Aydın məsələdir ki, yeni texnologiyalar tətbiq edilmədikdə neft hasilatını artırmaq mümkün deyil. Bu isə Qərb ölkələrilə əməkdaşlığın olmasını tələb edir. İranın da Qərb ölkələri ilə olan münasibətləri ortadadır. Bu isə gələcəkdə İranda  neft sənayesinin inkişafına imkan vermir”.

İranda istehsal olunan neftin hansı yollarla satılmasına gəlincə, Pərviz Heydərov deyib ki, bu, rəsmi Tehran üçün böyük problem deyil:

“İran öz neft ehtiyatlarını bu və ya digər şəkildə bazara çıxarda biləcək. Amma bunun üçün İran özünə yeni müştərilər tapmalıdır və bu əməliyyatı operativ şəkildə həyata keçirtməlidir. Müvafiq tələblərlə rastlaşmaq İranın imkanlarını olduqca məhdudlaşdırır. Ümumiyyətlə, sanksiyalar İran üçün öz mənfi sözünü deyib və deyəcək. İranın hazırkı iqtisadi vəziyyətinə və inflyasiya səviyyəsinə nəzər salsaq, baş verən proseslər olduqca acınacaqlı bir mənzərə yaradır. Əgər həmin sanksiyalar qüvvəyə mindikdən sonra proses uzun davam edərsə, o zaman İran iqtisadiyyatını çox ciddi böhranlı vəziyyətinə şahid olacağıq”.(Cebhe.info)


Tarix: 28-10-2018, 21:40
Xəbəri paylaş





Xəbər lenti